AZ

Azərbaycan bu ölkə ilə əməkdaşlığa dair 40-dan çox memorandum imzalanıb  

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İslam dünyasında Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir. BƏƏ əsas enerji tərəfdaşlarından, eləcə də Körfəz Əməkdaşlıq Şurasında ən güclü ticarət tərəfdaşlarından biridir. 2020-ci ildən etibarən Azərbaycan BƏƏ-nin “Masdar” şirkəti ilə tərəfdaşlıq edir. 2023-cü ildə bir sıra layihələr həyata keçirilib. Qaradağda fəaliyyətə başlayan günəş elektrik stansiyası MDB məkanında ən böyük stansiyadır. İki ölkə arasında əməkdaşlıq ölkə başçılarının qarşılıqlı görüşləri və səfərləri ilə ən yüksək səviyyəyə çatmaqdadır.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) aparıcı məsləhətçisi Lalə Xəlilzadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfərini şərh edərkən bildirib. L.Xəlilzadə xatırladıb ki, Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında görüş məhz Əbu-Dabidə keçirilib: “Görüşün Əbu-Dabidə keçirilməsi Azərbaycan tərəfindən təklif olunmuşdu. Bu, Azərbaycanın dost ölkə BƏƏ-ə etimadının göstəricisi idi. İqtisadiyyat, turizm, enerji sahələrində əməkdaşlıq da inkişaf etməkdədir. Onu da vurğulamaq lazımdır ki, ölkələrimizi birləşdirən ortaq maraqlar var. Həm Azərbaycan, həm də BƏƏ dini radikalizmə, terrorçuluğa qarşı mübarizə aparır. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan işğaldan azad edilən ərazilərə səfər edən ilk ərəb ölkəsi başçısı oldu. Bu da iki ölkə arasında dostluq əlaqələrinin nə dərəcədə möhkəm olduğunu göstərir. İndiyə kimi iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığa dair 40-dan çox memorandum imzalanıb. Sonuncu səfər zamanı tərəflər arasında bir neçə mühüm sənəd imzalandı. Eyni zamanda BƏƏ Prezidentinin şərəfinə təşkil olunan müxtəlif formatlı tədbirlər qarşılıqlı maraqların təzahürüdür”.



L.Xəlilzadə həmçinin, diqqətə çatdırıb ki, son illərdə Azərbaycanın nüfuzu təkcə, Cənubi Qafqazda deyil, İslam dünyasında da artmaqdadır: “Bu, həm ərəb ölkələrinin başçıları arasında keçirilən görüşlərdən, həm imzalanan əməkdaşlıq memorandumlarından, eyni zamanda beynəlxalq sammitlərdə iştirakdan da aydın görünür. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Fövqəladə Ərəb-İslam Sammitində iştirak edib. Bütün bunlar Azərbaycanın ərəb ölkələri ilə əməkdaşlığının genişlənməsinin göstəricisidir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr