AĞDAM, 18 sentyabr. TELEQRAF
“Ağdamda və ümumilikdə Qarabağda olmaqdan çox təsirləndim. Sizin ölkənizin burada gördüyü işlər heyrətamizdir. Uzun illər müharibə və dağıntılar altında qalan bu ərazilərin yenidən qurulması çox böyük uğurdur. Hökumətinizin yeni şəhərlər, yeni obyektlər inşa etməsi, insanların doğma yurdlarına qayıtması üçün yaratdığı imkanlar böyük cəsarət tələb edir və bunu yüksək qiymətləndirirəm”.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib.
O, səfərdən öyrəndiyi üç vacib məqamı xüsusi vurğulayıb:
“Birincisi, müharibə heç vaxt yaxşı deyil. Müharibə insanların həyatını məhv edir, dərin yaralar açır və ağır nəticələr qoyur.
İkincisi, əgər sülhü istəyirsinizsə, bunu vizion kimi qəbul edib, müharibəni dayandırmaq və sülh üçün real addımlar atmaq lazımdır. Azərbaycan və Ermənistan məhz bu istiqamətdə mühüm irəliləyiş əldə ediblər.
Üçüncüsü, Avropa İttifaqı bu prosesə dəstək verməyə hazırdır. Ümid edirəm ki, bu gün maliyyə sazişini imzalaya biləcəyik və bu, xüsusən səhiyyə sahəsində bölgəyə maliyyə dəstəyi göstərməyə imkan yaradacaq”.
O, Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə yüksələcəyinə inandlğını əlavə edib.