"Sumqayıt"ın futbolçusu Roi Kehatın Offsideplus.az saytına müsahibəsini təqdim edirik:
- "Sumqayıt" çempionata yaxşı start verib. Cari mövsümü necə dəyərləndirərdiniz?
- Məncə yaxşı başladıq. Qalib gəldiyimiz ilk 2 oyun çox yaxşı idi, "Qarabağ"a qarşı oyunu da qeyd edərdim. 3 xaldan əlavə, bonus kimi qəbul edə bilərik. Son 2 oyun gözlədiyimiz kimi olmadı. Lakin inkişaf edirik, oyundan-oyuna güclənirik. Zəif və güclü tərəflərimizi analiz edirik. Əminəm ki, növbəti oyunlarda yaxşı çıxış edəcəyik.
- Baş məşqçi Quba Olimpiya İdman Kompleksində "İmişli"yə qarşı keçirilən oyunda ot örtüyü ilə bağlı problemin olduğunu söyləmişdi. Siz nə yaşandığını izah edə bilərsiniz?
- O otun üstündə kim oynayıbsa, çətin olduğunu deyəcək. Çünki palçıq vardı və düz deyildi. Belə meydançalarda oyun tərzini dəyişməli olursan. Son oyunda da bu baş verdi. Yenə də şanslarımız vardı, bu kimi meydançalarda necə oynamağı və qalib gəlməyi bilməliyik.
- Növbəti oyun "Neftçi"yə qarşıdır. Hazırlıqlara başlamısınız, ab-hava necədir?
- Atmosfer yaxşıdır. Məncə biz yaxşı vəziyyətdəyik. "Neftçi"yə qarşı oyun çətin olacaq, çünki yaxşı heyətləri və tanıdığımız baş məşqçisi var. Hazır olacağıq. Ümid edirəm ki, stadionumuz dolu olar və oyun da çox yaxşı olar.
- Keçmiş komanda yoldaşlarınızla qarşılaşacaqsınız. Sizin üçün üstünlük, yoxsa dezavantajdır? Bəlkə sizi qorxudur?
- Məncə hər iki komanda keçmiş oyunçularına qarşı necə oynamalı olduğunu bilir. Onları görmək xoşdur. Onlar bizi, biz onları tanıyırıq. Yaxşı oyun olacaq. Əminəm ki, izləmək zövq verəcək.
- Sentyabrın 21-də keçiriləcək oyun ərəfəsi "Sumqayıt" azarkeşlərinə nə söyləmək istərdiniz?
- Ümid edirəm ki, onlar "Neftçi"yə qarşı oyuna gələcəklər. Çünki onlara ehtiyacımız var. Stadion dolu olanda bizə güc, motivasiya verir.Əminəm ki, keçmişdə bunu görüblər. Oyun da yaxşı olur.