AZ

“Lavrov yanılır, Rusiya artıq bir dəfə Avropa ilə təkbətək vuruşub və biabırcasına məğlub olub...” – Tarixçi alim

"Əslində, Almaniya başda olmaqla Avropa ölkələri ciddi şəkildə Rusiya ilə müharibəyə hazırlaşır və məqamında bu ölkəyə ciddi zərbələr vura bilərlər...”
 
“Bəli, təəssüf ki, artıq Rusiya Polşaya da dron zərbələri endirməyə başlayıb. Rumıniyaya da bir neçə Rusiya dronu daxil olub. Bu, Rusiyanın NATO qüvvələri yerləşən əraziyə - Avropaya qarşı atdığı yeni addımlardır və o, cəzasızlığına, müqavimət olmayacağına ümid edir. Avropa isə hələlik səbr edir, məsələyə təmkinlə yanaşır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bildirir ki, guya Rusiya ilk dəfədir təkbaşına bütün Avropaya qarşı dayanır. Amma o, yanılır- bu, doğru deyil. Çünki 1853-1856-cı illərdə də Rusiya Avropaya qarşı təkbaşına vuruşmuş və Krım müharibəsində rüsvayçılıqla məğlub olmuşdu. Həmin müharibənin nəticələrini Rusiya uzun müddət və böyük çətinliklə aradan qaldırdı. Və əsas nəticələrdən biri kimi o, Qara dənizdən çıxmış, oradakı hərəkətləri tam şəkildə məhdudlaşdırılmışdı. Sonradan Moskva çox böyük çətinliklə Qara dənizdə mövqelərini bərpa edə bildi”.
 
Bunu Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının ixtisasca tarixçi olan sədri Akif Nağı  "Rusiyanın Polşaya, ardınca Rumıniyaya dron hücumundan sonra Ukrayna savaşının dünyanı və ayrıca Avropanı hara apardığı barədə hansı nəticələrə gəlirsiniz?” sualını cavablandırarkən söyləyib.
 
“Bu gün də Rusiyanın Avropaya açıq meydan oxuması Rusiya üçün yaxşı nəticələr verməyəcək. Əslində, Rusiya özü özünü aldatmış olur. Bəlkə də, Tramp başda olmaqla Qərb Rusiyanı şirnikləndirib təhrik etməklə böyük müharibəyə cəlb etmək istəyir. Və əgər Kreml ağlını itirib belə bir müharibəyə girsə, çox böyük məğlubiyyətə uğrayacaqdır. Rusiyanın dağılması prosesi oradan başlayacaqdır...
 
Bu dövlət Ukraynaya qarşı savaşda 3 ildən çox müddətdə heç bir ciddi nəticə əldə edə bilməyib. Əgər Rusiya Polşaya, Baltikyanı ölkələrə və nəticədə Avropaya qarşı müharibəyə başlayarsa, orada heç bir uğur əldə edə bilməyəcək. Və qarşı tərəfin əks-hücumları həm hərbi, həm də iqtisadi, maliyyə  və s. kimi digər cəhətlərdən Rusiya üçün çox mənfi nəticələrə gətirib çıxaracaq”, - deyə davamında siyasətçi bildirib.
 
Həmsöhbətimiz hesab edir ki, Avropa ciddi şəkildə Rusiya ilə müharibəyə hazırlaşır.
 
“Kreml ona arxayın olmasın ki, guya Avropada heç kəsin Rusiya ilə müharibə etmək istəməməsi haqda fikirlər səslənir. Düzdü, Polşanın rəhbərliyi də bununla bağlı belə fikirlər bildirdi. Amma əslində, Almaniya başda olmaqla Avropa ölkələri ciddi şəkildə Rusiya ilə müharibəyə hazırlaşır və məqamında bu ölkəyə ciddi zərbələr vura bilərlər. Buna görə də, bir daha deyirəm, əgər Rusiya Avropaya qarşı müharibəyə başlasa, bu, onun çox biabırçı uğursuzluğu ilə nəticələnəcək”, - Akif Nağı vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
10
1
moderator.az

2Mənbələr