AZ

Rusiyanın iki türk ölkəsi ilə bağlı təhlükəli planı Ankara Bakı münasibətlərində Moskva izi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son dövrlərdə bəzi xarici və daxili qüvvələr Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmaq cəhdlərini iki əsas istiqamətdə həyata keçirməyə çalışırlar.

Birinci istiqamət – guya Ankara, Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistanla sərhədləri açacaq və diplomatik münasibətləri bərpa edəcək. Xüsusilə türk və erməni nümayəndələrinin sonuncu sərhəd görüşündən sonra bu istiqamətdə təbliğat daha da intensivləşib. Lakin Türkiyənin xarici işlər naziri Hakan Fidanın son bəyanatı bu iddiaları təkzib edir. O açıq şəkildə bildirib ki, Azərbaycanla sülh sazişi imzalanmadan Ermənistanla münasibətlərin normallaşdırılması mümkün deyil.

İkinci istiqamət – Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsi fonunda, Türkiyənin guya fürsətçi mövqe sərgilədiyi barədə aparılan məqsədli təbliğatdır. Sosial şəbəkələrdə və bəzi media resurslarında bu fikir xüsusi xətt kimi yayılır. Məqsəd aydındır, Ankara ilə Bakını qarşı-qarşıya qoymaq və Azərbaycan cəmiyyətində Türkiyəyə qarşı inamsızlıq formalaşdırmaq.

Azərbaycanın Rusiya ilə münasibətləri gərginləşdiyi bir vaxtda, Türkiyə Rusiya ilə əlaqələrini genişləndirirmi? Rusiya bazarında mövqelərini gücləndirirmi?

Məsələn, Krasnodarda THY-nin (Türk Hava Yolları) yeni ofisinin açılması bu istiqamətdə addım kimi təqdim olunur.

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Vaşinqtonda, ABŞ prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bəndlərinin paraflanmasından sonra, Türkiyə-Azərbaycan münasibətlərində guya soyuqluq yaranması barədə təbliğat başlandı:

“Bu təbliğatın önündə əsasən Rusiya mətbuatı və ekspertləri gedirdi. Sözsüz ki, bu plan bir mərkəzdən idarə olunurdu və əsas məqsəd iki qardaş ölkə arasındakı münasibətlərə kölgə salmaq, hər iki ölkənin vətəndaşları arasında bir-birinə qarşı narazılıq yaratmaq idi.

Əslində isə Vaşinqtonda imzalanmış sənədlərin hamısı ilə bağlı rəsmi Ankara məlumatlı idi. Bu məlumatlar, hər zaman qarşılıqlı fikir mübadiləsi aparan, prosesləri birgə müzakirə edib qərarlar verən rəsmi Bakı tərəfindən verilirdi. Eyni zamanda Ermənistanın baş naziri də bu barədə məlumat vermişdi. Vaşinqton səfərindən bir neçə gün öncə Paşinyanın Türkiyəyə səfər etməsi və Türkiyə prezidenti ilə görüşməsi təsadüfi deyildi. Yəni, Vaşinqtonda müzakirə olunacaq məsələlər və imzalanacaq sənədlər barədə Türkiyə tərəfi məlumatlı idi”.

Politoloqun sözlərinə görə, Türkiyənin sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması istiqamətində gördüyü işlər də Azərbaycanla paralel aparılır:

Elşən Mustafayev

“Yəni, bu proseslər barədə də rəsmi Bakı məlumatlıdır. Digər tərəfdən, Türkiyənin Ermənistanla apardığı danışıqlar münasibətlərin tam qaydasına qoyulması kimi yox, bu istiqamətdə ilkin addımların atılması kimi dəyərləndirilməlidir. Yekun nəticə isə yəqin ki, sülh müqaviləsinin imzalanmasından sonra olacaq.

O səbəbdəndir ki, hazırda Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının 2026-ci ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən öncə baş verə biləcəyi barədə fikirlər səsləndirilir. Ermənistan rəsmiləri hətta bu ilin sonuna qədər imzalanmanın baş tuta biləcəyini deyirlər. Əslində proseslərin bu ssenari ilə inkişaf etməsi perspektivi olduqca inandırıcıdır. Çünki sülh müqaviləsinin imzalanması nə qədər çox gecikərsə, regionda siyasi və iqtisadi maraqları olan qüvvələr üçün bölgədə yeni eskalasiyalar yaratmaq imkanı da bir o qədər artacaq.

Təbii ki, burada Azərbaycanın Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları olan hissəyə etirazı, həmçinin Türkiyəyə qarşı ərazi iddialarından imtina və qondarma soyqırımı iddiaları ilə bağlı tarixçilərdən ibarət komissiyanın yaradılmasına razılıq verilməsi təklifləri də qüvvədə qalacaq. Amma əgər sülh müqaviləsi bu məsələlərin tam həllindən öncə imzalanacaqsa, yəqin ki, tərəflər müəyyən ciddi öhdəliklər və təminatlar qarşılığında bu məsələlərin qısa müddətdə həyata keçiriləcəyinə razılaşacaqlar.

Hesab edirəm ki, münasibətlərin yenidən qurulması ilə bağlı prosesləri Türkiyə və Azərbaycan paralel aparacaq. Bu cür gedişatda Rusiya münasibətlərə ziyan vurmağa cəhd edəcək, amma istədiklərinə nail ola bilməyəcək. Türkiyə hazırkı vəziyyətdə hələlik Rusiya ilə müəyyən balans saxlamaq siyasətini davam etdirəcək. Lakin münasibətləri daha da inkişaf etdirmək xəttini izləməyəcək. Çünki bu, mövcud Türkiyə siyasəti ilə üst-üstə düşmür və bir çox sahələr üzrə zərərləri böyük ola bilər.

Böyük ehtimalla yaxın zamanlarda Rusiyaya qarşı indiyədək tətbiq olunmamış yeni ağır sanksiyalar gündəmə gələcək və bu sanksiyalardan Rusiya ilə ticarət əlaqələri olan ölkələr də ciddi zərər görə bilər”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
2
globalinfo.az

3Mənbələr