Xəbər veridyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-yə səfər edəcək.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi ki, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edəcək Zelenskinin Vaşinqtonda bir sıra mühüm görüşləri nəzərdə tutulur:
"Hətta Donald Trampla görüş ehtimalını da istisna etmirəm. Bu, təsadüfi deyil, çünki son günlər Ukrayna ilə bağlı Qərbin ciddi qərarları qəbul olunub. Bunlardan biri də ABŞ və Avropa ölkələrinin yeni silah yardımları paketini təsdiqləməsidir. Artıq Qərb Ukraynaya hücum xarakterli silahlar verir ki, Kiyev müharibənin gedişinə təsir edə bilsin və Rusiyanın qalib gəlmək şansını minimuma endirsin".
Politoloqun fikrincə, Zelenskinin ABŞ-də keçirəcəyi görüşlərdə əsas müzakirə mövzuları yeni silah anlaşmaları, hərbi-texniki dəstəyin artırılması və xüsusilə hava hücumundan müdafiə sistemlərinin təmin olunması olacaq:
"Bununla yanaşı, Ukraynaya siyasi və iqtisadi dəstəyin davamlılığı, təhlükəsizlik təminatlarının verilməsi də gündəmdə olacaq. BMT-nin iclası da məhz Ukrayna müharibəsi fonunda keçirilir və bu səbəbdən Kiyev üçün əlverişli platformaya çevrilir. Zelenski həm ABŞ, həm də Avropa ölkələrinin liderləri ilə danışıqlar apararaq müttəfiqlərin birgə mövqeyini gücləndirməyə çalışacaq. Bu, həm Ukraynanın beynəlxalq dəstəyini artıracaq, həm də müharibənin gedişatında Kiyevin mövqelərini möhkəmləndirəcək. Beləliklə, Ukrayna məsələsi yenidən qlobal gündəmin mərkəzinə çıxacaq və bu proses açıq şəkildə Zelenskinin ölkəsinin xeyrinə işləyəcək", - deyə o, qeyd etdi.
Xədicə BAXIŞLI