Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar olaraq paytaxtın bir sıra küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Bu səbəbdən şəhərin müəyyən məktəblərində dərslər müvəqqəti olaraq distant formada davam etdirilir. Lakin valideynlər distant təhsilin keyfiyyətindən ciddi narazılıqlarını bildirirlər.Onların sözlərinə görə, qısa müddətlik olsa da, təhsil təhsildir və bu müddətdə müəllimlər dərslərə daha məsuliyyətlə yanaşmalıdırlar. Bəzi valideynlər qeyd edirlər ki, onlayn dərslər tam şəkildə keçirilmir. Yəni bəzi fənn müəllimləri dərsə qoşulmurlar, nəticədə şagirdlər təhsildən kənar qalırlar. Həmçinin valideynlərin dediyinə görə, bəzi müəllimlər onlayn dərsə qoşulsalar da dərsi "yola verirlər".TehsilForumu.Az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi bildirdi ki, Formula 1-lə əlaqədar sentyabrın 15-dən etibarən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Onun sözlərinə görə, bu səbəbdən bəzi təhsil müəssisələri onlayn təhsilə keçib:"Bakı 6 nömrəli məktəb-liseyi, 133-134 saylı təhsil kompleksi və İlyas Əfəndiyev adına Elitar Gimnaziya, universitetlərdən isə Bakı Ali Məktəbinin kampusudur və İqtisad Universitetinin əsas korpusudur. Bu təhsil ocaqları sırf Formula 1 yarışlarının keçirildiyi yollar üzərində yerləşdiyi üçün dərslər təxminən 4-5 gün onlayn formada keçiriləcək. Əlbəttə, onlayn dərslərin keçirilməsi ilə bağlı müəyyən qədər infrastruktur çətinliyi mövcud idi. Bu çətinliklərin aradan qaldırılması istiqamətində işlər görülür. Əsasən internetin əlçatanlığı baxımından belə bir problem yaranırdı. Amma düşünürəm ki, bu dörd-beş günün müvafiq olaraq öhdəsindən gəlmək olar.Amma qaldı ki, konkret distant təhsilin ölkədə bərqərar olması üçün həm ali təhsil müəssisələri, həm orta ixtisas təhsil müəssisələri, o cümlədən tam orta təhsil müəssisələri konkret olaraq bazanı formalaşdırmalıdır, yəni təkmilləşmiş formada baza olmalıdır. Xüsusən də bölgələrdə, ucqar ərazilərdə internetin əlçatanlığı təmin olunmalıdır ki, hər hansı fors-major hallar yarandığı zaman asanlıqla onlayn təhsilə keçid mümkün olsun. Düşünürəm ki, bu istiqamətdə aidiyyəti qurumlar, xüsusilə Elm və Təhsil Nazirliyinin rəhbərliyi, müvafiq tələb olunan işləri görməlidirlər".Xatırladaq ki, Bakıda keçirilən Formula-1 yarışması ilə əlaqədar hər dəfə 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta