
Fransanı “Avroviziya 2024” mahnı müsabiqəsində təmsil etmiş müğənni Slimane cinsi təcavüzdə təqsirli bilinib.
Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, ötən il sənətçinin texniki qrupunun keçmiş üzvü Sent-Etyen prokurorluğuna şikayət edib. Onun iddiasına görə, 2023-cü il konsertindən sonra müğənni tərəfindən cinsi təcavüzə məruz qalıb.
Bildirilir ki, Slimane turun ilk hissəsinin bitməsini qeyd etmək üçün ziyafət təşkil edib və texniki işçini də tədbirə çağırıb. Texnik gələndə Slimane onu divara sıxaraq "cinsi əlaqəyə məcbur edib" və soyunub-geyinmə otağına aparıb.
Bu iş üzrə istintaq uzansa da, bu yaxınlarda Fransa məhkəməsi hökm çıxarıb. Slimane intim əlaqəyə çağırmaqda və açıq-saçıq cinsi mesajlar göndərməkdə təqsirli bilinib. İndi iş dayandırılıb və müğənni 10 min avro cərimələnib.
Yeri gəlmişkən, Slimane (əsl adı Slimane Nebçi, Əlcəzair əsilli müğənni) ötən il “Avroviziya” mahnı müsabiqəsində Fransanı "Mon Amour" lirik mahnısı ilə təmsil edib. O, dördüncü yeri tutaraq 445 xal toplayıb.
V. QULİYEV