AZ

"O, əsl realist xalq bəstəkarı idi"

Bütün dövrlərdə dahi sənətkarların həyatı və yaradıcılığı, zəngin irsi insanların daim diqqət mərkəzində olur, onların ölməz əsərləri müasirlərini düşündürür, ictimaiyyət arasında müxtəlif fikirlər oyadır və bu diqqəti, bu marağı zəmanənin heç bir axarı nə poza, nə də dəyişə bilir. Bu baxımdan görkəmli bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, milli musiqimizdə Avropa üslubunda ilk operanın müəllifi, Əməkdar incəsənət xadimi Əbdülmüslüm Məhəmməd oğlu Maqomayev Azərbaycan incəsənəti və mədəniyyəti tarixində nadir simalardan biridir. Onun operaları, simfonik əsərləri, mahnıları, kino və dram teatrları üçün yazdığı musiqilər milli bədii irsimizin parlaq səhifələrini təşkil edir. Bəstəkar ömrünün 30 ildən çoxunu Azərbaycan musiqi sənətinin inkişafına həsr etmiş, yorulmadan müasir ruhlu kadrlar yetişdirmiş, həm də bunu böyük vüsətlə etmişdir.

Müslüm Maqomayev illərin sərt sınağından, sosial sinfi ziddiyyətlərin kəskinləşdiyi dövrlərdən, ictimai-siyasi maneələrdən keçərək əbədiyaşarlıq qazanmış şəxsiyyətlərdəndir. Bəstəkarın yaradıcılığı nəinki zamanın ruhunu, fikri mübarizəsini, eyni vaxtda bədii düşüncəsini əks etdirmişdir. Onun sənətinin dərinliyi, dolğunluğu isə bitkin bədii üslubda ifadə olunur. Bu üslub isə insanların mənəvi ehtiyaclarına cavab verir, onları təsiri altına alır, irəli aparır, daim ucaldır və yüksəldir... Ona görə də görkəmli müsiqi ustadının zəngin irsi Azərbaycan xalqının mədəni sərvətinə çevrilib. Əsərləri dünya musiqi incisinin nümunələri hesab olunur.

Müslüm Maqomayev professional musiqiyə dostu və qohumu dahi bəstəkar Üzeyir bəy Hacıbəyli ilə birlikdə XX əsrin əvvəllərində, incəsənətin, o cümlədən musiqi teatrının ən fəal inkişafı dövründə gəlmişdir. Yaşadığı 52 illik ömür çərçivəsində Üzeyir bəyin yaratdığı teatr truppasının rəhbəri olmuş, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şeyx Sənan" operalarına, "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarına dirijorluq etmişdir. Müslüm Maqomayev 1916-cı ildə ilk irihəcmli musiqi əsərini - "Şah İsmayıl" operasını yazmışdır. 

Sonra "Nərgiz" operasını, "Azərbaycan çöllərində", "Azad olunmuş Azərbaycan qadınının rəqsi", "Dərviş", "Şəlalə", radio marşı kimi simfonik əsərlərini bəstələmiş, "Ceyranı", "Turacı", "Çeçen rəqsi" oyun havalarını, "Bahar", "Bizim kənd", "Mazut ordusu" kimi mahnılarına həyat vermişdir.

İki böyük sənətkar - Üzeyir bəy Hacıbəyli və Müslüm Maqomayev eyni ilin eyni günündə - 1885-ci ilin 18 sentyabrında dünyaya gəlmişdilər. Biri Şuşa qəzasının Ağcabədi şəhərində, digəri Qroznıda…

Doğulduqları məkanları bir-birindən yüzlərlə kilometr məsafə ayırırdı. Kimsə bilməzdi ki, zaman keçəcək, tale bu iki insanı ömür yollarının hansısa məqamında rastlaşdıracaq, onların musiqidə qoşalaşmış taleləri mədəniyyət tariximizin qürur səhifəsinə çevriləcək, dünyaya gəldikləri gün də Azərbaycan Musiqisi Günü kimi hər il böyük sevgi ilə qeyd ediləcək. Bu il Azərbaycan xalqının yetirdiyi və adlarını hər zaman qürurla çəkdiyimiz hər iki sənətkarın anadan olmasının 140 illiyi qeyd olunur. 

İşıqlı səhifələr

…Müslüm Maqomayev 1885-ci ildə Qroznı şəhərində dünyaya gəlmişdi. Atası Məhəmməd əslən Qax rayonunun İlisu kəndindən idi, dəmirçiliklə məşğul olardı. Sonralar ailəsi ilə Qroznıya köçmüşdü. 

M.Maqomayev 1900-cü ildə məktəbi bitirib Qori Müəllimlər Seminariyasına qəbul olunmuşdu. Elə Üzeyir bəy Hacıbəyli ilə sonradan heç zaman qırılmayan dostluq əlaqələrinin təməli də burada qoyulmuşdu. Yollar və arzular eyni məkanda birləşdirmişdi onları, burada dostlaşmış, bir-birinə inanmış, fikir və əqidə qardaşlarına çevrilmişdilər. 1909-cu ildə Müslüm Maqomayev Tiflis Pedaqoji İnstitutunda müvəffəqiyyətlə imtahan verərək şəhər məktəblərində müəllimlik etmək hüququ alır. İki il sonra Bakıya köçərək 1911-ci ildə Sabunçudakı şəhər kollecində işə başlayır. Bakı həyatı ona həmin vaxtlarda Üzeyir bəy Hacıbəylinin rəhbərliyi altında fəaliyyət göstərən müsəlman opera truppası ilə əməkdaşlıq etmək imkanı verir. Azərbaycan musiqili teatrının orkestrində skripkada ifa etməyə başlayır. 1913-cü ildə Müslüm Maqomayev "Məhəbbət" və "Şah İsmayıl" operalarını yazmağı qərara alır. "Məhəbbət" operası bitməmiş qaldığından 1916-cı ildə tamamladığı "Şah İsmayıl" operası görkəmli bəstəkarın ilk səhnə əsəri sayılır.

Bəstəkarın şah əsəri

Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov onu Mikayıl Müşfiqin atası Mirzə Qədir İsmayılzadə ilə tanış edir. Mirzə Qədir o zaman Bakıdakı "Səadət" məktəbinin müəllimi idi. "Vüsaqi" təxəllüsü ilə gözəl şeirlər yazırdı. Bəstəkar "Şah İsmayıl" operasını Mirzə Qədirin eyniadlı poeması əsasında yaradır. 

Müslüm Maqomayev irsinin tədqiqatçıları akademik Z.Səfərova, musiqişünas Q.İsmayılova, ədəbiyyatşünas E.Akimova qeyd edirlər ki, Müslüm bəy özünün yaratdığı "Şah İsmayıl"a hədsiz dərəcədə vurğun imiş. Çox sevirmiş bu əsəri və həmişə özü bu əsərə dirijorluq edərmiş. Üzeyir bəy M.Maqomayevin "Şah İsmayıl" operasından bəhs edərkən göstərirdi ki, gözəl musiqi materialı və süjetin dramatik ifadəliliyi əsərin böyük şöhrət qazanmasına səbəb olmuşdur: "Şah İsmayıl" Azərbaycanın ozamankı musiqi həyatında improvizə olunmuş milli operanı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək sahəsində ilk təşəbbüsdür". Amma əsərin səhnə taleyi ağrılı olur. Operanın premyerası ərəfəsində Tağıyev teatrı yandırılır. Bundan bir müddət sonra təşkil edilən ikinci premyerada isə rejissor Hüseyn Ərəblinski öldürülür.

Xalq yazıçısı Anar yazır: "Musiqi tariximizin görkəmli xadimi mövqeyində dayanan Müslüm Maqomayev bəstəkar, dirijor, şəxsiyyət, fərd, insan kimi - yaşadığı illərin, dövrün məhsuludur, bəhrəsidir. Həm də bu dövr - uçurumla aralanmış iki parçaya bölünüb - inqilabdan əvvəlki və sonrakı illər. Müslüm Maqomayev ömrünün inqilabdan qabaqkı səhifələri - Qori seminariyası, Üzeyir bəy Hacıbəyli ilə tanışlıq, dostluq. Əyalətdə müəllimlik, Bakıya gəlib qəti surətdə musiqi aləminə daxil olması, dirijorluq fəaliyyəti və nəhayət, bir bəstəkar kimi başıbəlalı debütü - "Şah İsmayıl". "Şah İsmayıl"ın daşdan çıxan, daha doğrusu, yanğının odundan - alovundan çıxan, sonralarsa Ərəblinskinin ölüm günü ilə qovuşan premyerası…"

Tamaşanın premyerası ləğv edilmir... Premyera başlar-başlamaz bir nəfər səhnəyə çıxıb deyir: "Ağalar, rica edirəm ayağa qalxıb böyük aktyorumuz Hüseyn Ərəblinskinin xatirəsini birdəqiqəlik sükutla yad edək".

Akademik Rafael Hüseynov "Yaşıl yarpaq" əsərində yazır ki, bütün salon ayağa qalxır: "Müslüm onsuz da ayaq üstədir; pult arxasında dayanıb. Martın 7-dir. Bu gün Hüseyn Ərəblinskini torpağa tapşırıblar. Bu gün "Şah İsmayıl"ın premyerasıdır".

Müslüm Maqomayevin "Şah İsmayıl" operası xalq əfsanəsinə əsaslanır. Burada milli folklor nümunələrindən geniş istifadə edilib. Operanın ilk nəşrində çoxsaylı dialoq epizodları vardı, musiqi isə daha çox improvizasiya və muğam prinsiplərinə əsaslanırdı. "Şah İsmayıl" operası 1919-cu ildən bəri təqribən 400 dəfə oynanılıb.

O, milli simfonik musiqimizin inkişafında xüsusi rol oynamışdı 

M.Maqomayevin yaradıcılığında simfonik orkestr üçün yazılmış əsərləri böyük əhəmiyyətə malikdir. Bu əsərlər 1920-ci ilin axırlarında, 1930-cu illərin əvvəllərində bəstələnmişdir. Bu maraqlı əsərlərdə bəstəkarın doğma vətənə, Azərbaycan xalqına olan səmimi məhəbbəti incə bədii zövqlə tərənnüm olunur: "Azərbaycan çöllərində" rapsodiyası, "Azad olunmuş azərbaycanlı qızının rəqsi" fantaziyası, "XVII partiya qurultayına həsr olunmuş marş", "PB8" marşı, "Təsnifi-şur" və digər əsərləri musiqisevərlər tərəfindən rəğbətlə qarşılanırdı. Bu əsərlər sayca az olsa da, onlar milli simfonik musiqimizin inkişafında xüsusi rol oynamış, musiqi tariximizin xəzinəsinə daxil edilmişdir.

M.Maqomayev kütləvi mahnı janrının inkişafında, təbliğində də olduqca mühüm rol oynamışdır. Bu barədə bəstəkar özü deyirdi: "Azərbaycan bəstəkarları öz doğma milli mahnıları əsasında yeni əsərlər, həyatımızın nailiyyətlərini və nöqsanlarını əks etdirən proletar musiqilər, xalqı zəhmətə və yeni qalibiyyətlərə doğru çağıran, insanları qəlbən ruhlandıran və əyləndirən şən mahnılar yaratmalıdırlar". Mütəxəssislərin yazdıqlarına görə, Azərbaycanda ilk professional qəhrəmanlıq və vətənpərvərlik mövzusunda bəstələnmiş mahnıların müəllifi Üzeyir bəy Hacıbəylidirsə ("Qızıl əsgər" marşı), M.Maqomayev isə ilk zəhmət adamlarına həsr olunmuş mahnıların yaradıcısıdır.

Bu mahnılarda o dövrün fəal və işgüzar insanları tərənnüm olunurlar: "Neft", "Bizim kənddə" və s. digər kütləvi mahnılarında vətənimizin gözəl təbiəti, yaşıl bağları, çölləri vəsf edilir. Xüsusilə Müslüm Maqomayevin "Yaz", "May", "Tarla" mahnılarında lirik, səmimi, işıqlı obrazlar üstünlük təşkil edir. Bu mahnıların ifadəli və yaddaqalan melodiyaları Azərbaycan xalq musiqisinə olduqca yaxındır. Əsərlərin harmonik dili, fakturası da olduqca aydın və ifadəlidir, musiqili obrazın xarakterini əks edir.

M.Maqomayev C.Məmmədquluzadənin "Ölülər", C.Cabbarlının "1905-ci ildə" tamaşalarına, Bakı kinostudiyasının ilk səsli filmləri olan "Lök-Batan", "Bizim raport", "Azərbaycan incəsənəti" kimi sənədli filmlərə yazılmış musiqinin müəllifidir.

Görkəmli bəstəkar 1920-ci illərdən ömrünün sonunadək fəal surətdə ictimai işlə məşğul olmuşdu. Əvvəlcə Xalq Maarif Komissarlığının incəsənət şöbəsinə rəhbərlik etmiş, 1929-cu ildən isə Azərbaycan radio verilişlərinin musiqi şöbəsinə bədii rəhbər təyin olunmuş, 1934-cü ildən opera teatrında direktor və bədii rəhbər vəzifəsində işləmişdir. Eyni zamanda Müslüm Maqomayev teatrda dirijor kimi də fəaliyyət göstərmişdir.

Avropa üslubunda ilk operanın müəllifi - "Nərgiz"

M.Maqomayevin yeni yaradıcılıq zirvəsi - "Nərgiz" operasıdır. O bu əsəri Hüseyn Cavidin "Çobanlar" radiopyesinin süjeti əsasında yazır. Bəstəkar öz gündəliyində yazırdı ki, işimə ən çox ilham verən əsərdə təsvir olunan hadisələrin mənə əziz olması idi: "Mən bu mövzunu qəlbən sevdim, hərtərəfli düşündüm. Dramatik cəhətdən lazımi şəklə saldım. Qədim əfsanə və nağıllardan uzaqlaşıb özüm gördüyüm, şahidi olduğum, həyatla təmas etdiyim günləri düşündükcə ruhlanır, yaradıcılıq işimi daha da böyük həvəslə aparırdım".

Üzeyir bəy Hacıbəyli bu operaya yüksək qiymət vermişdir. O yazırdı: "Öz mövzusunu xalq kütlələrinin üsyan hərəkatından götürmüş "Nərgiz" inqilabi məzmunda yazılmış ilk Azərbaycan operası..." olmaqla, ilk dəfə opera səhnəmizdə müasir həyatımızın qəhrəman obrazlarını yaratmışdır. Görkəmli sovet musiqişünası S.Korev "Nərgiz"i realistik sovet operası adlandırırdı: "İdeyaca dolğun, bədii fikir etibarilə dərindir. "Nərgiz" operası bizim müasir həyatdan alınan inqilabi-qəhrəmanlıq mövzusunu əks etdirən, ideya-bədii səviyyəsi yüksək olan, səhnə əsərlərindən birincisi kimi sovet musiqili teatr tarixinə daxil olacaqdır". Beləliklə, yeni müasir mövzuya bəstəkarın müraciət etməsi, kasıb kəndlilərin mülkədar cəlladlarına qarşı sinfi mübarizəsini təcəssüm etdirməsi Maqomayevin ən dəyərli xidməti idi.

1935-ci ilin dekabr ayının 24-də "Nərgiz" operasının premyerası olur. Quruluşçu rejissor - A.Tuqanov idi. Əsas rolların ifaçıları: Nərgiz - A.Terequlova, Əliyar - H.Hacıbababəyov, Cəfər - Y.Rzayev, Ağalar bəy - M.Bağırov, Həsən kişi - B.Mustafayev, Bədəl - H.Hüseynov, Molla Mütəllim - Ə.Zülalov. 

Bir faktı da qeyd edək ki, müəllif əsəri 1935-ci ildə yazsa da, ağır xəstəliyinə görə opera üzərində işləri tam başa çatdıra bilmir. Bunu R.M.Qliyer öz üzərinə götürür, onu səhnə həlli üçün hazırlayır. A.Tuqanovun rejissorluğu ilə "Nərgiz" operasının premyerası elə böyük rəğbət qazanır ki, Müslüm Maqomayev bu əsərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Xalq artisti Kərim Kərimov yazırdı ki, "Nərgiz" operasının musiqisi parlaq melodiyaların sonsuz axınıdır. Bütün əngəllərə baxmayaraq, "Nərgiz" səhnədəydi, səsi, sədası çox uzaqlara yayılırdı. Tədqiqatçıların yazdığına görə, o, milli operanın inkişafında yeni dövrə keçidə işarə vermiş, ümumiyyətlə, milli musiqinin artan kamilliyini, bəstəkar yaradıcılığının ən mürəkkəb formalarını mənimsəmək iqtidarında olmasını təsdiq etmişdir... "Nərgiz" operası ümumi təkamül yoluna cəlb olunmuşdur. Belə ki, Maqomayevin niyyətlərinin varislik axarı F.Əmirovun "Sevil" operasına aparıb çıxarır.

Sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva "Nərgiz" operasının dramaturji baxımdan yüksəksəviyyəli sənət əsəri olduğunu xüsusi vurğulayır: "Burada ənənə və novatorluq prinsipləri sıx vəhdət təşkil edir. Operanın librettosu M.S.Ordubadiyə məxsusdur. Bu əsərin diqqətəlayiq xüsusiyyətlərindən biri həmin illərin milli operası üçün yeni olan musiqi dilinin intonasiya obrazlı quruluşudur ki, bu da ondan əvvəl yaranmış əsərlərdən fərqlidir. "Nərgiz" əsərində bəstəkarın xalq musiqisi incilərinə yaradıcı münasibətinin şahidi oluruq, belə ki, M.Maqomayev  xalq musiqi materialını opera formalarına tətbiq edərək, musiqi dilinin yeni, ifadəli, səciyyəvi xüsusuyyətlərini üzə çıxarmışdır". 

Müslüm Maqomayevin ən böyük arzularından biri isə görkəmli şairimiz Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq idi. Əfsus ki, bu arzusunu reallaşdıra bilmədi.  M.Maqomayevin "Məhəbbət" operasından başqa, sona çatmamış "Dəli Muxtar" baleti və "Xoruz bəy" adlı musiqili komediyası da var.

 Görkəmli bəstəkar, klassik musiqimizin banilərindən biri Müslüm Maqomayev 1937-ci ildə 52 yaşında əbədiyyətə qovuşdu. Nalçikdə vəfat etdi.  Əcəl onu yaşının, təcrübəsinin yaradıcılıq üçün ən gözəl dövründə apardı, nə qədər istəkləri, arzuları, ideyaları yarımçıq qaldı. Dahi bəstəkar Üzeyir bəy Hacıbəyli yaxın dostu, həmkarı Müslüm Maqomayevin yaradıcılığına böyük dəyər verərək yazırdı: "Bəşər tarixində elə şəxsiyyətlər var ki, onlar tək özləri üçün yox, bütün xalqın, bəlkə də bütün bəşəriyyətin xoşbəxtliyi naminə həyata gəliblər. Belə insanlar xalqa nəinki sağlığında, hətta ölümündən sonra da xeyir gətirirlər. Müslüm Maqomayev əsl realist xalq bəstəkarı idi, Azərbaycan musiqi incəsənəti yolunda duran bütün sədləri amansızcasına vurub dağıdan cəsarətli novator idi". 

Bu gün böyük sənətkarın Fəxri xiyabandakı məzarı, adını daşıyan Azərbaycan Dövlət Filarmoniyası, filarmoniyanın qarşısındakı büstü milyonlarla azərbaycanlının qürur yeridir. 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
18
azerbaijan-news.az

1Mənbələr