AZ

“2020-dən sonra Azərbaycan Rusiya və İranla münasibəti qəsdlə pozdu”...


Tural İsmayılov: “Bu iddialar reallıqdan tam uzaqdır və yalnız informasiya manipulyasiyası məqsədi daşıyır”

İran və Avrasiya Araşdırmaları İnstitutunun eksperti, iranlı politoloq Qüdrətullah Şafi deyib ki, İran-Azərbaycan münasibətlərinin günü-gündən pisləşdiyi nəzərə alınsa, İran gec-tez Avropaya yeganə marşrutun Ermənistandan keçəcəyinə inanır. Şafi iddia edib ki, 2020-ci il müharibəsindən sonra Azərbaycan özü İranla, sonra isə Rusiya ilə münasibətləri gərginləşdirməyə başlayıb.

Şafi deyib ki, İran və Rusiya ilə müqayisədə Azərbaycan qədər kiçik bir ölkənin iki çox mühüm qonşu ilə eyni vaxtda münasibətləri gərginləşdirməsi ağlabatan deyil və məntiqsizdir. O iddia edib ki, “bunun arxasında başqa qüvvələr dayana bilər”.

Şafi onu da deyib ki, Tehranla Bakı arasında münasibətlər nə qədər pisləşsə, İran bir o qədər Ermənistanla yaxınlaşmağa çalışacaq.

Şafi iddia edib ki, 2020-ci il müharibəsindən, yəni 44 günlük savaşdan sonra Azərbaycan Rusiya və İranla münasibətləri guya qəsdlə gərginləşdirir.

“İran ekspertlərinin tezisləri, əslində Ermənistanın təbliğat maşınının davamıdır, onların obyektivliklə heç bir əlaqəsi yoxdur”

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi qələbədən sonra bölgədə tamamilə yeni reallıq formalaşdı: “Bu reallıq isə həm Rusiya, həm də İran kimi qonşu dövlətlərin maraq balansına ciddi təsir göstərdi. Ermənistan və onun havadar ekspertləri iddia edirlər ki, guya Azərbaycan qəsdən Moskva və Tehranla münasibətləri gərginləşdirir. Əslində isə bu iddialar reallıqdan tam uzaqdır və yalnız informasiya manipulyasiyası məqsədi daşıyır. Azərbaycan müstəqil siyasət yürüdür, amma bu, heç vaxt qonşuluq münasibətlərini qurban vermək anlamına gəlmir”.

T.İsmayılov qeyd etdi ki, Ermənistan isə son illərdə özünü “regional vasitəçi” kimi göstərməyə çalışır, halbuki, onun özü geosiyasi müstəvidə iflas etmiş dövlətdir. “İran ekspertlərinin “Azərbaycan-Ermənistan yaxınlaşması” barədə təhdid tipli açıqlamaları da sadəcə şantaj xarakteri daşıyır. Bakı üçün prioritet qonşularla balanslı və bərabərhüquqlu münasibətlərin qurulmasıdır, təhdid siyasəti isə Azərbaycana təsir etməyəcək. Əksinə, Azərbaycan nəinki regionda, həm də beynəlxalq müstəvidə sözünü deyə biləcək qədər güclənib. Ermənistanın İranla yaxınlaşması əslində bu iki ölkənin Azərbaycan qarşısında zəiflik sindromunun göstəricisidir. Çünki yalnız gücsüzlər başqa dövlətlərdən “dayaq” axtarırlar. Azərbaycan isə öz gücünə arxalanaraq regionda əsas söz sahibinə çevrilib. İran ekspertlərinin tezisləri, əslində Ermənistanın təbliğat maşınının davamıdır, onların obyektivliklə heç bir əlaqəsi yoxdur”.

T.İsmayılov vurğuladı ki, Azərbaycan regionda sabitlik və inkişaf istəyir, amma bunun üçün qonşuların da səmimi və real mövqeyi vacibdir. Politoloq hesab edir ki, Ermənistanın qərəzli yanaşmaları və İranın bəzi dairələrinin təhdidləri Bakının yolunu dəyişməyəcək: “Azərbaycan nəinki münasibətləri korlamır, əksinə, yeni regional əməkdaşlıq formatları təklif edir. Nəticə etibarilə, Ermənistan və ona səs verən bəzi ekspertlər başa düşməlidir ki, bu regionun gələcəyini Azərbaycan müəyyənləşdirir”.

İradə SARIYEVA

Seçilən
13
baki-xeber.com

1Mənbələr