Biz illərdir çağırış edirik ki, universitet proqramlarında yalnız ixtisas fənləri qalsın, ümumtəhsil fənləri isə dayandırılsın. Tələbələr əsas diqqətlərini yalnız öz ixtisaslarına yönəltməlidirlər, çünki onların gələcək peşə fəaliyyətində məhz bu biliklər əsas rol oynayır.
Bu fikirləri təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında bildirib.
“Digər bilik sahələrinə isə texnologiyanın inkişafı sayəsində istənilən vaxt əlçatan alətlər vasitəsilə yiyələnmək mümkündür. Süni intellekt və axtarış sistemləri artıq tələbələrin ümumi məlumat ehtiyacını qarşılayır. Məsələn, sadəcə “Google” üzərindən istədiyimiz mövzu haqqında saniyələr içində cavab tapmaq mümkündür. Bu baxımdan əlavə qeyri-ixtisas fənlərinin tədrisinə ehtiyac qalmır.
Əgər bu qərar tətbiq olunarsa, ali təhsilin müddəti də azaldıla bilər: əyani formada 4 ildən 3 ilə, qiyabi formada isə 5 ildən 4 ilə enməsi mümkündür. Bu isə tələbələrin həm vaxtına, həm də əmək bazarına daha tez uyğunlaşmasına müsbət təsir göstərəcək.
Digər tərəfdən, bu yanaşma həftəlik dərs yükünü də azalda bilər. Belə ki, tədrisi 5 gün deyil, 4 gün ərzində tamamlamaq mümkün olar. Nəticədə tələbələr daha səmərəli oxuyar və vaxtlarını düzgün idarə edə bilərlər.
Bütün bunlar göstərir ki, yalnız ixtisas fənlərinə fokuslanan yeni model həm tədrisin keyfiyyətini artırar, həm də təhsil prosesini daha çevik və adekvat edər”.