AZ

2025-ci il üçün Qlobal İnnovasiya İndeksi dərc olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 2025-ci il üçün Qlobal İnnovasiya İndeksini dərc edib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, ilk onluqda texnoloji innovasiyaların ənənəvi nəhəngləri - İsveçrə, İsveç, ABŞ, Cənubi Koreya, Sinqapur, Böyük Britaniya, Finlandiya, Hollandiya, Danimarka və Çin üstünlük təşkil edir.

Çin Xalq Respublikası Almaniyanı qabaqlayaraq və artan patent aktivliyi, səxavətli sərmayələr sayəsində mövqeyini möhkəmləndirərək ilk onluğa daxil olub.

Aparıcı ölkələr elmə, texnologiyaya, təhsilə və sahibkarlıq ekosisteminə fəal və məqsədyönlü sərmayə qoyurlar. Avropa dünyanın ən innovativ regionu olaraq qalır və Çin inkişaf etməkdə olan iqtisadiyyatlar arasında inkişafın hərəkətverici qüvvəsidir.

Postsovet məkanında liderlər və onlardan geri qalanlar

Postsovet ölkələri arasında Estoniya effektiv rəqəmsal idarəetmə, startapların inkişafı və təhsilə investisiyalar sayəsində ən böyük uğura imza ataraq 16-cı yeri tutub. Litva (33-cü) və Latviya (41-ci) də xüsusilə həyat elmləri və maliyyə texnologiyaları sahəsində sabit artım nümayiş etdirib. Gürcüstan (56-cı) öz mövqeyini tədricən yaxşılaşdırır, İT və yaradıcı sənayeyə diqqət yetirir.

Yüksək elmi potensialına baxmayaraq, Rusiya 60-cı yeri tutur. Bu, gözləntilərdən aşağı göstəricidir. Hesabatda tədqiqatların zəif kommersiyalaşdırılması, vençur kapitalına çıxışın məhdudluğu və qlobal innovasiya zəncirlərinə qeyri-kafi inteqrasiya qeyd olunur.

“Rusiyanın güclü akademik bazası var, lakin o, biliyi daha fəal şəkildə bazara çıxarılan məhsullara çevirməlidir”, -deyə hesabatda qeyd olunur. Ukrayna 66-cı, Moldova 74-cü, Belarus 85-ci, Azərbaycan 94-cü, Qırğızıstan 96-cı, Tacikistan 108-ci yerdə qərarlaşıb.

Seçilən
25
1
azertag.az

2Mənbələr