AZ

Aİ-də dərman çatışmazlığı rekord həddə çatıb  

Yeni audit hesabatına görə, Avropa İttifaqı (Aİ) dərman çatışmazlığı problemini həll edə bilmir. Problem uzun illərdir məlumdur və effektiv nəzarət mexanizminin faktiki olmaması onun həllini əngəlləyir.

Auditorların hesabatına görə, Aİ ölkələrində dərman çatışmazlığı getdikcə daha da şiddətlənir və keçən il rekord həddə çatıb.

Hesablama Palatasının məlumatına əsasən, problem bu sahədə ümumavropa nəzarət strukturunun olmaması və ayrı-ayrı ölkələr arasında qanunlarda əhəmiyyətli fərqlərin mövcudluğu ilə daha da dərinləşir.

2022 və 2024-cü illər arasında Avropa Dərman Agentliyinə (EMA) 136 kritik dərman çatışmazlığı hadisəsi bildirilib. Bu ilin mart ayına olan məlumata görə, 34 dərman çatışmazlığı yaranıb ki, onlardan 16-sı Avropa Komissiyasının əsas preparatlar siyahısındadır.

Dərmanlar bu siyahıya istehsal problemləri, tələbatın kəskin artması və ya istehsalçının məhsulu satışdan çıxarmaq qərarına - təklifi müvəqqəti və ya daimi olaraq məhdudlaşdıran hər hansı faktorlara görə yerləşdirilir. Çatışmazlıqlara trombolitiklər, antibiotik amoksisillin və sianid zəhərlənməsi üçün antidotlar kimi həyati vacib dərmanlar daxildir.

Hesablama Palatası dərman vasitələrinin mövcudluğu və ehtiyatları ilə bağlı məlumatların parçalanmasını əsas problemlərdən biri hesab edir. Belə ki, fərqli ölkələr fərqli qaydalar tətbiq edirlər.

Məsələn, Niderlandda dərman istehsalçılarından gözlənilən çatdırılma müddəti iki həftədən çox olarsa, hər hansı ehtiyat çatışmazlığı barədə ən azı iki ay əvvəl Səhiyyə Nazirliyinə məlumat vermələri tələb olunur.

Qonşu Belçikada isə istehsalçılar ehtiyatların tükənməsini gözləyə bilərlər.

Üstəlik, istehsalçılar, görünür, yalnız öz ölkələrinin tənzimləyici orqanlarını xəbərdar edir, onlar da sonradan bu məlumatları ümumavropa orqanlarına ötürürlər. Praktikada bu hesabat gecikdirilə və ya hətta itirilə bilər. Auditorların bildirdiyinə görə, bəzi ölkələr bu məlumatı Brüsselə ümumiyyətlə vermirlər.

Hesabatda qeyd edilir ki, problem uzun illərdir məlumdur və Aİ kritik əhəmiyyət kəsb edən dərmanlarla bağlı qanunlar qəbul etməklə bir neçə mühüm addımlar atıb, lakin vəziyyət yaxşılaşmır.

Auditorlar bildirirlər ki, bu qanunlarda Avropa Komissiyasına və ya EMA-ya hesabat öhdəliklərinə əməl olunmasını təmin etməyə imkan verən sanksiyalar kimi icra mexanizmləri yoxdur.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr