AZ

Braziliya radioları Üzeyir Hacıbəyliyə və Milli Musiqi Gününə həsr olunmuş verilişlər yayımlayıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Braziliyanın aparıcı radiostansiyalarından olan “Nova Brasil” Azərbaycan klassik musiqi sənətinin banisi, bəstəkar Üzeyir Hacıbəyli və 18 Sentyabr - Milli Musiqi Günü ilə bağlı veriliş hazırlayıb. Jurnalist Barabara Lins tərəfindən təqdim olunan verilişin qonağı Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz olub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, səfir R.Novruzov ölkəmizin milli-mədəni tarixi barədə dinləyicilərə məlumat verib, dahi bəstəkarın həyat və yaradıcılığı, eləcə də xalqımızın peşəkar musiqi sənətinə verdiyi əvəzsiz töhfələrdən danışıb, jurnalistin bu barədə suallarını cavablandırıb.

Jurnalist B.Lins Braziliyadan çox uzaqda yerləşməsinə baxmayaraq, belə bir zəngin milli-mədəni irsə malik olan Azərbaycanın Braziliya ictimaiyyəti üçün maraq kəsb etdiyini, ötən il keçirilən COP29 tədbirləri zamanı dünya xalqlarının bu qüdrətli diyar ilə daha yaxından tanış olmaq fürsəti qazandığını bildirib.

Verilişin sonunda dahi bəstəkarın unudulmaz əsərlərindən olan “Arazbarı” simfonik muğamı səsləndirilib.

“Nova Brasil” radio kanalının izləyiciləri mədəniyyət sferasının şəxsləri ilə bərabər, ölkənin yerli əyalətlərindən çıxan siyasətçilər və ölkənin 10-dan artıq bölgəsində yaşayan braziliyalılardır. Hər gün canlı efirdə yayımlanan verilişlərin izləyicilərinin sayı 10 mindən çoxdur.

Görkəmli bəstəkara və Azərbaycanda Milli Musiqi Gününə Braziliyanın paytaxtından yayım edən “Radio Camara” şirkəti də efir vaxtı ayırıb. Sentyabrın 18-də müxtəlif saatlarda dahi Üzeyir Hacıbəylinin üç əsəri efirə verilib. Belə ki, unudulmaz bəstəkarın “Koroğlu” operasından və “Arşın Mal Alan” operettasından uvertüralar və “Arazbarı” simfonik muğamı braziliyalı musiqisevərlərə təqdim olunub.

Qeyd edək ki, “Rádio Câmara” Braziliya radio şəbəkəsidir və Braziliya Konqresindəki Deputatlar Palatasının rəsmi ictimai radio-televiziya qrupuna aiddir. Onun gündəlik auditoriyasına 500-dən çox parlament siyasətçisi, eləcə də ölkənin siyasi dinamikasını izləyən minlərlə vətəndaş daxildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr