AZ

Qərbi Azərbaycanda təsviri incəsənət

Qərbi Azərbaycan ərazisindəki bütün tarixi mədəniyyət abidələri bu yerlərin qədim türklərin ilkin yaşayış məskənlərindən olduğunu sübut edir. Bu torpaqlar təsviri sənətin inkişafına və Azərbaycanın incəsənət tarixinə böyük töhfələr verib. Qədim insan bəşər sivilizasiyasının ilk çağlarında daşlıq, qayalıq yerləri seçərək daş alətlər vasitəsilə özünə yemək və alətlər hazırlayıb, bu da onun təfəkküründə daşların müqəddəsliyini formalaşdırıb. Bu müqəddəs qayaların üzərində yaradıcı təxəyyülün ilk məhsulları, təsviri sənət nümunələri meydana gəldi. Tarixi yurd yerimiz olan Qərbi Azərbaycan bu baxımdan təsviri sənətin min illərdən bəri qorunduğu ərazilərdəndir.

60-cı illərdə Loru mahalının Soyuqbulaq kəndində, Alagöz dağının Qızıl Ziyarət zirvəsində, Əştərək rayonunun Pətrinc kəndində, Göyçə gölü hövzəsindəki Qızdağında, Səlim aşırımında və Alagöllər ərazisində, Qərbi Zəngəzurdakı Qılıncdağda və Dəvəboynu dağında aşkar edilən qayaüstü təsvirlər buradakı əhalinin əl qabiliyyəti, dünyagörüşü və bədii zövqü barədə geniş məlumat verir.

Yaşı 6000-9000 il olan bu qayaüstü rəsmlər bədii- estetik xüsusiyyətlərinə görə Qobustan, Şüvəlan və Gəmiqaya təsvirləri ilə oxşarlıq təşkil edir. Rəqs və ov səhnələrinin, quş və heyvan cizgilərinin sxematikliyi, təsvirlərin kompozisiyası Kazaxıstan və Qırğızıstan ərazisindəki petroqliflərlə eynilik göstərir və Qərbi Azərbaycanın türk mədəni arealının bir parçası olduğunu təsdiqləyir.

Erməni müəlliflər Cənubi Qafqaz ərazisində qədim türk mədəniyyətinə aid bu abidələri müasir ermənilərə aid etməyə çalışırlar. Lakin yalnız qayaüstü rəsmlər deyil, daş stellalar, heykəllər, kurqanlar və maral daşları da qədim türk mədəniyyətinə aiddir. 1909-cu ildə rus alimləri Nikolay Marr və Yakov Smirnov Göyçə mahalını araşdırarkən qəribə formalı daş heykəllər aşkar etdilər. Sonrakı illərdə yerli bələdçilərin köməyi ilə 27 daş heykəl tapıldı. Bu abidələr eramızdan əvvəl II minilliyə aid olub və türk mədəniyyətinə aiddir.

Sibirdə və Altayda tapılmış daha qədim daş abidələr də Qərbi Azərbaycan daş heykəlləri ilə oxşar totem simvollarına malikdir və onların qədim türklərə aid olduğunu sübut edir. Min illər boyu daşların üzərində cilalanan naxışlar xalçalara köçüb və Qərbi Azərbaycan xalçaları öz üslubu ilə Azərbaycan xalçaçılığında özünəməxsus yer tutur. Bu xalçaların naxışları etnik və dini dünyagörüşdən, türk mifik təfəkküründən qidalanıb və torpağa bağlı insanların könül dünyasından gələn rənglərlə bəzənib.

1902-ci ildə İrəvan Quberniyası Statistika Komitəsi çap etdiyi "İrəvan Quberniyasının Yaddaş Kitabçası”nda xalçaçılığın iqtisadi əhəmiyyətini vurğulayıb. Qərbi Azərbaycanda toxunan xalçalara həm tacirlər, həm də başqa maraqlı tərəflər diqqət göstərib. XIX əsrin əvvəllərindən ermənilər yerli türklərin maddi və mədəni nümunələrini hədəfə alaraq, Qərbi Azərbaycan xalçalarını saxta erməni xalçaçılığı kimi nümayiş etdirməyə başladılar. 60-cı illərin ortalarında bu mənimsəmə mütəşəkkil hal aldı, muzeylərdə "erməni xalçaları” kimi sərgiləndi və "Hayqork” istehsalat birliyi yaradıldı.

Ermənilər yalnız xalçaları oğurlamır, onların yaranma tarixçəsini əfsanələr vasitəsilə saxtalaşdırırdılar. "Anait” xalçası haqqında nağıl buna misaldır. Erkən orta əsrlərdə Qərbi Azərbaycan ərazisində daş oyma sənəti geniş yayılıb, naxışlar, kompozisiyalar, mistik simvollar daşlarda əks olunmuşdur. Qarakilsə və Göyçə mahalındakı sənduqə tipli qəbirüstü abidələr, Dərələyəz və Karvansara rayonlarındakı abidələr qədim türklərin mədəniyyəti, məişəti və adət-ənənəsi haqqında tarixi məlumat daşıyır.

Bu torpaqlara gələn ermənilər əcdadlarımızın qəbirüstü abidələrini muzeylərə apararaq erməni abidəsi kimi təqdim edirdilər. 1967-ci ildə xalçaşünas alim Lətif Kərimovun təşəbbüsü ilə Xalça və Tətbiqi Sənət Muzeyi yaradıldı. 1972-ci il sentyabrın 27-də muzeyin ilk ekspozisiyası İçərişəhərdə, XIX əsr memarlıq abidəsi olan Cümə məscidində açıldı. Heydər Əliyevin iştirakı və dəqiq məlumatlarla verdiyi çıxış xalçaların dünya miqyasında tanıdılmasına mühüm töhfə verdi.

Muzeyin bazası genişləndirildi və Lətif Kərimovun rəhbərliyi ilə bütün Azərbaycan regionlarından ən gözəl xovlu və xovsuz xalçalar, xalça məmulatları, alətlər və sənət nümunələri toplanıldı. "Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisində Göyçə, Zəngəzur, Ağbaba, Loru və Pəmbək mahallarında toxunmuş 21 məşhur kompozisiyalı xalça nümayiş olunur.

Bu xalçalara baxanda aydın olur ki, xalçaçılıq yalnız sənət deyil, həm də elmdir, dünyagörüşüdür. Hər naxış və ilmə milli mənəviyyatın kodlarını, min illərin yaddaşını daşıyır. Göyçə, Dərələyəz, Ağbaba, Loru, Pəmbək və İrəvan xalçaları toxuyanların yüksək mədəniyyətini, zəngin təxəyyülünü və bədii istedadını əks etdirir. Ləmbəli, Qursalı, Hallavar, Saral, Qızılörən, Göyçə və Dərələyəz xalçaları isə bitkilərin və mineralların sayəsində əldə edilən rənglərlə özünəməxsus çalar qazanıb.

(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi "Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

Seçilən
12
7news.az

1Mənbələr