Havaların soyuması ilə birlikdə soyuqdəymə və qrip mövsümü də qapımızı döyür. Xəstəliklərdən tam qorunmaq mümkün olmasa da, vaxtında görülən tədbirlər nəticəsində bədənin müqavimətini artıra bilərik.
Həkim-terapevt Sübhan Hacıyev Hakimiyyet.az -a açıqlamasında bildirib ki, insan təbiətlə çox sıx əlaqədədir və təbiətdə olan bir çox makro-mikroelementlər insan orqanizmində də öz yerini tapıb:
"Hətta təbiətdə baş verən iqlim hadisələr də bizim orqanizmimizə təsirsiz ötüşmür. Eləcə də havaların dəyişkənliyi bizim öz səhhətimizə də mənfi və müsbət təsir göstərə bilir. Xüsusilə də soyuq payız-qış aylarında, daha çox praktik sağlamlığı zəif olan insanlarda, yəni adaptasiya (uyğunlaşma) prosesləri ləng gedən şəxslərdə virus infeksiyalarının artdığını görürük. Burada daha çox qrip, rinovirus, adenovirus, paraqrip, eləcə də pandemiyasını yaşadığımız COVID virusu ilk sıralarda dayanır. Bu virus infeksiyaları əsasən yuxarı tənəffüs yollarında müşahidə olunur. Ağırlaşdığı zaman alt tənəffüs yollarına, bronxlara və ağciyərlərə keçə bilir. Daha çox yüksək hərarət, boğaz ağrısı, burun tutulması, ümumi halsızlıq, əzələ ağrıları, quru öskürək kimi simptomlarla özünü göstərir. Əgər simptomlar üç gündən çox davam edərsə, birbaşa həkimə müraciət etmək lazımdır".
Həkim qeyd edib ki, risk qruplarına körpə uşaqlar və 65 yaşdan yuxarı, xroniki xəstəlikləri olan şəxslər daxildir:
"Bu xəstəliklərə kardioloji problemlər, nefroloji, yəni böyrək çatışmazlığı, həmçinin şəkərli diabet aiddir. Belə hallarda mövcud əsas xəstəliklər daha tez ağırlaşa bilir. Bütün bunları nəzərə alaraq, insanlarımıza həkim-terapevt olaraq tövsiyə edərdim ki, öncəliklə mövsümə uyğun geyinsinlər, gün ərzində litr yarımdan iki litrə qədər ilıq su, maye tükətsinlər.
Soyuq fəsillərdə, xüsusilə də xəstəliklərin geniş yayıldığı dövrlərdə C və D vitamini, sink, selen kimi mikroelementlərdən profilaktik məqsədlə istifadə etmək tövsiyə olunur. Bununla yanaşı, ən azı ildə bir dəfə çekap müayinəsindən keçmək və altda yatan xəstəlikləri vaxtında aşkarlamaq vacibdir ki, sonradan gecikmiş xəstəliklərlə üzləşməsinlər".
Həmidə İbrahimova