AZ

Separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq

“Tarixi Zəfərimizin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. 2023-cü ilin noyabrında Xankəndi şəhərində keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tariximizə  yazıldı. Antiterror əməliyyatını zəruri edən bir neçə amil var idi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri Qarabağdan tam çıxarılmamışdı və qarşı tərəf qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, ərazidən çıxarılması ilə tədbir görmürdü. Əksinə, qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi. Digər tərəfdən, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” keçirilmişdi. Separatçı qüvvələrin yeni bir hakimiyyət formalaşdırmaq cəhdləri və qeyri-qanuni silahlı dəstələrə maddi-siyasi dəstək verilməsi Ermənistanın daha böyük hərbi təxribatlara hazırlaşdığını göstərirdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror əməliyyatını qaçılmaz etdi”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, aparılan qısamüddətli lokal xarakterli antiterror əməliyyatı nəticəsində düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarıldı: “Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, həmçinin radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir. Düşmənin uzun müddətdən bəri qurduğu və möhkəmləndirdiyi mövqelərini əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıqla yarıb keçə bildi. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı. Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror əməliyyatı nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Azərbaycanın qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizəsi, müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslərə, xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir”.

Malik Həsənov vurğulayıb ki, lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhfə verdi: “Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki, ölkəmizlə ultimatum dilində danışmaq olmaz. Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, respublikamızın suverenliyi tam təmin edildi, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Azərbaycan Silahlı Qüvvələri özünün ən qüdrətli mərhələsini yaşayır”.

Millət vəkili bildirib ki, hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” uğurla icra olunur: “Artıq Xocalı şəhəri də daxil olmaqla işğaldan azad edilmiş şəhər və kəndlərimizə keçmiş məcburi köçkünlərin qayıdışı mərhələ-mərhələ təmin olunur, bu torpaqlarda yeni həyat başlayır.  Dövlət başçısı İlham Əliyevin suverenliyimizin bərpasından sonra Xankəndiyə, Xocalıya, Xocavəndə, Ağdərəyə çoxsaylı səfərlərinin hər biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Ölkə Prezidentinin təkcə suverenliyimizin bərpasının ikinci ildönümü ərəfəsində, sentyabrın 14-də Xocalı, Xocavənd rayonlarına və Xankəndi şəhərinə səfəri çərçivəsində atılan addımların miqyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bir daha bu çağırışı etdi ki, 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq. Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər. Əlbəttə, bütün dünya bu gün Azərbaycan haqqında danışır. Öz doğma torpağı uğrunda Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən və qalib gələn ikinci ölkə yoxdur”.

Seçilən
13
4
modern.az

5Mənbələr