AZ

Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?

Millət vəkili Fazil Mustafa gununsesi.info-ya açıqlamasında valideyn himayəsindən məhrum olmuş və fiziki əlilliyi olan uşaqların sosial kartlarla təmin edilməsinin vacibliyini bildirib.

“Belə uşaqların ictimai nəqliyyatdan istifadəsi pulsuz olmalı və onlara xüsusi dəstək göstərilməlidir”,-deyə deputat əlavə edib.

Dünyanın bir çox ölkələrində uşaqlar, tələbələr və ya pensiyaçılar üçün ictimai nəqliyyat pulsuzdur və ya müəyyən endirimlər var.

Məsələn, Bolqarıstanda 14 yaşdan aşağı uşaqlar ictimai nəqliyyatın bəzi formalarında pulsuz və ya böyük endirimlə səyahət edə bilirlər. Pensiyaçılar və tələbələr üçün də endirimlər mövcuddur.

Moldovada pensiyaçılar ictimai nəqliyyatda lisenziya təqdim etməklə pulsuz səyahət edə bilirlər. Uşaqlar da (1-dən 5-ci siniflərə qədər) müəyyən şəraitdə pulsuz abonement alırlar.

Lissabonda 18 yaşdan aşağı uşaqlar, 23 yaşa qədər tələbələr və 65-dən yuxarı yaşlı pensiyaçılar metro, avtobuslar və digər ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə edə bilirlər.

Bəs Azərbaycanda valideyn himayəsindən məhrum olmuş və fiziki əlilliyi olan uşaqlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb.

İqtisadçı qeyd edib ki, Azərbaycanda bu tipli məsələlər çoxdandır müzakirə obyektidir:

"Amma təəssüf ki, əməli addımlar yoxdur. Fazil bəyə təşəkkür düşür ki, bu məsələni qaldırıb, amma bu məsələnin həlli yeri də elə parlamentdir. Tezliklə büdcə müzakirə olunacaq, çox yaxşı olar ki, deputatlar büdcə müzakirələri zamanı bu məsələni büdcəyə daxil etsinlər və hökumətə tapşırsınlar. Əslində, parlament bu yöndə büdcəyə əlavələr və dəyişikliklərdə maddə əlavə edib, hökumətə tapşırıq verə bilər ki, hökumət bu işi həyata keçirsin".

İqtisadçı Eldəniz Əmirov isə qeyd edib ki, ictimai nəqliyyatdan pulsuz istifadə həmin xidməti göstərən təsərrüfat subyektlərinə dövlət tərəfindən hansısa bir formada əlavə ödənişin edilməsi və yaxud da güzəştin olunması formasında həyata keçirilir:

"Yəni hər hansı bir nəqliyyat şirkəti – metro, avtobus və ya digər nəqliyyat şirkətləri “mən hansısa qrupa xidmət edirəm və yaxud da güzəşt edirəm” deyə bir şey etmir. Dünyada olan güzəştlərdə belə həmin güzəşt edən subyektlərə dövlət tərəfindən müəyyən güzəştlər verilir. Yəni bizdə də bu mümkündür və mən hesab edirəm ki, müəyyən qruplar var ki, onların bu dəstəyə həqiqətən ehtiyacı var.

Əsas güzəşti problemə çevirən məsələ, böyük kütləni əhatə edəndə güzəştin nəticəsində itirilən vəsait və yaranan xərcin çox olmasıdır. Amma bəzi qruplar var ki, onlara güzəştin edilməsi ilə nə nəqliyyat şirkəti zərərə düşür, nə də dövlətin xərci çoxalır. Çünki onların sayı çox deyil və onlar hər gün avtobusdan istifadə etmirlər. Bu baxımdan bunu etmək olar. Mən də bu fikri dəstəkləyirəm ki, bu addım atılmalıdır".

Xəbər 1 dəfə oxunub.
Seçilən
28
6
xezernews.az

7Mənbələr