Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında qurulmuş münasibətlər uzun illərdir müxtəlif istiqamətlərdə inkişaf etməkdədir. Bu əməkdaşlıq təkcə investisiya və iqtisadi əlaqələrlə məhdudlaşmır, enerji, təhlükəsizlik, logistika və alternativ enerji sahələrini də əhatə edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Xəyal Bəşirov bildirib.
Ekspert qeyd edib ki, son dövrlərdə dövlət rəhbərlərinin qarşılıqlı səfərləri, keçirilən görüşlər və müxtəlif təmaslar iki ölkə arasında çoxvektorlu əməkdaşlığın daha da genişlənməsinə xidmət edir: “Azərbaycan Prezidenti ilə BƏƏ Prezidentinin şəxsi münasibətləri ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Bu münasibətlərin dövlətlərarası əməkdaşlığa müsbət təsir göstərməsi hər iki xalqın maraqlarına xidmət edir”.
X.Bəşirovun sözlərinə görə, Azərbaycan və BƏƏ eyni dini-mədəni dəyərləri paylaşmaqla yanaşı, zəngin enerji resurslarına malik dövlətlərdir: “Enerji sahəsində əməkdaşlığın əsasını məhz bu təcrübə təşkil edir. Bununla yanaşı, Azərbaycanın regionda artan rolu, İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünün bərpa edilməsi və Cənubi Qafqazda söz sahibi dövlətə çevrilməsi BƏƏ də daxil olmaqla, bir sıra ölkələrin marağına səbəb olub”.
Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq təşkilatlarda – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər qurumlarda nümayiş etdirdiyi uğurlu fəaliyyət də ölkəmizə olan diqqəti artırır. Bu marağın arxasında təkcə iqtisadi amillər deyil, həm də regional təhlükəsizlik və logistika məsələləri dayanır.
“Orta dəhlizin reallaşması Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu dəhlizin işə düşməsi və Zəngəzur dəhlizinin istifadəyə verilməsi BƏƏ ilə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Xüsusilə də, alternativ enerji, yaşıl enerji istehsalı və ixracı istiqamətində BƏƏ-nin Azərbaycanla əməkdaşlığı strateji xarakter daşıyır”, – deyə ekspert vurğulayıb.
X.Bəşirov bildirib ki, BƏƏ Prezidentinin işğaldan azad olunmuş ərazilərə səfəri və həmin ərazilərdə investisiya layihələrinə maraq göstərməsi münasibətlərin inkişaf perspektivlərini bir daha təsdiqləyir.
“Əsas məsələ ondan ibarətdir ki, dövlət başçıları səviyyəsində bu əməkdaşlığa siyasi iradə mövcuddur. Bu iradə ortada olduqca, Azərbaycan və BƏƏ arasında daha genişmiqyaslı layihələrin reallaşacağına və əlaqələrin yeni mərhələyə qədəm qoyacağına şübhə yoxdur”, – deyə ekspert qeyd edib.