AZ

Üzeyir bəy Hacıbəylinin publisistikasında zamanın nəbzi döyünürdü

Üzeyir bəy Hacıbəyli milli birlik və milli tərəqqi işində öncül şəxsiyyətlərlə birgə milli siyasi təsisatların da vacibliyi məsələsini kifayət qədər əhəmiyyətli hesab etmişdir. "Tərəqqi" qəzetinin 5 avqust 1909-cu il tarixli sayında dərc etdirdiyi "Başçı lazımdır" publisistik yazısında "millətin başında duran bir və ya bir neçə tərəqqipərvər və təcəddüdgah" firqənin əhəmiyyətindən və bizdə analoji bir qurumun olmaması səbəbindən düşdüyümüz haldan bəhs etmiş və həmişə olduğu kimi, çıxış yolu göstərməyi də unutmamışdır. Müəllif bu məsələdə də dünyanın inkişaf etmiş ölkələrini və tərəqqi tapmış xalqlarını nümunə gətirir və fransız, alman, ingilis, amerikalı, yapon və başqalarının onları səadət və tərəqqiyə çatdıran firqələrə borclu olduqlarını yazırdı. Onun fikrincə, bu gün bu millətlər tərəqqinin o həddinə çatmışlar ki, hər bir fərd öz xeyir və şərini layiqincə anlayıb əsl insan kimi yaşayırlar. Ü.Hacıbəyli belə bir mühitdə şəxsiyyət hüququ məsələsinin öz həllini tapdığını yazırdı: "Orada hər bir fərd - vəzir olsun, fəhlə olsun, təfavütü yoxdur, öz-özlüyündə, öz tərzi-məişətində onu təsdiq edə biləcək və onun hüququna və hürriyyəti-şəxsiyyətinə xələl yetirəcək heç bir şeylə müqəyyəd deyildir, məgərinki, bunun hürriyyəti-şəxsisi başqalarının hüququna təcavüzdən ibarət olmasın. Bu isə onlar üçün qeyd deyildir, çünki ölkənin hüququna toxunmaq ya hürriyyəti-şəxsisinə əl atmağın böyük bir şər olduğunu hər bir fərd çox gözəl anlayır".

Ədib mənsub olduğu xalq üçün də belə bir cəmiyyət arzulayır, lakin onun zamanında bu hələlik yoxdur. Ü.Hacıbəyli bunun səbəblərini açıqlayaraq yazırdı: "Keçək bizə! Əcəba bizim millətimizi qabağa aparan kimdir? Hanı bizim qabağımızda duran firqə, yaxud firqələr? Hanı o tərəqqi və təali bələdləri ki, bu gün cəhalət çölündə, köhnə və çürümüş əqidələr palçığına batmış millət karvanını tərəqqi və təcəddüdün rahat yoluna sala bilərlər? Hanı? Yoxdur! Karvan batıb qalıbdır..."  Ədib özünün verdiyi ritorik sualları özü də cavablandırır, firqə olmasa, tərəqqi və yeniliyə çatmağın mümkünsüz olduğunu yazır və bu işdə ziyalı, "ürəfa və intelligent"lərimizin üzərinə düşən vəzifələri xatırladırdı. O, bir daha ümumi vəziyyətə qiymət verir, bu əsrdə tısbağa qədəmi ilə tərəqqi etməyi tərəqqi etməməyə bərabər tutur və çıxış yolunu yenə qüvvətdə görürdü: "Burada milləti irəli sürüyə bilən qüvvət lazımdır". Üzeyir bəy "qüvvət" deyəndə həm də milli iradəni nəzərdə tuturdu.

Ü.Hacıbəyli millətin tərəqqisi üçün firqələrin yaradılması və xalqı qabağa apara biləcək azadlıqsevər, tərəqqipərvər şəxsiyyətlərin vacibliyi məsələsini "Həqiqət" qəzetinin səhifələrində çıxış edərkən davam etdirmişdir. Qəzetin 18 yanvar 1910-cu il tarixli 13-cü sayında dərc etdirdiyi "Rəhbərlərimiz" yazısı məzmun və problemin qoyuluşu baxımından "Tərəqqi"də çap etdirdiyi "Başçı lazımdır" məqaləsini xatırladır. Bəzi fikir və mülahizələri cüzi fərqlə təkrarlayan müəllif burada bir ayrı məsələyə toxunmağı vacib bilmişdir. Bu, "firqeyi-mücahid"lər, onların missiyası və vəziyyəti ilə bağlıdır. O bu yazısında bir daha vurğulayır ki, fransız, alman, yaxud yaponların "bugünkü tərəqqi, təməddün və rifahi-hal ilə asudə məişət keçirmələri də haman başlarında duran və onları təriqi-səadət və tərəqqiyə tuş edən firqeyi-mücahidlərinə borcludurlar". "Firqeyi-mücahidlik" isə, Ü.Hacıbəylinin fikrincə, bir neçə adamın özlərini millət rəhbəri hesab edib, tərəqqi adı ilə bilib-bilmədikləri işə girişmələri deyildir, bunun üçün "hər kəs milləti tərəqqi etdirəcək... bir əmələ öz qəlbində bir şövq və həvəs" hiss etməlidir. "Mütərəqqi və mütəməddin" millətlər xoş gün keçirdikləri üçün məhz öz "kargün" adamlarına borcludur. Deməli, Ü.Hacıbəylini bizdə "firqeyi-mücahid"lərin, "kargün" adamların, onun təbirincə desək, rəhbərlərin yoxluğu narahat edirdi.

Yazıda avropalılardan, yaxud yaponlardan fərqli olaraq Azərbaycanda həmin keyfiyyətdə olan adamların yoxluğunun səbəbləri də açıqlanır: birincisi, adamlarımızı bürüyən ətalət və kəsalət; ikincisi, rəhbərliyə layiq olan şəxslərimizin məişətcə dar gün keçirmələridir. Ü.Hacıbəyli milli tərəqqi üçün hər iki səbəbin aradan qaldırılmasını vacib hesab edir. Onun publisistikasının leytmotivini məhz birinci səbəbin aradan qaldırılması yolunu axtarıb tapmaq təşkil edir. İkinci səbəbin ortadan qaldırılması da əslində milli şüura, milli oyanış və özünüdərkə bağlı bir məsələdir: "Bu halda bizim hər bir fərdimiz öz tərəqqisi üçün bir rəhbərə möhtac olduğunu hiss edir". Lakin yalnız hiss etmək deyil, əməli işə keçməyin lazım gəldiyi də dərk olunmalıdır. Bu, rəhbər ola biləcək şəxslərin maddi ehtiyaclarının qarşılanması məsələsidir ki, onun da üzərində düşünmək zərurəti var: "...bu rəhbərlər öz rəhbərlik işlərinə ehtimam və diqqətlə məşğul olmaq üçün məişətcə təmin olunmalıdırlar. Doğrudan da rəhbər olmaq istedadını haiz olan şəxslərimizin öz aramızda qədir və qiymətləri bilinməsə, onlar təmini-məişət üçün başqa yerlərdə, başqa tayfalar içində və ya başqa bir yolda işləməyə başlayıb, xalqa fayda verə bilməzlər".

Ü.Hacıbəyli publisistik irsində Şərq-Qərb məsələsini həmişə ən müxtəlif yönlərdən qoymuş və Qərbin aşkar üstünlüklərini, əsasən, insan azadlığı və qanunların aliliyi, habelə sağlam mənəvi mühitlə bağlamışdır. Öz xalqının ədəbiyyat və mədəniyyətini dərindən bilən, mənsub olduğu millətin istedadına qətiyyən şübhə etməyən Üzeyir bəy bütöv Şərqdə, o cümlədən həmvətənləri arasında mövcud ictimai-mədəni ətalət və geriliyi cəhalət və nadanlıq içərisində boğulan mühitlə bağlayırdı. Məsələyə münasibətdə o, sələfi M.F.Axundzadəyə yaxınlaşırdı, daha doğrusu, yarım əsr əvvəl Azərbaycanın ilk dramaturqu və nasirini düşündürən problemlər XX əsrin əvvəllərində Ü.Hacıbəylini də qayğılandırırdı. Hər iki sənətkar şəxsiyyətin formalaşması və inkişafında mühit sindromuna diqqət kəsilirdi. Ü.Hacıbəylini misin gümüşə çevrilməsinə (M.F.Axundzadə, "Hekayəti-Molla İbrahimxəlil kimyagər"), ölülərin dirilməsinə (C.Məmmədquluzadə, "Ölülər") inanan, Şahbaz bəyi (M.F.Axundzadə, "Müsyö Æordan") Parisə getməyə qoymayan mühitin hələ də hökm-fərma olması ilə barışa bilmirdi. O, "Həqiqət" qəzetinin 1910-cu il 1-ci sayında dərc etdirdiyi "Öz qədrimizi bilmirik" adlı publisistik yazısında məhz mühit və şəxsiyyət problemini qoymuşdur. 

Müəllif digər xalqlarda olduğu kimi, həmvətənləri arasında da istedadlı şəxslərin olduğunu, lakin onların öz bilik və bacarıqlarını göstərə bilmədiklərini yazır və bunu mövcud şəraitlə bağlayırdı: "... onlar hələ öz istedad və qabiliyyəti-xariqüladələrini büruzə vermirlər. Çünki içərisində yaşadıqları şərait müsaid deyildir. Bütün camaatımızı bürümüş olan cəhalət hər bir şeyin, hər bir təşəbbüsün qabağını bir səddi-ahənin kimi kəsir, qoymur". Ü.Hacıbəylini Avropa cəmiyyətinin bütün insaniyyətə xidmət edən şəxsiyyətlər yetişdirdiyi halda, bizdə buna niyə nail ola bilmədiyimiz sualı düşündürürdü. O, Allah-təalanın bizi istedadsız yaratmadığını vurğulayır, amma belə hesab edirdi ki, "... şərait bizim dahilər üçün müsaid deyildir". Ədib yazırdı ki, bizim də içimizdən insaniyyət dahiləri çıxmağa yol vermirlər, çünki "işıq gələn yerləri bərk-bərk bağlayıblar".

Ü.Hacıbəyli xalqın tərəqqisi və faydası üçün hər hansı bir təşəbbüsün yoxluğuna da diqqət çəkir və bunu da subyektiv amillərlə, çoxluğun düşüncə tərzi, yeniliyə konservativ baxış bucağı ilə bağlayırdı: "Doğrudan da novicad və ehtiram edilib də xalqa mənfəət yetirən şeylərin adına "min əməli-şeytan" deyəndə hansı müsəlman oğlu müsəlman telefon, teleqraf, maşın və sair bu kimi şeylər icad etmək fikrinə düşərdi? Sair elmlərə, sənətlərə dəxi bu nöqteyi-nəzərdən baxıldığı zaman onların tərəqqisi mümkün idimi?". Müəllif burada olduqca vacib bir məqama toxunurdu; o, hər cür yeniliyə "min əməli-şeytan" deyən kütlənin mənəvi səbatsızlığı ilə barışa bilmir və əslində xalqın zəmanəyə uyğun dirilik göstərməsini, oyaq və fəal olmasını istəyirdi. O, yenə müqayisələr aparır və yenə də avropalıları nümunə gətirirdi. Yazırdı ki, ingilislər təbii sərvətlərindən milyonlar qazandıqları Hindistanı tək bir nəfər adamlarına - Şekspirə dəyişməyə razı olmazlar, ingilislər onu bütün Hindistandan üstün tuturlar. Ü.Hacıbəyli fikirlərini inkişaf etdirərək dahiləri yetişdirən mühitin özünün münbit olmasının vacibliyini göstərirdi. Onun fikrincə, əks halda "... əgər Edison da bizim içimizdə doğulub belə şərait üzrə yaşasaydı, o da bu gün icad etdiyi xariqüladə makinalara şeytan əməli deyərdi". Mühit sindromuna işarə edən Ü.Hacıbəyli inanırdı ki, "... bu gün bizim içimizdə Edisonun ixtiralarına şeytan əməli deyən şəxslər Yevropada doğulmuş və bəslənmiş olsaydılar, onlar da Edison kimi cürbəcür ixtiraları ilə aləmi-insaniyyətə xidmət göstərə bilərdilər...". 

Görkəmli publisist öz həmvətənlərinin də arasında Şekspirlərin (Ü.Hacıbəyli burada Şekspirə ingilis cəmiyyətinin münasibətini qabardır), edisonların olduğunu yazır: "... bizim millətimiz içində indi və ya gələcəkdə şekspirlər istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasındadır ki, biz öz cəhalətimizlə o dahilərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairlər içində başıuca etsinlər, həm də insaniyyətə bir xidmət göstərsinlər". Ü.Hacıbəyli bu qənaətdə idi ki, şəxsiyyətin yetişib formalaşması üçün münbit mühit, həmin mühiti yaradan və zənginləşdirən siyasi cəhətdən yetkin cəmiyyət olmalıdır. Burada Ü.Hacıbəylinin mövqeyi M.F.Axundzadənin mövqeyi ilə üst-üstə düşür və hər ikisinin baxışları Qərbi Avropa filosoflarının düşüncələrinə yaxındır. M.F.Axundzadə sadə xalq içərisindən Yusif Sərracların yetişə biləcəyini yazır və eyni zamanda göstərirdi ki, əgər fəal kütlə, yetkin cəmiyyət yoxdursa, Yusif Sərraclara da yer yoxdur. M.F.Axundzadə bu qənaətdə idi ki, siyasi cəhətdən yetişmiş xalqın formalaşması üçün isə hər şeydən əvvəl düşüncə və təfəkkür sərbəstliyinə imkan yaradılmalıdır. Bu baxımdan o, ingilis filosofu Con Stüart Millə (1806-1873) yaxınlaşırdı. Ü.Hacıbəyli mövcud şəraiti qiymətləndirməklə kifayətlənmir, özünün və XX əsrin əvvəllərində bu problem ətrafında fəal diskussiya aparan müasirlərinin üzərinə düşən vəzifələrdən bəhs edərək yazırdı: "... indi bu iyirminci əsrdə vaxtdır ki, daha biz öz insanlığımıza diqqət yetirək. Özümüzün də sairlər kimi məharətlər göstərə biləcək insan olduğumuzu nəzərə alıb, bir kərə o qara pərdəni üstümüzdən ataq". 

Şübhəsiz ki, ədib cəmiyyətdə hökm sürən zülmətin kökündə dayanan amillərə bələd idi. O, yaxşı bilirdi ki, yeniləşmə hərəkatının sərt müqavimətlə üzləşməsi təkcə dini fanatizm və konservativ düşüncə tərzi ilə bağlı deyildir. O, dərindən dərk edirdi ki, müstəmləkə şəraitində olan Azərbaycanın müasirləşmə yolunda ən böyük əngəllərdən biri də çarizmin yeritdiyi ayrı-seçkilik siyasətidir. Çarizmin ikrahdoğurucu məqsədli siyasətinin nəticəsi idi ki, ilk mətbuat orqanımız "Əkinçi" (1875-1877) cəmi iki il yaşamış, 1891-ci ildə "Kəşkül"ün bağlanmasından 1903-cü ilə - "Şərqi-Rus"un yaranmasına qədər 12 il müddətində Azərbaycan dilində qəzet-jurnal nəşrinə icazə verilməmişdir. Mərkəzi hökumət hər vəchlə azərbaycanlıların kütləvi təhsilinə mane olmuş, xüsusilə qadınların maariflənməsinin qətiyyətlə əleyhinə çıxmışdır. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin bioqrafiyasını hazırlamış Fərhad Ağazadə dövrün gerçəkliklərini ümumiləşdirərək yazırdı: "Kimin nə haqqı var idi ki, çar hökumətindən qəzetə icazəsi istəyə bilsin?.. Məktəb, qəzetə kimi onun xoşuna gəlməyən şeyləri ondan tələb etməməli. Çar hökuməti kütlənin savadlanmasını istəmir! Daha hökumətə nə üçün başağrısı verilsin?.. O zamanlarda Azərbaycan türklərinin cürəti ola bilməzdi ki, özlərinə türk, vətənlərinə də Azərbaycan adını desinlər…".

Mərkəzi hökumət bir yandan azərbaycanlıların mədəni təsisatlarının qarşısını alır, digər yandan da türk-müsəlman əhaliyə qarşı hər cür hədyanlara rəvac verirdi. Bu işdə ermənilər xüsusi canfəşanlıq göstərirdilər. Qafqaz Senzura Komitəsində  (sonralar Tiflis Mətbuat İşləri Komitəsi) öz yerlərini bərkidən Karqanov, Qayıtmazov, Məlik-Mehrabov, Kişmişov, Qaraxanov kimi üzdəniraq ermənilər senzor kimi bir yandan əllərində olan imkanlardan istifadə edərək Azərbaycan mətbuat orqanlarını boğmağa çalışır, digər yandan da Tiflisdə fəaliyyət göstərən rus və erməni qəzetlərində türk-müsəlman ziyalıları "pantürkizm" və "panislamizm"də ittiham edir, onları tamamilə hökumətin gözündən salmağa çalışırdılar. 

Tiflis Mətbuat İşləri Komitəsində çalışmış Mirzə Şərif Mirzəyev "Qafqazda türk mətbuatı tarixinə dair materiallar" adlı sənədli memuarında XX əsrin əvvəllərində Qafqaz Senzura Komitəsinin Azərbaycan mətbuatını boğmağı özünə vəzifə hesab etdiyini göstərərək havadarlarına arxalanan azğınlaşmış ermənilərin üzdəniraq daşnaksütyun partiyasının orqanına hər cür şərait yaratdıqlarını yazırdı: "O zaman Senzura Komitəsi olduqca qəddar tədbirlərlə türk mətbuatını öldürdükdə, türk mədəni cəmiyyətinin inkişafını ləngitdikdə komitənin 

üzvləri olan Kişmişov və Qaraxanov daşnaksütyun partiyasının mətbu orqanı olan "Araç"ın nüsxələrini dövriyyəyə buraxırdılar". M.Ş.Mirzəyevin yazdığına görə, ciddi və müstəqil türk mətbuatının yaradılmasının qarşısını ala bilmədiklərini hiss edən bu qaragüruh sürüsü başqa varianta əl atdı, onlar "yeni zərərli bir hiylə qurdular, səhnəyə "panislamizmi" atdılar". Bütün hadisələrin şahidi olan, prosesi diqqətlə izləyən M.Ş.Mirzəyev yazırdı: "Türk siyasi panislamizm doktrinası" Kişmişov və Qaraxanovun rəhbərliyi altında ən kobud formada düzəldilməyə başlandı. Qafqaz hakimiyyət dairələrində müəyyən təəssürat yaratmaq, ictimaiyyəti "xristian dünyasına hücum edən bütün vəhşi müsəlmanlar"ın təhlükəsindən qorumaq üçün Senzura Komitəsinin sevimli üzvləri gözlənilən siyasi təhlükə barədə qəzetlərdə yazılar dərc etdirməyə başladılar. Kişmişov "Qafqaz" (rusca çıxan "Kavkaz" - Ş.M. ) qəzetində "X"-"X" insialı, Qaraxanov isə "Tiflis vərəqələri"ndə (rusca çıxan "Tiflisskiy listok" - Ş.M.) "Xanzadə" təxəllüsü ilə çıxış edirdilər". Bütün bunlar azmış kimi, ermənilər və onların antitürk təbliğatına lakey xidməti göstərən muzdlu cızmaqaraçılar bəzi mətbuat orqanlarında azərbaycanlıların tarixi və mədəniyyətini şübhə altına alan başdan-başa tendensiyalı yazılar dərc etdirirdilər.

XX əsrin əvvəllərində fəaliyyət göstərən Azərbaycan mətbuat orqanlarına nəzər salmaq kifayətdir ki, fikir adamlarımızın onları düşündürən ən müxtəlif problemlərlə yanaşı, bu cür şər-böhtana və iftiralara da cavab vermək məcburiyyətində olduqlarını bütün aydınlığı ilə görəsən. Müasirləri kimi, Ü.Hacıbəyli də bu qəbildən olan yazılara, onların bədnam müəlliflərinə yerindəcə tutarlı cavablar verirdi. O bu cür üzdəniraq müəlliflərə cavablarında kifayət qədər təmkinli görünür, qarşı tərəfin layiq olduğu aşağılığı onun yalanlarını ifşa etməklə göstərirdi. Bu baxımdan "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhi" adlı yazısı onun publisistikasının ən dəyərli nümunələrindəndir. Ü.Hacıbəyli yazıda "Peterburqskiye vedomosti" qəzetində Qafqaz türklərinin əleyhinə məqalə dərc etdirən ermənipərəst Maqda Neymanın gülünc iddialarını rədd edirdi. Bütün ədəb qaydalarını ayaqlar altına atan M.Neyman "bir qoca administrator"un dili ilə özünün daşıdığı və müdafiəçisi olduğu "mədəniyyət"in pəncərəsindən baxaraq türkün tarixinə iftira və palçıq atmağa,  ictimaiyyəti çaşdırmağa çalışmaqla yanaşı, Qafqaz türkünün milli-mədəni tərəqqi yolunda əzmlə irəliləməsinə mane olmaq, yaxud ən azı onun üzərinə kölgə salmaq niyyəti güdürdü. Əxlaqı topuğundan aşağı olan Maqda içindəki kin-küdurəti qəzet səhifələrinə püfləyərək mədəniyyətin Qafqaz türklərinə bir təsiri olmayacağını iddia edir və iyrənc fantaziyasının imkan verdiyi qədər aşağılayıcı epitetlərə əl atırdı. Ü.Hacıbəylinin məntiqə və faktlara əsaslanan, tarixi və müasir gerçəklikləri əks etdirən yazısında M.Neymana və onun kimi düşünənlərə ünvanlanan kəskin bir ironiya vardır.

Üzeyir bəy də türkə yapışa bilməyən bu şər və böhtanlara ağayana istehza və rişxəndlə gülür, M.Neymanın ittihamlarını aram-aram rədd edirdi. O, yeni əsrdə türklərin mədəniyyət sahəsində ciddi çalışmalara əl atdıqlarını, fəqət bəlli şəxsiyyətlər və dairələrin bunun qarşısını almağa çalışdıqlarını yazırdı: "... işıq qapısı üzərimizə açılmaqdadır. Və biz türk tayfası əl-ələ verib, cümləmiz mədəniyyət və mərifət sarayına daxil olmağa amadəyik. Çifayda, bəzi fasid və məfsud şəxslər belə bir fürsətli həngamda bizlərə xələl yetirir, öz məsiyətli və qəbahətli qəsd və niyyətlərinə nail olmaq üçün biz ətşan tayfanın mədəniyyət bulağından su içməyimizə mane olurlar". 

Ü.Hacıbəyli M.Neymanın ittihamlarını faktlarla rədd edə-edə ona bir tarix dərsi keçir və bu üzdənirağı qandırmağa çalışır ki, Qafqaz türkləri ilə bağlı onun oxuduqlarının bir çoxu cəfəngiyyatdır, yalan üzərində qurulub, özü bir yana, paytaxt qəzetini biabır edir: "Nə deyim! Haqq-taala mənə bir şairlik əta buyurmuş olsaydı, xanımın kəşfiyyatında belə bir məharətinə gözəl nəzmlərlə bir mədhnamə yazardım. Hörmətli xanım, kitab oxumaqla Qafqaz türklərinin hal və övzasından vüqufiyyəti-külli hasil etmək olmaz. Və oxuduğunuz cəfəngiyyatı dəstaviz edərək, belə əhəmm məsələlərdən mübahisə etməklə özünüz heç, darüssəltənətdə intişar olan "Peterburqskiye vedomosti" kimi bir böyük cəridəni bədnam edirsiniz". 

Üzeyir bəy ardınca M.Neymanın özünü təkzib etdiyinə diqqət çəkirdi. M.Neyman iddia edir ki, guya Qafqaz türklərinin elm və mədəniyyət əxz etməyə qabiliyyətləri yoxdur, hər bir mədəniyyət və tərəqqinin düşmənidirlər, o biri yandan da deyir ki, onlar axır vaxtlar hökumətdən tələb edirlər ki, xristianlarla bərabər hüquqlara malik olsunlar, məktəblər açmaq haqqı alsınlar. Ü.Hacıbəyli M.Neymanın çaşqınlıqla dolu, biri digərini inkar edən "mülahizə"lərini çevirib onun öz üzünə çırpırdı: "Hərgah türklər elm və mərifətə zidd olsaydılar, məktəb açmaq istərdilərmi? Türklər "qırmızı dəri" vəhşilər tək olsaydılar, "haqq" ləfzini anlayardılarmı? Hüquqda müsavi olmağı tələb edərdilərmi? Heç nə... Görünür ki, xanımın qələm, mürəkkəb və kağızı müftə imiş". 

Ü.Hacıbəyli M.Neymanın iddialarını təkzib etmək üçün türk dili, onun tarixi, lüğət tərkibi və tarixi, mədəni-mənəvi münasibətlər kontekstində türk dili ilə ərəb və fars dillərinin qarşılıqlı əlaqələrindən bəhs edir və Maqdanın dərdinin bizim dilin qeydinə qalmaq olmadığını, əksinə onun dilimizdən qorxduğunu yazır və bunun səbəbini ironik şəkildə ifadə edirdi: "Çünki ittihadi-islam vüquə gələr..." Böyük ədib ermənilərin ağzı ilə danışan M.Neymanın əsl məqsədi barədə açıq yazırdı: "İttihadi-islam" ləfzi dəxi gözübağlıcılıq hiyləsi ilə ortaya atılmış biməna sözdür və bunu da xanım özü yaxşı bilir. Amma əksinə, yazmaqda məqsəd var". Ü.Hacıbəyli bu çirkin məqsədin mahiyyətini detallarına qədər açıqlayırdı. M.Neyman deyir ki, Qafqaz türklərinin "Zəhmətkeşliklə işləri yoxdur. Onların yerlərini əllərindən alıb rus mühacirlərinə və yainki Osmanlıdan qaçıb gələn ermənilərə verməliyik. Özlərini dəxi buraxmalı, o yol, o da onlar, qoy hara istəyirlər getsinlər. Və qalanlarının da əsləhəsini alıb, hüququnu təhdid edib, özlərini də hər halda (zinhar) sıxıb incitmək..." Göründüyü kimi, "pantürkizm", "panislamizm", "ittihadi-islam" kimi ittihamların arxasında böyük siyasi məqsədlər dayanırdı. Türk-müsəlman əhalinin tərəqqisinə mane olmaq bəlkə də bu siyasətin görünən tərəfi idi, amma aysberqin görünməyən tərəfləri də vardı: Qafqaz türklərini öz tarixi torpaqlarından sıxışdırıb çıxarmaq və onların yerinə erməniləri məskunlaşdırmaq. Son yüz ildə tarix bu bədnam siyasətin şahidi oldu. Yaşadığımız indiki tarixi günlər isə həmin iyrənc siyasətin tamamilə fiaskoya uğradığına şahidlik edir. Məqalənin sonunda Ü.Hacıbəyli türklərin "biinsaf və  bimürvət və bivicdan mühərrirlər qələminin oynağı" olduqlarını yazmış və bunun çoxlu səbəblərindən birinə də işarə etmişdir: "Qafqaz iğtişaşatıdırmı?" 

"Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhi" məqaləsi bütövlükdə Ü.Hacıbəylinin publisistikasının ən dəyərli nümunələrindəndir, milli təəssübkeşlik məsələsində mövqeyinin sarsılmazlığının göstəricilərindəndir.   

Ü.Hacıbəylinin zəngin irsində "İkinci il", "Zənbur" jurnalı", "Yeni məktəb", "Vətən dili", "Tənqid əvəzinə" əsərləri mühüm yer tutur. Ədibin həyat və yaradıcılığının mahir tədqiqatçısı Mirabbas Aslanov Üzeyir bəyin seçilmiş əsərlərini çapa hazırlayarkən adıçəkilən nümunələri haqlı olaraq resenziyalar kimi təqdim etmişdir. Həmin əsərlər Ü.Hacıbəylini həm də pedaqoji fikir tariximizin görkəmli nümayəndəsi kimi xarakterizə etməyə tamamilə imkan verir.     

Ü.Hacıbəyli ictimai-mədəni fikir tariximizə publisistik sözün bənzərsiz yaradıcısı kimi daxil olmuşdur. O, həqiqətən sözün böyük ustası idi. Fikrinin hədəfə çatması üçün ən müxtəlif forma və üsullardan istifadə edir, mövzunun boyuna biçilən elə "qəlib"lər hazırlayırdı ki, məsələ hətta ən hazırlıqsız və sadə oxucu üçün belə bütün təfərrüatlarına qədər aydın olurdu. "Biz nə tövr iş görürük?", "Biz ilə yevropalıların təvafütü", "Biz qızışırıq" və sairə kimi publisistik əsərlərində cəmiyyətin psixologiyasını sanki bir rəssam fırçası ilə təqdim edirdi. Ü.Hacıbəyli müəyyən hallarda məqsədli şəkildə "açıq məktub" formasından istifadə edirdi. Bu tipli yazılarında onu müraciət ünvanladığı tərəflərin cavabları yox, məhz cəmiyyətin buna reaksiyası, məsələnin ictimailəşdirilməsi maraqlandırırdı. "Açıq məktub"lar onun üçün həm də cəmiyyət üzvlərini polemikaya çağırmaqda münasib bir forma idi. "Cavanşir uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub", "Qafqaz müsəlmanlarına açıq məktub" və sairə əsərləri ilə görkəmli ədib əslində bütövlükdə cəmiyyəti düşünməyə çağırırdı. 

Ü.Hacıbəyli ədəbiyyat, mədəniyyət və mənəviyyat tariximizin təkrarsız simalarındandır. Müstəqil Azərbaycanın hər səhəri onun Dövlət himninə yazdığı möhtəşəm musiqi ilə açılır. Bu gün onu yüz il əvvəl görmək istədiyi Azərbaycan və azərbaycanlılar yaşadır.  

Şahbaz MUSAYEV,

filologiya elmləri doktoru

Seçilən
68
azerbaijan-news.az

1Mənbələr