AZ

Qaradağda Ələt qəsəbəsi palçığa qərq olub… – Video

Qaradağ rayonu Ələt qəsəbəsində acınacaqlı durum hökm sürür. Dizə qədər palçıq olan qəsəbənin yolları müharibə meydanını xatırladır.

Tribunainfo.az xəbər verir ki, sakinlərin sözlərinə görə, qəsəbədə bütün yollar bərbad haldadır. Yağışlı günlərdə isə problem daha da dərinləşir və hərəkət müşkülə çevrilir. Qəsəbənin xüsusilə Fizuli küçəsinin girəcəyi bataqlığa çevrilib. Sözügedən küçəyə nəinki piyada, heç maşınla belə getmək mümkün deyil. Su ilə dolu gölməçələr, dizə qədər palçıq küçəyə girişi tamam dayandırıb. Sakinlər bildirib ki, payız-qış aylarında, yağıntılı günlərdə dərsə, işə getmək mümkün deyil. Çünki bu küçədən nə çıxmaq mümkündür, nə də küçəyə girmək.
Sakinlərin sözlərinə görə, qəsəbəyə Təcili Tibbi Yardım maşınları belə girə bilmir:
“Bir az yağış yağan kimi palçıq dizə qalxır. Bu yola nə ayaqqabı dözər, nə maşın. Təcili Yardım çağırırıq, o da ilişib qalır palçıqda. Biz özümüz itələyib çıxarırıq maşını palçıqdan. Hər qış vəziyyət belədir. Daha müraciət etmədiyimiz yer qalmayıb. Nə icra hakimiyyəti maraqlanır, nə bələdiyyə, nə də başqa dövlət qurumu”.
Sakinlər illərdir davam edən bu problemin həll ediləcəyi günü səbirsizliklə gözləyirlər.
Xatırladaq ki, Ələt qəsəbəsindəki vəziyyətlə bağlı Xəzər Tv -də reportaj hazırlayıb. Hazırlanan sujetdə də görünür ki, vəziyyət həqiqətən də acınacaqlıdır.
Görünən odur ki, rayona rəhbərlik edən Süleyman Mikayılovu şəxsi maraqlardan başqa heç nə düşündürmür. Hələ ötən ilin payızında yağan yağışlar nəticəsində 100-dən çox evi su basmışdı. Sonradan məlum olmuşdu ki, həmin evlərin tikintisinə məhz Süleyman Mikayılov “icazə” verib.
Aidiyyəti dövlət qurumlarının mövqeyini işıqlandırmağa hazırıq.

Seçilən
14
2
yenilik.az

3Mənbələr