Futbol üzrə İngiltərə milli komandasının və Madrid “Real”ının sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold zədələnib.
Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda evdə Marsel “Olimpik”inə 2:1 hesabı ilə qalib gəldikləri oyunda sıradan çıxıb.
İngilis müdafiəçi matçın 5-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Aleksander-Arnoldun bud nahiyəsində zədə aşkarlanıb. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, futbolçunun sol ayağının bud nahiyəsində zədə aşkarlanıb. “Marka”nın məlumatına görə, 26 yaşlı futbolçu 6-8 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, “Real” Aleksander-Arnoldu 2025-ci ilin yayında “Liverpul”dan transfer edib. Cinah müdafiəçisi İspaniya klubu ilə 2031-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.
Trent “Real”ın heyətində indiyə qədər 10 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Trent Aleksander-Arnold “Liverpul”un yetirməsidir və 2016-cı ilin iyul ayından “Real”a keçənə qədər “qırmızılar”ın əsas komandasında çıxış edib. İngilis futbolçu Mersisayd klubunun əsas komandasının heyətində 354 oyun keçirib, 23 qol və 92 məhsuldar ötürmə müəllifi olub.
Aleksander-Arnold “Liverpul”la İngiltərə Premyer Liqasını (2019/2020, 2024/2025), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2020) qazanıb.
Trent 2018-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 34 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.