Azərbaycanda uşaq incəsənət məktəblərində ödənişli təhsil qiymətlərinin kəskin artırıldığı iddia olunur.
Bununla bağlı Musavat.com-un redaksiyasına Abşeron rayon Saray qəsəbə uşaq İncəsənət Məktəbində təhsil alan uşaqların valideynləri müraciət edib. Onlar bildirirlər ki, Azərbaycanda uşaq incəsənət məktəblərində ödənişli təhsil qiymətləri kəskin artırılıb. Bununla bağlı məktəblərdə valideynlərə xəbərdarlıq edilib. Onlar bunun Mədəniyyət Nazirliyi tərəfindən verilmiş göstəriş olduğunu açıqlayıblar.
Valideynlər bildirir ki, ödənişli təhsil alan uşaqlar üçün ödənişlər 2 dəfəyədək artırılıb. Bu isə ixtisasdan asılı olaraq aylıq ödənişin 100-150 manata qədər yüksəlməsi deməkdir.
Valideynlərin sözlərinə görə, eyni zamanda təhsil haqlarının yığılma qaydası da dəyişib. Belə ki, bu günə qədər aybaay ödənilən vəsaitlərin ildə iki dəfə yığılması göstərişi verilib.
Qeyd edək ki, uşaq incəsənət məktəblərində qiymətlərdə hər il artım müşahidə edilib. Amma bu artım indiki kimi kəskin yəni 2 dəfə deyil, əvvəlki illərlə müqayisədə daha az məbləğdə olub.
Qurumun sosial şəbəkə hesablarında olan paylaşımların altında da valideynlərin kütləvi narazılığını görmək mümkündür.
Şahanə Rəhimli
Musavat.com