AZ

Post-pandemiya dövründə turistlərin səyahət vərdişlərində hansı dəyişikliklər yaranıb?

"Koronavirus pandemiyasından sonrakı dövrdə Azərbaycanda və dünyada turizm sahəsi qismən də olsa bərpa olunub". 

Bu sözləri turizm üzrə ekspert Ceyhun Aşurov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hazırkı dönəm də bərpa dövrü sayılır:

"Artıq turistlərin saylarına görə keçən il dünyada turizm göstəriciləri tam olaraq bərpa olunub. Azərbaycanda bu proses hələ də davam edir. Bu proses turistlərin vərdişlərinə də təsirsiz ötüşməyib. Çünki artıq dünyada səyahət edən insanlar müəyyən məsələlərə daha çox diqqət etməyə başlayıblar. Bu, hətta bir trendə çevrilib". 

382190

Onun sözlərinə görə, artıq turistlər sağlamlıq məsələlərinə daha çox önəm verirlər:

"Müşahidələr göstərir ki, insanlar sağlamlıq turizminə meyilli olublar. Həmçinin, rekreasiya turizminə daha çox maraq göstərilir. Eyni zamanda, təbiət qoynunda və təbiətə yaxın olan yerlərdə daha çox vaxt keçirməyə üstünlük vermələri diqqət çəkir".

Ekspert qeyd edib ki, burada gigiyenanı da xüsusilə qeyd etmək lazımdır:

"İnsanlar səyahət etdikləri yerdə xüsusilə təmizliyə, sanitar-gigiyenik normaları daha çox diqqət yetirirlər. Bu, əvvəl də belə idi, amma indi təmizlik, infeksiya ilə bağlı məsələlər daha çox göz önündə tutulur.

Turistlər getdikləri yerlərin dezinfeksiya olunmasını və onun sertifikatının olması istəyirlər. Hansısa bir ərazinin və yaxud da otelin dezinfeksiya olunaraq tam şəkildə təhlükəsiz elan edilməsi və yaxud da sertifikatlar turistlərin daha çox diqqətini cəlb etməkdədir". 

Ceyhun Aşurov onu da diqqətə çatdırıb ki, artıq toplu turist gəzinti və səyahətlərindən daha çox individual, əsasən az qruplarla turistlərin səyahət etmə trendi artıb:

"Bundan başqa, əvvəllər turistlər ilin müəyyən fəslində və yaxud da ayında bir dəfə uzun müddətli istirahətə gedirdilər. İndi artıq ilin müxtəlif mövsümlərində səyahət edirlər. Daha dəqiq desək, ildə 1 dəfə əvəzinə 2-3 dəfə qısamüddətli səyahətlərə üstünlük verirlər". 

Pərviz

Seçilən
15
hit.az

1Mənbələr