AZ

Mərkəzi Bankda mətbuat konfransı

Azərbaycan Mərkəzi Bankında (AMB) dünən keçirilən mətbuat konfransında cari əməliyyatlar balansı, pul baratları, birbaşa xarici investisiyalar, strateji valyuta ehtiyatlarının vəziyyəti və s. bağlı məlumatlar açıqlanıb.

AMB-nin Baş direktoru Vüqar Əhmədov bildirib ki, 2025-ci ilin ilk yarısı üzrə cari əməliyyatlar balansının profisiti Mərkəzi Bankın proqnozlarını doğruldur. Onun sözlərinə görə, hesabat dövründə cari əməliyyatlar hesabının profisitinin Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 6,4 faiz təşkil edib ki, bu da müsbət dinamikanı göstərir.

“İyul ayında verilmiş proqnozlara əsasən, 2025–2026-cı illərdə cari əməliyyatlar balansının profisiti 3–4 milyard ABŞ dolları ətrafında olacaq. Növbəti iclaslarda əlavə dəqiqləşdirmələr edilə bilər, lakin ciddi korreksiya gözlənilmir”, – deyə Vüqar Əhmədov vurğulayıb.

AMB-nin Statistika Departamentinin direktoru Samir Nəsirov qeyd edib ki, cari ilin ilk yarısında pul baratları formasında ölkəyə daxil olan vəsaitlərin həcmi 533,9 milyon ABŞ dolları olub. Bunun 214 milyon dolları Rusiyadan, 87,8 milyon dolları Türkiyədən, 52,1 milyon dolları ABŞ-dan, 18,8 milyon dolları Böyük Britaniyadan, 18,6 milyon dolları isə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) daxil olub.

Eyni zamanda Azərbaycandan xarici ölkələrə göndərilən pul baratlarının ümumi həcmi 1 milyard 349 milyon dollar təşkil edib. Ən çox vəsait Türkiyəyə (68 milyon dollar), ABŞ-a (40 milyon dollar), Rusiyaya (22,1 milyon dollar), Gürcüstana (13,9 milyon dollar) və Böyük Britaniyaya (12,3 milyon dollar) yönəldilib.

Mətbuat konfransında, həmçinin birbaşa xarici investisiyalarla bağlı göstəricilər açıqlanıb. 2025-ci ilin yanvar–iyun aylarında Azərbaycan iqtisadiyyatına daxil olan birbaşa xarici investisiyaların həcmi, təxminən, 3,2 milyard ABŞ dolları olub. İlk yarımildə ölkəyə ən çox investisiya yatıran ölkələr Böyük Britaniya (806 milyon dollar), Türkiyə (629 milyon dollar), Kipr (353 milyon dollar), İsveçrə (226 milyon dollar) və İran (176 milyon dollar) olub.

Azərbaycanın xarici ölkə iqtisadiyyatlarına yatırımları isə 3,4 milyard dollar təşkil edib. Ən böyük investisiya qoyuluşları İsrail (542 milyon dollar), Türkiyə (177 milyon dollar), BƏƏ (156 milyon dollar), Gürcüstan (77 milyon dollar) və ABŞ-a (77 milyon dollar) yönəldilib.

Departament rəhbəri, həmçinin qeyd edib ki, 2025-ci ilin ilk altı ayında ölkənin strateji valyuta ehtiyatları 6,7 milyard dollar artaraq 77,7 milyard dollara çatıb. Hesabat dövründə neftin orta qiyməti 70,7 dollar, qazın satış qiyməti isə min kubmetrə görə üzrə 301 dollar təşkil edib.

XQ

Seçilən
39
1
xalqqazeti.az

2Mənbələr