1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Ötən il imzalanmasının 15 illiyini qeyd etdiyimiz Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının (TDT) uğurlu inkişaf yolunun başlanğıcı oldu".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Bişkekdə keçirilən TDT üzv ölkələrinin hökumət başçılarının və vitse-prezidentlərinin görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müasir qlobal çağırışlar bizdən daha sıx əməkdaşlıq və çevik qərarlar tələb edir:
"Bu baxımdan, TDT çərçivəsində fikir mübadiləsi aparmaq, mövqelərimizi yaxınlaşdırmaq və ortaq yanaşmalar formalaşdırmaq böyük əhəmiyyət daşıyır. Türk dövlətlərinin səylərinin birləşdirilməsi sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".
Ə.Əsədov qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, iqtisadi potensialımızın gücləndirilməsi və nəqliyyat dəhlizlərinin şaxələndirilməsi üçün yeni imkanlar açır.
Baş nazir, həmçinin vurğulayıb ki, ötən il imzalanmasının 15 illiyini qeyd etdiyimiz Naxçıvan Sazişi təşkilatın uğurlu inkişaf yolunun başlanğıcı oldu:
"Bu müddət ərzində biz ortaq tariximiz, mədəniyyətimiz və dilimiz əsasında çoxşaxəli əməkdaşlıq qurmuşuq. Təşkilatımız bir çox istiqamətdə fəaliyyət göstərir. Coğrafi əhatəsi, təbii resurs potensialı və insan kapitalı təşkilatımızı beynəlxalq aləmdə strateji əhəmiyyətə malik quruma çevirir".
"Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatı bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Biz təşkilatımızın bölgədə və qlobal miqyasda siyasi və iqtisadi nüfuzunun artmasını tam dəstəkləyirik. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzvü olan bütün dövlətlərlə ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub", - Əli Əsədov əlavə edib.