AZ

Ermənistanda Rusiya turistləri fantastik sürətlə artır... Niyə?


Mübariz Göyüşlü: “Ermənistan İqtisadiyyat Nazirliyinin açıqlanan rəqəmlərdə saxtakarlıq elementləri ola bilər”

2025-ci ilin avqustunda Ermənistana 334 min 396 turist səfər edib. Ermənistan İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin yaydığı xəbərə görə, ötən ilin eyni dövründə Ermənistana gələn turistlərin sayı 300 min 919 nəfər olub.

2025-ci ilin yanvar–avqust aylarında Ermənistana ən çox turist Rusiyadan (41%), Gürcüstandan (13%) və İrandan (8%) gəlib.

Açıqlanan statistik rəqəmlərdən də bəlli olur ki, Rusiyadan Ermənistana gedən turistlərin sayı artıb. Ancaq nəzərə almaq lazımdır ki, hazırki şəraitdə Rusiya ilə Ermənistanın münasibətləri isti deyil. Cari ilin avqust ayından Rusiya-Ermənistan münasibətləri gərgindir.

Onu da qeyd edək ki, ötən il Rusiyadan Ermənistana turist axınının kəskin azalması ilə bağlı məlumat yayılmışdı. Həmin məlumatda rus turistlərin Ermənistandan üz döndərməsi qeyd edilmişdi. Maraqlıdır, münasibətlərin gərgin olduğu ərəfədə rus turistlərin artım tempi ilə Ermənistana səfər etməsinin arxasında nə dayanır? Statistik rəqəmlər həqiqətdir, yoxsa uydurma?

“Rusiya ilə Ermənistan arasında münasibətlər xoş deyil, hər iki ölkə arasında gərginlik yaşanır, münasibətlərin bu səviyyədə olmasına baxmayaraq…”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, açıqlanan rəqəmlərdə saxtakarlıq elementləri ola bilər: “Nəzərə almaq lazımdır ki, ölkəyə gələn turist sayının artması həmin ərazinin sosial-iqtisadi göstəricisinin artması deməkdir. Həmçinin, turist axını siyasi mənada ölkədə sabitliyin hökm sürməsi deməkdir. Məlumdur ki, son zamanlar Rusiya ilə Ermənistan arasında münasibətlər xoş deyil, hər iki ölkə arasında gərginlik yaşanır. Münasibətlərin bu səviyyədə olmasına baxmayaraq, Rusiya ilə Ermənistanın iqtisadi əlaqələri normal həddədir. Bunu bir çox iqtisadi göstəricilər təsdiq edir. Həmin göstəricilərdə adıçəkilən iki ölkə arasında siyasi münasibətlərin turizm və ya iqtisadiyyata təsir etmədiyi müşahidə olunur. Bu səbəbdən də Ermənistana səfər edən rusiyalı turistlərin sayı artıb”.

Günel CƏLİLOVA

Seçilən
19
baki-xeber.com

1Mənbələr