AZ

Dərsdən əlavə məşğələlər uşaqların psixologiyasına necə təsir edir?

Son illərdə valideynlər uşaqlarını musiqi, idman, rəsm və müxtəlif dərnəklərə eyni vaxtda yönəltməyə üstünlük verirlər.

Lakin çoxsaylı öhdəliklər uşaqların üzərinə ağır yük qoyur və onlar uşaqlıq dövrünü tam yaşaya bilmir. Bu isə onların psixoloji inkişafına mənfi təsir göstərə bilir.

Bəs bu cür çoxsaylı fəaliyyətlər uşaqların psixoloji inkişafına necə təsir edir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən psixoloq Fəridə Müsəvi bildirib ki, valideynlər uşaqların marağı olduğu sahəyə yönəlməsinə dəstək olmalıdır:

“Valideynlər çalışmalıdır ki, uşaqlara müdaxilə etməsinlər və istiqaməti israrlı şəkildə təyin etməsinlər. Uşaqlıqdan onun nəyə meyilli olduğunu sadəcə seyr etmək lazımdır və onun istəyinə uyğun şəkildə onu istiqamətləndirmək lazımdır. 

Yəni uşağa kömək olmaq lazımdır. Valideynin vəzifəsi uşağı əlindən tutub, hara getmək istədiyi yolda ona dəstək olmaqdır. Əlbəttə ki, bu gün qonşunun uşağı idmana gedir, mən də ora qoyum, mənim uşağım universal olsun deyə bir şey yoxdur.

Ümumiyyətlə, universal insan yoxdur, heç vaxt da olmayacaq. Bir insan istədiyi sahədə təkmilləşib mütəxəssis olmalıdır. Əlavə sahələr haqqında anlayışı olmalıdır, amma bu onun əlavə hobbiləri olmalıdır. Bu hobbiləri isə uşaq müəyyən yaşdan sonra özü seçir”.

Onun sözlərinə görə, uşaqlar çox yükləndiyi zaman heç nəyə nail olmayan şəxslər kimi yetişirlər:

“Amma məktəbli uşaqların həm idmana, həm musiqiyə, həm də digər məşğuliyyətlərə yönləndirilməsi onları tükənmişlik sindromuna sürükləyir. Artıq o, hər şeydən bezəcək, nə oxumaq istəyəcək, nə də valideynin yönləndirdiyi dərnəklər ona maraqlı gələcək.

Bu tip uşaqlar nəticədə heç nəyə nail olmayan şəxslər kimi yetişirlər. Kökünə baxdıqda, şəxsiyyət kimi formalaşmırlar, çünki artıq emosional və psixioloji olaraq yüklənirlər, onlara təzyiq var.

Valideyn uşağı axarına buraxsa, məsələn, mənim uşağım rəsmə sevirsə, onu rəsmə qoyum, əgər rəqsi sevirsə, rəqsə qoyum, artıq bu uşağın maraq dairəsidir və bəlkə də gələcəkdə o uşaq özünü o sahədə tapacaq.

Bəlkə o rəsm müəllimi olacaq, dünyaca şöhrətli rəssam olub sərgiləri olacaq. Lakin uşağı həm idmana, həm musiqiyə, həm də rəsmə qoyduqda, uşağın rəsmə olan marağı digər yüklərin altında əzilərək yox olacaq”.

Psixoloq qeyd edib ki, valideynlər öz və uşağın arzusunu ayırd etməyi bacarmalıdı:

“Ümumiyyətlə, bu gün bəzi valideynlər özləri yaşaya bilmədikləri arzularını uşaqlarında tətbiq etmək istəyirlər. Lakin onlar fərqində deyillər ki, o uşaq ayrı şəxsiyyətdir, onun ayrı duyğuları var. O, siz deyilsiniz, sizin istədiyinizi istəməyə bilər. Sizin seçiminiz onun seçimi olmaya bilər. Bəzən valideynlər bunun fərqində olmurlar. 

Məsələn, bir valideyn deyir:

"İstəyirdim həkim olum, qoymadılar, oxutmadılar, mən onu bunun üçün istəyirəm, oxumalıdır, həkim olmalıdır".

Lakin əgər bu uşaq həkim olmaq istəmirsə və valideyn onu məcbur həkim etməyə çalışsa belə, o, həkim olduqdan sonra ya həmin sahəni davam etdirməyəcək, ya da o işində könülsüz olacaq. Bu da aşağı səviyyəli bir karyeraya gətirib çıxaracaq”.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr