AZ

"Ödəmə qabiliyyəti zəif olan müştərilər risk yaradır" - AYDINLIQ GƏTİRİLDİ

"2025-ci ilin avqust ayına olan məlumata görə, iqtisadiyyatda kredit təşkilatları üzrə müddətli kredit portfelinin həcmi 30 milyard 257 milyon manat olmuşdur. Həmin tarixdə vaxtı keçmiş kreditlərin həcmi isə 529 milyon manat təşkil etmişdir. Bu da ümumi kredit portfelinin təxminən 6 faizinə bərabərdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, ümumilikdə, bu göstərici normal səviyyədə qiymətləndirilir və hər hansı təhlükə doğuran vəziyyət kimi dəyərləndirilmir: "Vaxtı keçmiş kreditlərin idarə olunması istiqamətində Mərkəzi Bank banklara müvafiq təlimatlar verir, bu kreditlərin strukturu müəyyənləşdirilir. Bir sıra borcların geri qaytarılması mümkün olur, digərləri isə silinmiş borc kimi təsnifləşdirilir və onların bərpası artıq mümkün sayılmır.

Vaxtı keçmiş kreditlərin yaranmasının əsas səbəbləri arasında müştərilərin ödəmə qabiliyyətinin zəifləməsi və ya öhdəliklərə yanaşmada məsuliyyətsizlik halları qeyd olunur. Bu problemlərin qarşısını almaq məqsədilə banklarda risklərin idarə olunması sistemləri yaradılır, xüsusi kredit fondları formalaşdırılır, müştərilərlə borcun qaytarılması istiqamətində danışıqlar aparılır. Əgər bu cəhdlər nəticə vermirsə, məsələ məhkəmə müstəvisinə çıxarılır.

Vaxtı keçmiş kreditlərin həcminin azaldılması və risklərin effektiv idarə olunması üçün mühüm addımlardan biri vəsait verilməzdən əvvəl müştərinin maliyyə vəziyyətinin dərindən araşdırılmasıdır. Bu, ödəmə qabiliyyəti zəif olan və riskli müştərilərlə bağlı potensial problemlərin qarşısının vaxtında alınmasına imkan yaradır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
21
1
sia.az

2Mənbələr