AZ

Azərbaycanın möhtəşəm Zəfəri Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradıb - DEPUTAT



Qarabağda uzun illər davam edən hərbi-siyasi gərginlik bölgədə sabitlik və davamlı sülhün bərqərar olmasına ciddi maneələr törədirdi. Ermənistan silahlı qüvvələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazidə qalması isə Azərbaycanın suveren hüquqlarının sistemli şəkildə pozulmasına, təhlükəsizlik mühitinin daim risk altında olmasına gətirib çıxarırdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, İkinci Qarabağ müharibəsi başa çatsa da, bu müddəaların tam şəkildə yerinə yetirilməməsi gərginliyin davam etməsinə səbəb olmuşdur. Azərbaycan dövləti həm beynəlxalq hüquqa, həm də humanist prinsiplərə sadiq qalaraq məsələni sülh yolu ilə həll etməyə çalışmış, qarşı tərəfi əməkdaşlığa dəvət etmişdir, lakin Ermənistan və separatçı qüvvələr bütün çağırışlara məhəl qoymayaraq, bölgədə yeni silahlar və döyüş texnikaları yerləşdirmiş, müxtəlif təxribatlar törətmişdir. Bu isə Azərbaycan üçün milli təhlükəsizliyin qorunması və dövlət suverenliyinin bərpasını labüd etmişdir.

2023-cü ildə Qarabağda separatçı qüvvələrin genişmiqyaslı terror hücumları baş verdi. Ermənistanın silahlı qüvvələri və qeyri-qanuni dəstələri əvvəlcədən hazırlanmış minalar vasitəsilə mülki şəxsləri və Azərbaycan Ordusunun mövqelərini hədəf aldı. Bu təxribatlar bir daha göstərdi ki, Ermənistan və separatçılar bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı deyillər. Azərbaycan dövləti bu gərginliyə qarşı dərhal hərbi və siyasi tədbirlər gördü.

Bununla əlaqədar əməliyyat başlamazdan əvvəl bütün mülki əhaliyə xəbərdarlıq edildi. Azərbaycan Müdafiə Nazirliyi mobil SMS xidməti, səsgücləndirici vasitələr və məlumat vərəqələri vasitəsilə Qarabağda yaşayan erməniləri məlumatlandırdı. Həmçinin, yaşayış yerləri, məktəblər, xəstəxanalar, dini və sosial obyektlər xüsusi qoruma altına alındı.

2023-cü il sentyabr 19-20-də Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində düşmənin mövqelərini sıradan çıxardı. Əməliyyat zamanı Qarabağın 406 kvadratkilometr ərazisi tam nəzarət altına alındı, düşmənin tankları, artilleriya qurğuları, minaatanları və digər silahları məhv edildi. On minlərlə atıcı silah və döyüş texnikası ələ keçirildi, düşmənin canlı qüvvəsi itkilərə məruz qaldı. Qəhrəman hərbçilərimiz qısa müddətdə qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirdilər.

Beləliklə, separatçı qüvvələr təslim olaraq ağ bayraq qaldırdı və Qarabağdakı qeyri-qanuni xunta rejimi ləğv edildi. Sentyabrın 28-də separatçı xunta rəhbəri qondarma rejimin ləğvi barədə sənəd imzaladı. Əməliyyatdan dərhal sonra Yevlax şəhərində Qarabağda yaşayan erməni icmasının nümayəndələri ilə görüş keçirildi, onlara reinteqrasiya şərtləri təqdim edildi və regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanı yaradıldı. Bu yanaşma Azərbaycanın inklüziv və humanist siyasətinin bariz nümunəsi oldu.

Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri yalnız hərbi uğur deyil, həm də regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir. Çünki əməliyyat nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi, Qarabağda separatizmə son qoyuldu və regionda dayanıqlı sülh üçün real imkanlar yarandı. Dövlət Bayrağımızın Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə dalğalandırılması tarixi ədalətin bərpasının və milli suverenliyin təntənəsidir. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin şəhərlərdə Azərbaycan Bayrağını ucaldaraq tarixi Qələbəni bütün dünyaya nümayiş etdirdi. Bu faktorlar Azərbaycan xalqının dövlətçilik ənənələrinin gücünü və şanlı ordumuzun hərbi hazırlığını bir daha təsdiqlədi.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu əlamətdar gün Azərbaycan xalqının müstəqilliyi və suverenliyinin qorunması, milli maraqlarının təmin olunması yolunda göstərilən qəhrəmanlıq və qətiyyətin təzahürü olaraq qeyd edilir.

Qarabağda həyata keçirilmiş antiterror əməliyyatı Azərbaycanın suverenliyinin qorunması, milli maraqlarının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərpası baxımından tarixi əhəmiyyət kəsb edir. Azərbaycan dövlətinin qətiyyətli siyasəti, ordunun peşəkarlığı və xalqın həmrəyliyi nəticəsində regionda yeni reallıqlar formalaşıb, gələcəkdə təhlükəsizlik və sabitlik üçün möhkəm zəmin yaradılmışdır. Əməliyyat həm hərbi uğur, həm də humanist yanaşmanın nümunəsi olaraq tarixdə öz layiqli yerini tutmuşdur və Qarabağda Zəfər tarixi regionda yeni dövrün başlanğıcı kimi diqqət çəkir.

Asif Əsgərov
Milli Məclisin deputatı




Seçilən
30
32
aia.az

10Mənbələr