ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
"Qarabağ”ın "Benfika” üzərində qazandığı möhtəşəm zəfərin üzərindən artıq saatlar keçib. Amma biz hələ də o möhtəşəm qələbənin təsiri altındayıq. Özümüzü göyün yeddinci qatında hiss edirik, ordan yerə enmək istəmirik. Qələbə qazanmaq, qalib olmaq o qədər gözəl hisslərdir ki, o hisslərin təsirindən çıxmaq istəmirsən. Bir növ sərxoşluq yaşayırsan, istəmirsən ki, həmin o sərxoşluq səni tərk etsin.
Belçikalı referi Erik Lambrextsin final fitindən saniyələr sonra kəlbəcərli dostum Cabir bəydən zəng gəldi. Mənimlə sevincini paylaşmaq üçün zəng edibmiş. Sonda bir sosial sifarişini də dilə gətirdi: "Bu gecə yatma, səhərə qədər "Qarabağ”ı vəsf et, biz də sabah oxuyaq, feyziyab olaq”. Dəyərli dostum üzrlü saysın, yuxu mənə güc gəldi. Düşündüm ki, Cabir bəyin və onun kimi dəyərli oxucularımın istəyini sabah gözümdən yuxu tökülmədən də həyata keçirə bilərəm. Buna görə də onlar məndən inciməzlər.
Sözün düzü, heç vəsf etməyə ehtiyac da yoxdur. Soyuq başla da "Qarabağ”ın bu zəfərini analiz edəndə, Qurban Qurbanovun və onun yetirmələrinin necə möhtəşəm işlər gördüklərini göz önündən keçirib, bu barədə yazanda elə "köhlən atlar”ı vəsf etmiş olursan. Bu möhtəşəm qələbəbinin bizə yaşatdıqlarını ifadə etməyə sözlər də aciz qalır. "Hücumçusu olmayan "Qarabağ” Lissabonda "Benfika”nın qapısına üç top vurdu. Üçü də bir-birindən gözəl. Qurban Qurbanovla Tahir Gözəl bu komandaya yaxşı bir hücumçu da gətirsəydilər, "Qarabağ” neçə top vuracaqdı? Özü də "Qarabağ” bu üç topu "Benfika”nın qapısından keçirmək üçün özündə gücü 0:2 hesabıyla məğlub duruma düşdükdən sonra tapdı. Dünya futbolunda belə bir iradə, əzm nümayişi çox nadir hallarda olur. Çempionlar Liqası kimi nüfuzlu bir yarışın açılış turunda bunu bacarmaq isə ikiqat qəhrəmanlıqdır.
Bu qolların hər biri futbol zəkasının, Qurban bəyin verdiyi mükəmməl taktiki tapşırıqların və onları dəqiq yerinə yetirən futbolçuların zəhmətinin bəhrəsidir. Heç biri təsadüfən vurulmuş qol deyil. Eynilə "Ferentsvaroş”un qapısına vurulan beş, "Şkendiya”nın qapısından keçirilən altı, "Şelburn”un qismətinə düşən dörd qol kimi. "Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında vurduğu qolların cəmi 18-dir. Hamısı baxımlı və maraqlı qollardır. Azərbaycanlı futbolsevərlərin əcnəbi hücumçu görmək arzusu anlaşılandır. Amma göründüyü kimi "Qarabağ”ın həmin hücumçunun yoxluğunda belə məhsuldarlığı aşağı deyil.
Maraqlısı odur ki, hücumların kəsərinin azlığı Azərbaycan Premyer Liqasında daha çox hiss olunur, nəinki Çempionlar Liqasında. Deməli, zamanla o da qaydasına düşəcək, "köhlən atlar” ölkə çempionatında da qolları sıralamağa başlayacaq. Qoy elə "Qarabağ” "hücumçusuz” olsun. Təki Çempionlar Liqasında qolların davamı gəlsin.
Bu yerdə "Qarabağ”ın prezidenti cənab Tahir Gözəlin sözlərini xatırlatmaq istəyirəm: "Biz bir milyon dəyəri olan oyunçuya dəyərindən artıq pul ödəsək, klub bir neçə ilə müflis olar. Qurban Qurbanov həmin oyunçulara heç vaxt dəyərindən artıq pul ödənilməsinə razı olmur. Hətta heyətdəki futbolçulara bu dəqiqə on beş milyon təklif gəlsə, onu buraxmarıq. Qurban hoca onun əvəzinə ayrı-ayrı mövqelərə üç nəfər fərqli oyunçu gətirməyi daha məqsədəuyğun hesab edir. Mən Musama, Nərimanıma inanıram. Toral Bayramovun ötən il "Budo-Qlimt”ə vurduğu qol məni valeh etdi. Ötən dəfə Musa Qurbanlının "Ferentsvaroş”a meydana girən kimi vurduğu qol mənə ləzzət etdi. İnanıram ki, bu mövsüm belə qollar yenə görəcəyik”.
Gözəllə Qurbanov komandanın daxilindəki balansı, abu-havanı, məvaciblərdəki balansı pozmaq istəmədi. Əvəzində heyətdəki futbolçulara etimadlarını, onlara inandıqlarını göstərdilər. Bu da nəticəsi. "Qarabağ”ın futbolçuları hər biri tarançı hücumçuya çevrildilər, rəqibin qapısını dəqiq nişan almağa, öldürücü zərbə vurmağa başladılar. Onların vurduğu qollar milyonları sevindirdi, "Qarabağ” möhtəşəm qələbə qazandı. İnanıram ki, davamı da gələcək. Yetər ki, azarkeşlər səbrli olsun, dəstəklərini əsirgəməsinlər.
Amal Abuşov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.