AZ

Məktəbdə baş verən cinayətə görə kim cavabdehdir? - QANUN

Keçdiyimiz gün Cəlilabad rayonunun Xəlilabad kənd tam orta məktəbində XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib. Yaralı yeniyetmə xəstəxanaya yerləşdirilsə də, orada vəfat edib.

Məktəbdə baş verən bu və oxşar hadisələrdə direktor və müəllimlər məsuliyyət daşıyırlarmı?

Hüquqşünas, ailə hüququ üzrə ixtisaslaşmış vəkil Elşad İsayev AzEdu.az-a açıqlamasında bildirib ki, əgər cinayət birbaşa şagirdlər arasında şəxsi münasibətlər zəminində baş veribsə, bu halda məktəb rəhbərliyinin və müəllimlərin hüquqi məsuliyyəti nəzərdə tutulmur.

168123

"Burada məsələ belədir ki, ortada konkret bir cinayət tərkibi və fakt var. Bu cinayətə görə təqsirləndirilən şəxsin yaşına uyğun olaraq iş məhkəməyə göndəriləcək və istintaq aparılacaq. Cinayət Məcəlləsinin ən azı 120.1-ci maddəsi ilə məsuliyyət müəyyən olunur.

Ancaq maraqlı məqam ondadır ki, direktorun və müəllimin hansısa məsuliyyəti varmı? Bu, təbii ki, araşdırma mövzusudur və istintaq aparışı bunu müəyyən edəcək. İlkin baxışdan isə demək olar ki, burada nə direktorun, nə də müəllimin günahı yoxdur. Əgər cinayət iki şagird arasında münasibətlər zəminində baş veribsə, bu halda üçüncü şəxsin təqsiri yoxdur.

Bununla belə, istintaq çox şeyi müəyyən edə bilər. Əgər araşdırma zamanı məlum olsa ki, müəllim və ya direktor dalaşmaya, cinayətə səbəb ola biləcək hərəkət və ya hərəkətsizlik edib, məsələn, mübahisə yaradıb, nifaq salıb və ya hər iki tərəfdən birinə zərərli məlumat verib. Onda onların da cinayətin törədilməsində müəyyən mənada məsuliyyəti müzakirə oluna bilər.

Digər tərəfdən, əgər hadisə müəllimin gözünün qarşısında baş verib, şagirdlərdən biri köməksiz vəziyyətdə cinayət xarakterli əməllərə məruz qalıb və müəllim kifayət qədər imkanı, səlahiyyəti olduğu halda buna müdaxilə etməyibsə, bu da hərəkətsizlik kimi qiymətləndirilir. Belə halda müəllim və direktorun məsuliyyətindən söhbət gedə bilər. Yox əgər hadisədən onların ümumiyyətlə xəbəri olmayıbsa, qanunverici onların üzərinə məsuliyyət qoymur.

Bir daha vurğulayıram ki, əgər direktor və ya müəllim öz vəzifəsini yerinə yetirməyərək, cinayət hadisəsinin qarşısını almağa imkanlı olduğu halda etinasızlıq göstəribsə, onda onların məsuliyyətə cəlb olunması müzakirə edilə bilər.

Ümumilikdə, bütün bu məsələlər hüquqi xarakter daşıyır və istintaqın araşdırması nəticəsində aydınlaşacaq. Bu səbəbdən, indidən konkret hökm vermək düzgün olmaz. İlkin olaraq isə məsələ qanunvericiliklə müəyyənləşdirilmiş çərçivədədir".

Seçilən
5
azedu.az

1Mənbələr