AZ

Makron Brigitte qadın olduğunu sübut etmək üçün elmi dəlil təqdim edəcək

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşının üzləşdiyi zorakılığa qarşı məhkəməyə yeni sənədlərin təqdim ediləcəyi açıqlanıb.

Sherg.az xəbər verir ki, Brigitte Makronun “qadın olduğunu sübut etmək üçün” ABŞ məhkəməsinə fotoqrafik və elmi dəlillər təqdim etməyi planlaşdırdığı bildirilib.
Vəkillər Brigitte Makronun kişi olaraq doğulduğunu iddia edən sağçı influenser Candace Ovensa qarşı açdıqları böhtan iddiasında bu sənədləri təqdim edəcəklər. Ovensin vəkilləri isə işin rədd edilməsi üçün ərizə veriblər.

BBC-yə danışan Makron cütlüyünün vəkili Tom Kler bildirib ki, birinci xanım Brigitte bu iddiaları “inanılmaz dərəcədə kədərləndirici” hesab edir və Emmanuel Makron da bu vəziyyətdən təsirlənib. Kler deyib: “Karyera və ailə həyatını eyni anda idarə etməyə çalışan hər kəs kimi, ailənizə hücum olunduqda bu sizi sarsıdır. O da bir ölkənin prezidenti olduğu üçün bundan azad deyil”.

Vəkil bildirib ki, elmi xarakterli ekspert ifadələri təqdim olunacaq və cütlük bu iddiaların yalnış olduğunu “həm ümumi, həm də xüsusi” şəkildə tam sübut etməyə hazırdır. Kler əlavə edib: “Belə bir dəlil təqdim etmək üçün özünüzü bu vəziyyətə məruz qoymaq inanılmaz dərəcədə kədərlidir”.
Brigitte Makronun hamilə və övladlarını böyüdərkən çəkilmiş fotolarını təqdim edib-etməyəcəyi sualına Kler cavab verib ki, bunlar mövcuddur və məhkəmə prosedurlarına uyğun şəkildə təqdim ediləcək.

Sosial şəbəkələrdə milyonlarla izləyicisi olan, mühafizəkar ABŞ mediası “Daily Vire”ın keçmiş şərhçisi Ovens, Brigitte Makronun kişi olduğu iddiasını dəfələrlə səsləndirib.

Mart 2024-cü ildə bu iddiaya “bütün peşəkar nüfuzunu” qoyacağını deyib. Bu iddia illər əvvəl onlayn mühitdə, xüsusilə fransız bloqçular Amandine Roy və Natacha Reyin 2021-ci ildə YouTube-da yayımladıqları videoda ortaya atılmışdı.

Makron cütlüyü 2024-cü ildə Fransada Roy və Reyə qarşı açdıqları böhtan iddiasını ilk mərhələdə qazanmışdı, lakin bu qərar 2025-ci ildə apellyasiya məhkəməsində ifadə azadlığı və gerçəyə əsaslanmaması səbəbilə ləğv edilmişdi. Makron cütlüyü bu qərara etiraz edir.



Seçilən
26
sherg.az

1Mənbələr