ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Tofiq Zülfüqarov: “Paşinyan Vaşinqtondan İrəvana “ev tapşırığı” ilə qayıdıb”
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan, Azərbaycan və Türkiyə arasında normallaşma prosesi, Paşinyanın son açıqlamaları, “ev tapşırığı” anlayışı, həmçinin İrəvandakı daxili siyasi vəziyyət barədə ətraflı danışıb.
“AzPolitika” xəbər verir ki, “1news.az”-a müsahibəsində, o, xüsusilə Ermənistan Konstitusiyasında dəyişiklik, referendum və ictimai müzakirələrin vacibliyini vurğulayıb.
Diplomat bildirib ki, hazırda Ermənistandan gələn siqnallar – hərbi xidmətin qısaldılması, ordunun sayının azaldılması, rəsmi sənədlərdə Ağrı dağı təsvirindən imtina və s. birbaşa Əbu-Dabi və Vaşinqton görüşlərinin nəticəsidir. Onun sözlərinə görə, ABŞ-də Azərbaycanın mövqeyi iki əsas komponentdə təsbit olunub:
Ermənistanın rəsmi sənədlərində və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmadan sülh sazişi və ya çərçivə sənədi imzalanması mümkün deyil;
1920-ci ildə bolşeviklərin yaratdığı süni bölgü – Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında rabitənin qırılması aradan qaldırılmalı, təhlükəsiz və maneəsiz kommunikasiya mexanizmi təmin edilməlidir.
“Bu iki komponent Vaşinqtonda ən yüksək səviyyədə təsbit olunub və təsdiqlənib. Paşinyan isə İrəvana “ev tapşırığı” ilə qayıdıb”, – deyə Zülfüqarov vurğulayıb.
Sabiq nazir bildirib ki, artıq ABŞ tərəfi ilə Ermənistan arasında Zəngəzur dəhlizinin fəaliyyət şərtləri barədə praktiki müzakirələr başlayıb. Azərbaycan bu danışıqlarda birbaşa iştirak etməsə də, onun mövqeyi prinsipialdır:
“Əgər müəyyən olunacaq şərtlər Azərbaycanın əsas tələblərini – təhlükəsiz və maneəsiz kommunikasiya imkanlarını təmin etməsə, Bakı bu layihənin iştirakçısı olmayacaq. Bu, Azərbaycanın milli maraqlarına zidd sxemlərə qarşı veto hüququdur”.
T.Zülfüqarov hesab edir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinası yalnız Konstitusiyaya dəyişiklik yolu ilə mümkündür. Bu da yalnız referendum vasitəsilə həyata keçirilə bilər.
Onun sözlərinə görə, referendum isə geniş ictimai müzakirə tələb edir:
“Azərbaycan müqaviləni təkcə Paşinyan və ya onun partiyası ilə yox, Ermənistan dövləti və cəmiyyəti ilə imzalayacaq. İctimai müzakirə göstərməlidir ki, Ermənistan revanşist illüziyaları tərk etməyə nə dərəcədə hazırdır”.
Ermənistan müxalifətinin Paşinyana qarşı başladığı impiçment təşəbbüsünü şərh edən Zülfüqarov deyib ki, bu, real nəticə verməyəcək:
“Ermənistan parlament respublikasıdır. Baş nazir yalnız seçkilər və parlament çoxluğu vasitəsilə dəyişdirilə bilər. Bu baxımdan impiçment mexanizmi klassik mənada işləməyəcək”.
Tofiq Zülfüqarov hesab edir ki, Ermənistan rəhbərliyi dəyişsə belə, Azərbaycanın mövqeyi dəyişməyəcək – əsas şərt erməni cəmiyyətinin mövqeyidir:
“Sülhün davamlı olması üçün ictimai şüur dəyişməlidir. İkinci Dünya müharibəsindən sonra Almaniyada “denasifikasiya” proqramı necə həyata keçirilibsə, Ermənistanda da oxşar proses – revanşist ideologiyadan imtina aparılmalıdır”.
Diplomat qeyd edib ki, Ermənistanın “Üçüncü Respublikası” “Miatsum” ideologiyası üzərində qurulmuşdu – yəni Azərbaycan torpaqlarını qoparmaq və özünə qatmaq konsepsiyası.
“Ermənistanın aqressiyası təkcə hərbi işğal deyildi, həm də ideologiya, təbliğat, dövlət strukturlarında təsbit olunmuş konstitusion normalar idi. Azərbaycan bütün bu nəticələri ardıcıl şəkildə aradan qaldıracaq və günahkarların məsuliyyətə cəlb olunması prosesi də hələ qabaqdadır”, – Zülfüqarov vurğulayıb.
Keçmiş nazir bildirib ki, ABŞ-də keçirilən görüşlər Tramp administrasiyasının siyasi imicinə də bağlı idi və bu prosesin pozulması Vaşinqtonda mənfi qarşılanardı.
Rusiya amilinə toxunan T. Zülfüqarov qeyd edib ki, Moskva münaqişəni öz təsir aləti kimi istifadə edir və regionda “münaqişənin idarə olunması sistemi”ni qorumağa çalışır: “Rusiya bu mövzudan əl çəkmək istəmir və təzyiqlərini davam etdirəcək. Ermənistan siyasətçilərinin əsas vəzifəsi isə dövlət maraqlarını şəxsi ambisiyalardan üstün tutmaqdır”.
Müsahibənin sonunda Tofiq Zülfüqarov qeyd edib ki, Ermənistan üçün yeganə yol qonşularla normal münasibətlər qurmaqdır:
“Əks halda, erməni xalqı yenidən xarici güclərin alətinə çevriləcək və yeni fəlakətlərlə üzləşəcək. 2020-ci ilin məğlubiyyəti erməni cəmiyyətinə dərs olmalıdır. Bu gün onlar daha realist yanaşmağa məcburdurlar”.
Rasim Əliyev
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.