Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ankara, 18 sentyabr, AZƏRTAC
Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP) tezliklə açılması bütün Orta Dəhliz boyunca – Çindən Avropaya qədər tranzit ticarətinə əhəmiyyətli təkan verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyinin (TÜİB) Ankarada təşkil etdiyi tədbirdə məlumat verib.
Nazir Azərbaycanın beynəlxalq ticarət üçün tranzit marşrutu kimi strateji əhəmiyyətini vurğulayıb, Zəngəzur dəhlizinin də Türkiyənin türk dövlətləri ilə inteqrasiyasına və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Türkiyəli nazir qardaş Azərbaycanda keçirdiyi görüşlərdən, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətlərinin tərkibində ölkəmizə dəfələrlə etdiyi səfərlərdən danışıb.
O qeyd edib: “Biz səmimi-qəlbdən şadıq ki, Azərbaycan onilliklər boyu davam edən işğaldan sonra öz torpaqlarını azad edib. Bu gün bütün Azərbaycan torpaqları azaddır, ərazilərin bərpası prosesi davam edir, böyük sərmayələr yatırılır”. Nazir işğaldan azad edilmiş Şuşa və Xankəndi şəhərlərində mayın sonunda və iyulda iki böyük beynəlxalq tədbirin keçirildiyini xatırladıb.
Ö.Bolat Türkiyə və Azərbaycan iqtisadiyyatlarını bir-birini tamamlayan vacib sahələr kimi xarakterizə edib. “Azərbaycan ölkəmizi enerji ilə təmin edir, Türkiyə isə sənaye məhsulları və xidmətlərlə qardaş ölkəmizin inkişafına töhfə verir”, - deyə ticarət naziri vurğulayıb.
Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi durmadan artır. Bu ilin ilk səkkiz ayında da Azərbaycanla ticarətdə müsbət tendensiyalar qeydə alınıb. Azərbaycan ölkədə fəaliyyət göstərən türk şirkətlərinin sayına (3 minə yaxın) və investisiyaların həcminə (17 milyard dollar) görə liderlər ölkələrdən biridir.
Türkiyəli nazir Ankaranın Azərbaycanla iqtisadi inteqrasiyanı daha da dərinləşdirməyə hazır olduğunu vurğulayıb.
O, TÜİB-in fəaliyyətini də yüksək qiymətləndirib, təşkilatın 2023-cü ilin dekabrında Bakıda ilk Türkiyə-Azərbaycan İnvestisiya Forumuna ev sahibliyi etdiyini xatırladıb: “Ölkələrimiz arasında iqtisadi əlaqələr baxımından böyük əhəmiyyət kəsb edən ikinci belə forumun bu ilin dekabrında keçirilməsi planlaşdırılır”, -deyə Ö.Bolat qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.