Paşinyanın Aram Asatryanı dəstəkləməsi Ermənistan dövləti ilə Erməni Apostol Kilsəsi arasında yaranmış gərginliyi hansı səviyyəyə qaldıra bilər? Hökumətin kilsəyə qarşı bu addımları Ermənistanın daxili siyasi vəziyyətinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Paşinyanla kilsə arasında mübarizə əslində yeni başlamayıb. 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu gərginlik başlayıb və zaman-zaman, xüsusilə də 44 günlük savaşdan sonra yüksələn xətt üzrə davam edib. Son yarım ildə isə bu artıq açıq şəkildə ictimaiyyətin gözü qarşısında baş verməkdədir. Paşinyan kilsəni və onun rəhbərini həm terror aktlarına qarışmaqda, terroru təşkil etməkdə, həm də öz kilsə andını pozmaqda ittiham edib və onun dəyişdirilməsini tələb edib. Paşinyan hesab edib ki, kilsə seçkilərində hökumətin də mövqeyi nəzərə alınmalıdır. Çünki Paşinyanın tərəfdarları erməni kilsəsini və onun rəhbər xadimlərini birbaşa, başqa ölkələrin - daha dəqiqi, Rusiyanın kəşfiyyat orqanları ilə bağlı olmaqda fikirlər söyləyiblər. Şübhəsiz ki, kilsə ilə hökumət arasında gərginlik qalacaq.
Bu gərginlik seçkilərə qədər xüsusilə daha şiddətli olacaq. Əgər Nikol Paşinyanın namizədi seçkilərdə qalib gələrsə, o zaman Paşinyan əlini xeyli gücləndirmiş olacaq. Amma düşünmürəm ki, yeni katolikosun seçilməsi erməni cəmiyyətində ciddi parçalanmalar yarada bilər. Çünki artıq seçki nəticələrini bütün cəmiyyət qəbul etmək məcburiyyətində qalacaq. Bu gün kilsəni ciddi şəkildə müdafiə edənlərin bu seçimin əleyhinə çıxmaq imkanları məhdudlaşacaq, əksinə, belə bir addım atsalar, bu, onların öz nüfuzuna ciddi şəkildə xələl gətirə bilər. O baxımdan hesab edirəm ki, Ermənistanda həm müxalifət-iqtidar, həm də kilsə-iqtidar arasında gərginlik artacaq. Seçkilərdə Paşinyanın dəstəklədiyi namizədin qələbə şansı yüksək olsa da, nəzərə almaq lazımdır ki, hazırda kilsənin əhəmiyyətli hissəsi indiki katolikosu dəstəkləyir. Bu isə Paşinyanın işini heç də asan etməyəcək. Hazırda kilsə və onun rəhbərləri arasında Paşinyanın müəyyən tərəfdarları olsa da, onlar hələlik açıq şəkildə mövqe ortaya qoymurlar və yaxud qoymaqdan çəkinirlər. Bu səbəbdən mübarizənin kifayət qədər gərgin keçəcəyi gözlənilir. Üstəlik, Qareginin kənardan da ciddi dəstəyi var. O baxımdan Paşinyan üçün onun dəyişdirilməsi heç də asan olmayacaq".
Zeynəb Mustafazadə