AZ

ABŞ nin siyasi elitası İsrailə münasibətdə parçalanmış vəziyyətə düşüb AÇIQLAMA

ain.az, Redaktor.az saytına istinadən bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu yaxın günlərdə ABŞ Prezidenti Donald Trampla Ağ Evdə yenidən görüşəcəyini bildirib.

İki liderin görüşü Yaxın Şərqdəki proseslərə, xüsusilə Qəzzadakı işğala necə təsir göstərəcək?

Redaktor.az-a danışan politoloq Elçin Xalidbəyli bildirdi ki, İsrailin xarici siyasəti böyük ölçüdə Amerika Birləşmiş Ştatlarından asılıdır.

"Xüsusilə də Yaxın Şərqdə baş verən hadisələrin arxasında məhz ABŞ dayanır. İsrail həm Qəzza bölgəsində, həm də digər qonşu ölkələrdə törətdiyi hadisələrə görə məhz ABŞ-yə güvənir. Ona görə də belə rahatlıqla hərbi əməliyyatlar keçirir və bu qədər qorxunc hadisələr baş verir. Ancaq son vaxtlar situasiya ciddi şəkildə dəyişməyə başlayıb. Çünki, artıq dünya İsrailin davranışlarını açıq şəkildə, həm də sərt şəkildə qınamağa başlayıb".

Müsahibimiz vurğuladı ki, Avropa ölkələri İsrailə qarşı sanksiyalar tətbiq etməyə başlayıblar:

"Fələstinin müstəqilliyini tanımaq niyyətində olduqlarını bildirirlər. BMT-də də İsrailin əleyhinə və Fələstinin dövlət statusu qazanmasına yönəlik sənəd qəbul olunub. İndi İsrail üçün ABŞ-nin reaksiyası böyük əhəmiyyət daşıyır. Son vaxtlara qədər ABŞ bütün məsələlərdə İsraili tam şəkildə dəstəkləyib. Ancaq son vaxtlar ABŞ-də də müəyyən problemlər yaranmağa başlayıb. Çünki ABŞ-nin siyasi elitası İsrailə münasibətdə parçalanmış vəziyyətə düşüb. Bir qisim İsrailin durdurulmasını tələb edir, digər qisim isə İsrailin dəstəklənməsinin vacib olduğunu bəyan edir. Son vaxtlar Tramp administrasiyasına qarşı bu məsələ ilə bağlı təzyiqlər də artıb".

Politoloqun sözlərinə görə, Tramp administrasiyası da hazırda bu məsələ ilə bağlı o qədər də rahat deyil:

"Ona görə də hesab eləmək olar ki, Netanyahunun Trampla görüşünün nəticələri böyük ölçüdə prezident Trampa Amerika cəmiyyətinin, Amerika siyasi elitasının təzyiqlərindən asılıdır. Əgər o təzyiqlər İsrailin əleyhinə olarsa, o zaman Tramp Netanyahuya hərbi əməliyyatları dayandırmaq barədə tələb irəli sürə bilər. Ancaq bu təzyiqlər yetərli olmazsa, o vaxt Tramp Netanyahunu və İsraili dəstəkləməkdə davam edər".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
redaktor.az

2Mənbələr