AZ

Neftçalanın icra başçısı səyyar görüş keçirib - FOTOLAR

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Birinci Qaralı kəndinin sakinləri ilə səyyar görüş keçirib.

"Unikal" xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Aşağı Qaramanlı kənd ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Birinci Qaralı kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Dövlət Suverenliyi Gününün təsis edilməsi ölkəmizin əbədi müstəqilliyinin və suverenliyinin rəmzidir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının müasir tarixində mühüm əhəmiyyət daşıyan Dövlət Suverenliyi Gününün təsis edilməsi xalqımızın azadlıq və müstəqillik iradəsinin təntənəsidir. Bu əlamətdar gün, dövlətimizin beynəlxalq hüquq normalarına əsaslanan suverenliyinin, siyasi və iqtisadi müstəqilliyinin, milli birliyimizin və azad gələcəyimizin simvoludur. Dövlət Suverenliyi Günü yalnız tarixi hadisənin xatırlanması deyil, eyni zamanda ölkəmizin müstəqilliyinin dönməzliyini və xalqımızın bu dəyərlərə sarsılmaz sadiqliyini nümayiş etdirən rəmzi gündür. Bu gün hər bir azərbaycanlının qürurla andığı, dövlətçiliyimizin möhkəmləndirilməsinə çağırış etdiyi anlamlı tarixin olması haqqında iştirakçılara geniş məlumat veriblər.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Azərbaycan xalqı üçün müstəqillik və suverenlik sadəcə hüquqi anlayış deyil, eyni zamanda böyük tarixi əhəmiyyətə malik, min illərlə yaşadılan milli azadlıq idealının təcəssümüdür. Prezident cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Gününün təsis edilməsi, Azərbaycan Respublikasının əbədi müstəqilliyinin və dövlət suverenliyinin əbədi və dönməz xarakter daşıdığını təsdiqləyən mühüm tarixi qərardır.

RİH-in başçısı bildirib ki, Müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətçilik ənənələri yenidən bərpa edilib, hüquqi-siyasi sabitlik təmin olunub, müstəqilliyimiz dönməz xarakter qazanıb. Ulu Öndər Heydər Əliyev deyirdi: “Müstəqillik bizim ən böyük sərvətimizdir.” Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutub, suverenliyini qoruyub saxlayıb. Bu siyasi kursu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa edərək tam suverenliyini təmin edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, suveren Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu zəfər həm də Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi, torpaqlarımızın azad olunması ilə milli ləyaqətimizin və tariximizin bərpa olunması idi. Prezident cənab İlham Əliyev bu möhtəşəm tarixi nailiyyəti belə ifadə etdi: “Biz bu Qələbəni xalqımızın birliyi, Ordumuzun gücü, şəhidlərimizin qanı bahasına qazandıq”.

RİH-n başçısı bildirdi ki, suverenliyimizi və müstəqilliyimizi qorumaq, onu gələcək nəsillərə əmanət kimi çatdırmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Dövlət Suverenliyi Günü bu vəzifənin daha dərindən dərk olunması, milli birliyimizin, dövlətçiliyimizin və torpaqlarımıza sahib çıxma iradəmizin daha da güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Rayon İcra hakimiyyətinin başçısı Qərbi Azərbaycanın memarlıq abidələri ilə zəngin olmasına da xüsusi diqqət çəkib. O qeyd edib ki, İrəvan qalası, Göy məscid, Sərdar sarayı, qədim mədrəsələr, körpülər və karvansaralar bu torpaqlarda Azərbaycan mədəniyyətinin canlı izlərini bu günədək qoruyub saxlayır.

Təəssüf ki, zaman-zaman baş verən siyasi hadisələr nəticəsində bu irsimizə qarşı mənimsəmə və məhv etmə cəhdləri də olub. Lakin xalqımız bu abidələrin tarixi və mənəvi dəyərini heç vaxt unutmur. Bu gün də Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutur. Orada doğulub ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımız Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. 

Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, dayanacaq quraşdırılması, kənddaxili yolun təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər

Seçilən
9
15
unikal.az

10Mənbələr