AZ

Mobil operatorların gizli oyunu ifşa oldu: Balansdan pul necə yoxa çıxır?

Azərbaycanda telekommunikasiya sektorunda yaranmış problemlər hər gün daha da kəskinləşir. Ölkənin ən böyük mobil operatoru olan “Azercell” ilə bağlı şikayətlər isə son aylarda rekord həddə çatıb. Sosial şəbəkələrdə, müxtəlif onlayn qruplarda istifadəçilər ödəniş etdikləri internet paketlərinin bir anda bitməsindən narazılıq edirlər. Abunəçilərin sözlərinə görə, texniki cəhətdən mümkün olmayan bu hal faktiki olaraq onların aldadılması deməkdir. Buna baxmayaraq, nəzarət orqanlarının səssizliyi və tədbirsizliyi ictimai etimadı sarsıdır. Bəs istehlakçıların hüquqlarını kim qoruyacaq?
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, mobil operatorların vətəndaşları soyması illərdir davam edir:
 
"Hətta vaxtilə mənim yanıma deputatlar da şikayətə gəlmişdilər. Xaricə səfər edənlərdən istifadə olunmadan külli miqdarda pul tutulurdu. Sanki müasir telefon istehsalçıları ilə mobil operatorlar gizli əlaqədədirlər. Telefonlarda elə funksiyalar var ki, bilmədən barmağın toxunsa, dərhal mobil operator balansından pul çıxır."
 
Sədr bildirib ki, o özü də “Azercell” istifadəçisidir və dəfələrlə xaricə səfərlərində rominq xidməti üçün ödəniş etsə də, heç istifadə etmədiyi halda balansından pul silinib:
 
" Azərbaycanda mobil operatorlarla əlaqə qurmaq, şikayətləri həll etmək mümkün olmur. İllərdir vətəndaşların müraciətlərinə cavab tapmamışıq. Dövlət qurumlarına yönləndiririk, amma onlar da effektiv iş görmürlər. Mobil operatorların fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi həyata keçirməlidir. Prezidentin bu ilin fevral ayında həmin qurumu İqtisadiyyat Nazirliyindən ayıraraq Prezident Administrasiyasının tabeliyinə verməsi də təsadüfi deyil. Lakin agentlik yaranandan bəri müsbət iş görməyib. 1995-ci ildə “'İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olunub. O vaxtdan qanunda ciddi dəyişiklik olmayıb. Təəssüf ki, edilən dəyişikliklər də istehlakçıya xeyir yox, ziyan gətirib. Qanunlar istehlakçını deyil, onu soyub talayan biznes qurumlarını dəstəkləyir”.
 
Eyyub Hüseynov vurğulayıb ki, Azərbaycanda mobil operatorların istehlakçı hüquqlarını pozması adi hala çevrilib:
 
““Azercell” başda olmaqla bütün mobil operatorlar müxtəlif “priyomlardan” istifadə edərək vətəndaşları aldadırlar. Məsələn, Azercell-in  "1 manat – 1 gün” prinsipi ləğv edilməlidir. Bu, açıq-aşkar istehlakçı hüquqlarının pozulması və məhdudlaşdırılmasıdır. Bu hallara təsir göstərə biləcək ən yaxşı yol kütləvi boykotdur. Digər tərəfdən, dövlət elə addımlar atmalıdır ki, bazara yeni operatorlar daxil olsun. Daha keyfiyyətli xidmət göstərən şirkətlər yaranarsa, insanların seçim imkanları genişlənər. Hazırkı mobil operatorlar üstün mövqelərindən istifadə edərək illərdir istehlakçıların hüquqlarını pozurlar”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
2
moderator.az

3Mənbələr