AZ

BŞİH nümayəndələri Minskin 958 illiyinə həsr olunan tədbirlərdə iştirak ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinin 958 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib. Səfər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov Minsk Şəhər İcraiyyə Komitəsi sədrinin müavini Oleg Korzun ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri, o cümlədən şəhər təsərrüfatı, ekoloji təhlükəsizlik və tullantıların idarə olunması məsələləri müzakirə olunub.
Oleg Korzun Bakı şəhərinin inkişafını, abadlıq və təmizlik səviyyəsini yüksək qiymətləndirib. O, xüsusilə Bakıda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi sahəsində həyata keçirilən layihələrin uğurundan xəbərdar olduğunu qeyd edib və bu təcrübəni öyrənməkdə maraqlı olduqlarını bildirib.
Ayaz Hüseynov isə vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində Bakı inkişaf edir, şəhərdə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Bu gün Azərbaycan və Belarus arasında münasibətlərin möhkəmlənməsi hər iki ölkə rəhbərinin siyasi iradəsinin nəticəsidir. O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərində həyata keçirilən bərk məişət tullantılarının çeşidlənmə layihəsi uğurla icra olunur və Bakının bu sahədə təcrübəsini bölüşməyə hazırdırlar.
Seçilən
80
oxu.az

1Mənbələr