Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) "2025 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə Senzor.az-a İdarədən məlumat verilib.
Müraciətdə deyilir: “Sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni “Azneft” və “Neftçilər” dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla “20 Yanvar” və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər”.
Eyni zamanda vurğulanıb ki, 20-ci sahədə və Bayıl qəsəbəsində yaşayanlara mərkəzə doğru qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etmələri tövsiyə olunur.
Qeyd edilib ki, bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə gedib-gəlmələri xahiş olunur.