2025/2026-cı tədris ilində ali məktəblərə yüksək baııa qəbul olunan abituriyentlərin seçdikləri ixtisaslar və universitetlər maraq doğurur.
Bu il ali təhsil müəssisələrinə qəbul olan tələbələr arasında 600-dən çox bal bal toplamış abituriyentlərin sayı nə qədərdir?
Mövzu ilə bağlı AzEdu.az universitetlərə sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova bildirilib ki, bu il 308 nəfər 600-700 bal aralığında nəticə göstərən tələbə var:
"Ötən il 600 və daha yüksək balla UNEC-ə qəbul olanların sayı keçən il ilə müqayisədə 89.4% artaraq, 409 nəfərə çatıb. Ölkə üzrə 600-dən çox bal yığanların 14.4 %-i isə məhz UNEC-i seçib. 600-dən yüksək bal toplayan 409 nəfərin 226-sı (ölkə üzrə 21.2%) I qrupun, 183 nəfəri (ölkə üzrə 65.4%) isə II qrupun payına düşüb".
Azərbaycan Dövlət Dəniz Akademiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, 2025/2026-cı tədris ili üçün ölkənin ali təhsil müəssisələrinin bakalavriat pilləsinə qəbulun nəticələrinə görə ADDA-ya qəbul olunan tələbələrdən 3-ü 600 baldan yuxarı nəticə göstərib:
"Keçən il bu nəticə 1 nəfər olub. Cari ildə qəbul olunanların 21 nəfəri 500-600 arası bal toplaya bilib ki, bu nəticə də keçən ilə nisbətən 2 nəfər çoxdur".
ADA Universitetindən əldə etdiyimiz məlumata görə, bu il universitetə Dövlət İmtahan Mərkəzinin (DİM) balı ilə qəbul olunanların 77%-i 600-dən yuxarı bal toplayıb:
"Onlardan 35%-i 650–700 bal aralığında, 42%-i isə 600–649 bal aralığında nəticə göstərib.ADA Universitetinə qəbul olanlar arasında 600-dən yuxarı bal toplayanların 68%-i I qrup, 77%-i II qrup və 94%-i isə III qrup üzrədir".
Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin sözlərinə görə, universiteti seçən ən yüksək ballı abituriyentlərin sayında ötən illə müqayisədə iki dəfəyə yaxın artım qeydə alınıb:
"Qəbul olanların 395 nəfəri 500-dən yuxarı, 53 nəfəri isə 600-700 bal arasında nəticə göstərib. Yüksək nəticə göstərən abituriyentlərin seçdiyi ixtisaslar sırasında əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri, kimya mühəndisliyi, data analitikası, elektrik və elektronika mühəndisliyi, həmçinin, riyaziyyat, maliyyə, kimya, biotexnologiya, biznesin idarə edilməsi, sənaye mühəndisliyi, inşaat mühəndisliyi yer alıb. Ən yüksək balla BMU-ya qəbul olan abituriyent isə “İnformasiya texnologiyaları” ixtisasını (ingilis bölməsi) seçib".
Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirib ki, builki qəbulda 500-dən artıq bal toplayan 40 tələbə olub:
"Onların içərisində 1 tələbə 600-dən çox toplayıb. Belə ki, keçən il bu rəqəm 30 olub. Bu il isə tələbə sayında 10 nəfər artım var".
Azərbaycan Dövlət və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən verilən məlumata görə, 500-600 arası bal toplayanları sayı 721 nəfər, 600-700 arası bal toplayanların sayı 117 nəfər təşkil edir.
"Bu, yüksək nəticə göstərən (600+ bal) tələbələrin nisbətinin 14-15% civarında olduğunu göstərir ki, bu da ortalama qəbul səviyyəsinin sabit və stabilliyini göstərir".
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova bildirib ki, bu il 496 nəfər 600-dən çox,1426 nəfər isə 500-dən çox bal toplayıb:
"Ötən il 600-dən yuxarı 537, 500 baldan yuxarı isə 1100 nəfər tələbə olub".
Azərbaycan Dillər Universitetin (ADU) mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı vurğulayıb ki, 2024-2025 tədris ili üçün 600 baldan yuxarı nəticə göstərən 63 tələbə və 500 baldan yuxarı nəticə göstərən 555 tələbə qeydə alınıb:
"Belə ki, 2025-2026 tədris ili üçün 600 baldan yuxarı nəticə göstərən 58 tələbə və 500 baldan yuxarı nəticə göstərən 605 tələbə olub".
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) qeyd edilib ki, bu il qəbul olan tələbələr arasında 500-dən yuxarı bal toplayan tələbəmiz yoxdur:
"Lakin ən yüksək bal 486 bal olub".
Xəzər Universitetindən bildirilib ki, 500-dən yuxarı bal toplayanların sayı 309, 600 baldan yuxarı yığanların sayı isə 32 nəfərdir.
Azərbaycan Texniki Universitetindən (AzTU) qeyd edilib ki,500-dən yuxarı, 14 nəfər isə 600-dən yuxarı bal toplayıb.