AZ

Pirallahıda “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

18 sentyabr 2025-ci il tarixində Pirallahı rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi Günü”nə həsr olunmuş “Milli İradə, Güclü Dövlət, Əbədi Suverenlik” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin tədbirin mövzusuna həsr olunmuş videoçarxın nümayişi ilə öz işinə başladı. Ardınca, bir günlük lokal anti-terror əməliyyatları zamanı şəhid olmuş, ölümündən sonra “3-cü dərəcəli Rəşadət” ordeni və  “İgidliyə görə” medalı ilə təltif edilən şəhid Tural Cahangirovun həyat yoldaşı İlahə Eyvazova, həmçinin Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş baş leytenant Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva çıxış edərək “Dövlət Suverenliyi Günü”nün onlar üçün xüsusi mənəvi və rəmzi anlam daşıdığını qeyd etdilər. Onlar vurğuladılar ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılıb və bu dəyər bu gün hər bir vətəndaş üçün müqəddəs anlayışa çevrilib. Çıxışlar zamanı qeyd olundu ki, dövlət tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, onların yaşadıqları ağrını bir qədər yüngülləşdirir, həm də dövlət–xalq birliyinin bariz nümunəsi kimi qəbul edilir.

Daha sonra çıxış edən 243 nömrəli tam orta məktəbin “Gənclərin çağırışaqədərki hazırlığı” müəllimi, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan zabit Xanlar Əsgərov qeyd etdi ki, hər bir Azərbaycan övladı Vətən, torpaq və millət uğrunda canından keçməyə hazırdır. O vurğuladı ki, bu torpaqlar bizə asanlıqla verilməyib. Onlar şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qorunub. Xanlar Əsgərov çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, xüsusilə təhsil müəssisələrində bu istiqamətdə görülən işlərin zəruriliyini vurğulayaraq bildirdi ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu cür tədbirlər, gənc nəslin milli-mənəvi dəyərlərə əsaslanan şəkildə formalaşmasına töhfə verir.

Növbəti olaraq çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi möhtəşəm nailiyyətlərdən, xüsusilə dövlət suverenliyinin tam bərpa olunması istiqamətində atılan qətiyyətli addımlardan bəhs etdi. E.Abasov vurğuladı ki, bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrlərindən birini yaşayır. Müstəqil, suveren və nüfuzlu bir ölkəyə çevrilmiş Azərbaycan, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yolun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi sayəsində dünya miqyasında söz sahibinə çevrilmişdir. Çıxışının sonunda o vurğuladı ki, YAP üzvləri və bütövlükdə Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin müstəqilliyini, suverenliyini və milli maraqlarını qorumaq üçün daim ayıq və hazırlıqlıdır.

Yekun olaraq çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov qeyd etdi ki, Dövlət Suverenliyi Günü xalqımızın iradəsini, birliyini və dövlətçiliyimizin möhkəm təməlini təcəssüm etdirən əlamətdar gündür. Bu gün tam əminliklə deyə bilərik ki, bu mühüm tarixi reallığın əsasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətli iradəsi dayanır. RİH başçısı vurğuladı ki, Cənab Prezident eyni vaxtda üç cəbhəyə –hərbi, diplomatik və informasiya müstəvisinə şəxsən rəhbərlik edərək müasir dövrdə çox nadir görünən siyasi lider nümunəsi ortaya qoydu. 44 gün ərzində xalqına hər gün dəqiq, prinsipial və mötəbər məlumatlar verən Ali Baş Komandan həm ordumuzun döyüş ruhunu yüksəltdi, həm də beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın haqlı mövqeyini əsaslandırdı. Vasif İmanov onu da qeyd etdi ki, bu strategiya yalnız 2020-ci il Qələbəsi ilə yekunlaşmadı –2023-cü ilin sentyabrında cəmi 24 saat ərzində keçirilmiş lokal anti-terror tədbirləri ilə Azərbaycan öz suverenliyini tam şəkildə bərpa etdi. Cəmi bir gün davam edən anti-terror əməliyyatları nəticəsində Konstitusiyamızın aliliyi, dövlətin hüquqi və inzibati hakimiyyəti ölkəmizin bütün ərazisində təmin olundu. Bu, bir daha göstərdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həm güclü orduya, həm möhkəm siyasi iradəyə, həm də milli həmrəyliyə malikdir. Bu zəfərlərin təməlində şəhidlərimizin fədakarlığı, xalqımızın dəyanəti və Prezidentimizin uzaqgörən siyasəti dayanır.

Çıxışlar yekunlaşdıqdan sonra tədbirin bədii hissəsi başladı. Rayon ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrinin iştirakı ilə keçirilən bədii hissə rəngarəng çıxışlarla yadda qaldı.

Seçilən
25
15
unikal.az

10Mənbələr