“İmişli” Peşəkar Futbol Klubu ictimaiyyətə müraciət ünvanlayıb.

Ofssideplus.az xəbər verir ki, bəyanatda deyilir: “13 sentyabr 2025-ci il tarixində keçirilmiş Misli Premyer Liqasının IV turu çərçivəsində baş tutmuş “İmişli” – “Sumqayıt” qarşılaşması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İntizam Komitəsinin 18 sentyabr 2025-ci il tarixli iclasında bir sıra qərarlar qəbul olunub.

“İmişli” PFK olaraq barəmizdə çıxarılan qərarları ağır hesab edirik  və müvafiq hüquqi çərçivədə mövcud hüququmuzdan istifadə edərək, AFFA İntizam Komitəsinin qəbul etdiyi qərarlarla bağlı Apellyasiya Arbitraj Tribunalına rəsmi apellyasiya şikayəti təqdim edəcəyimizi ictimaiyyətin diqqətinə çatdırırıq.

Prosesin gedişi ilə bağlı ictimaiyyəti və dəyərli azarkeşlərimizi mütəmadi olaraq
məlumatlandıracağıq”.

Qeyd edək ki,  AFFA İntizam Komitəsinin qərarına əsasən, “İmişli”nin heyətində adı oyunun iştirak ərizəsində olmayan futbolçu meydana daxil olub. Buna görə də “Sumqayıt”a texniki qələbə verilib (3:0).