AZ

Qərbi Azərbaycanın xalçaçılıq sənəti

Qərbi Azərbaycanın xalçaçılıq sənətini danışarkən xalq rəssamı, professor Kamil Əliyevi mütləq xatırlamaq lazımdır. O, Azərbaycan xalça sənətinin incəliklərini qoruyub saxlamış, milli naxışlarla zənginləşdirmiş görkəmli sənətkardır və xalça sənətinə olan sevgisi qədim İrəvanda formalaşıb.

Kamil Əliyevin yaradıcılığı Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni zirvələrə qaldırıb. Onun yaratdığı xalçalar yalnız sənət nümunəsi deyil, həm də mənsub olduğu xalqın mədəniyyətini əks etdirir. Fırçası və qələmi ilə hazırladığı portret-xalçalar, Azərbaycan və dünya klassiklərinin, şair və mütəfəkkirlərin, görkəmli dövlət və ictimai xadimlərin portretləri fitri istedadın və ali hisslərin vəhdətindən doğmuş incəsənət nümunələridir.

Xalçalar arasında xüsusi yer Kamil Əliyevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi portret-xalçalara aiddir. Ulu Öndər Heydər Əliyev Kamil Əliyevin yaradıcılığını gənclik illərindən tanıyır və yüksək qiymətləndirirdi. Onun xalça üzərində əbədiləşdirdiyi portretlərdən biri Milli İncəsənət Muzeyində keçirilən "Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisində nümayiş olunur.

Bu sərgi Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilib və Qərbi Azərbaycan incəsənətinə həsr edilib. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində sərgidə təxminən 100 eksponat təqdim olunur. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və "Qızılı Xalçalar” qalereyasının kolleksiyasından eksponatlar nümayiş etdirilir. Bu eksponatlar Qərbi Azərbaycan incəsənəti haqqında tamaşaçılarda tam təsəvvür yaradır.

Qədim İrəvanın tarixi ilə tanış olanlar sərgidə təqdim olunan rəsmləri tanıya bilər. İrəvan xanı Hüseynqulu xan, Rüstəm Zal və digər rəsmlər bir zamanlar İrəvan Sərdar sarayının divarlarını bəzəyirdi. Sərdar sarayının inşası 1605–1625-ci illərdə Çuxur-Sədd bəylərbəyliyi dövründə İrəvan hakimi Əmirgünə xan Qacar tərəfindən baş tutub. 1673-cü ildə Fransız səyyahı Jan Batist Şarden saraydakı tamaşanı təsvir edib. 1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan, 1791-ci ildə isə oğlu Məhəmməd xan sarayın Güzgülu salonu və Yay imarətini inşa ediblər. Divarlar və pəncərələr nəbati naxışlarla, mifik və real qəhrəmanların rəsmləri ilə bəzədilib.

Çar Rusiyası tərəfindən İrəvan xanlığı işğal edildikdən sonra saray əvvəlcə qərargah, sonra kazarma kimi istifadə olunub və sənət əsərləri əvvəlki gözəlliyini itirib. 1850-ci ildə Mirzə Qədim İrəvani divarlardakı bəzi rəsmləri bərpa edib, lakin sonrakı illərdə baxımsızlıq ucbatından saray getdikcə dağılmağa başladı. XX əsrin əvvəlində çəkilmiş fotolar sarayın gözəlliyini göstərir.

Sərgidə nümayiş etdirilən rəsmlər Mirzə Qədim İrəvaninin əl işlərinin orijinalı deyil, Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılan əsərlərin Azərbaycan rəssamları tərəfindən işlənmiş surətləridir. Lakin 2019-cu il mayın 27-də orijinal əsərlər Heydər Əliyev Mərkəzində keçirilmiş "Tarixin şah əsərləri” sərgisində nümayiş etdirildi.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi sərgidə XX əsrin əvvəllərində Sərdar sarayından çıxarılmış 300-ə yaxın eksponat təqdim olunub. Buraya Mirzə Qədim İrəvaninin yağlı boya ilə işlənmiş rəsm əsərləri, İrəvanda yaşayan azərbaycanlıların geyim və əşyaları, Sərdar sarayının divarlarından götürülmüş kaşı bəzəklər və Dmitri Yermakovun fotosənədləri daxildir.

Mirzə Qədim İrəvani Azərbaycanda realist dəzgah və monumental boyakarlığın inkişafında böyük rol oynayıb. O, həm tikmə üçün trafaret rəsmlər, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və şüşə rəssamlığı ilə tanınır. Sərgidə onun bu əsərlərindən bir neçəsi, həmçinin əvvəllər nümayiş olunmamış divar rəsmlərinin eskizləri də təqdim edilir.

...Təsviri incəsənət nümunələri Qərbi Azərbaycan türklərinin və onların əcdadlarının min illər boyu tarixi torpaqlarımızda yaratdıqları zəngin mədəni irsin yalnız kiçik bir qismidir. Soydaşlarımızın o torpaqlarda yaratdığı folklor, etnoqrafiya, mədəniyyət, adətlər, inanclar haqqında hələ söhbətlərimiz olacaq. Əsas odur ki, 200 ilə yaxındır ki, erməni millətçiləri tərəfindən məhv edilməsinə, oğurlanmasına baxmayaraq bu irs yaşayır... İnsanlarımızın yaddaşında, ruhunda yaşayır... Və bir gün bizi doğma yurdlarımıza bu yaddaş qaytaracaq...

(Yazı Media İnkişaf Mərkəzinin icra etdiyi "Qərbi Azərbaycan: mədəni, hüquqi, siyasi bağlar” layihəsi çərçivəsində hazırlanıb)

 
 

Seçilən
2
7news.az

1Mənbələr