AZ

ABŞ senatoru Berni Sanders İsrailin Qəzzadakı hərbi əməliyyatlarını pisləYİB

Siyasətçi baş verənləri “soyqırım” adlandıraraq Vaşinqtonu Fələstin xalqına qarşı zorakılığa son qoymağa çağırıb...

Poliqon xəbər verir ki, Vermont ştatından müstəqil senator Berni Sanders sosial şəbəkələrdə etdiyi çıxışında İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatları “soyqırım” adlandırıb. O, ABŞ hökumətini “Fələstin xalqının qətliamında şərikliyə son qoymağa” çağırıb. Bu barədə Politico qəzeti məlumat yayıb.

Sanders həmçinin ABŞ prezidenti Donald Tramp administrasiyasını sərt tənqid edərək, İsrailin baş naziri Binyamin Netanyahunun Qəzzadakı “etnik təmizləmə siyasətinə” dəstək verməkdə ittiham edib. Onun sözlərinə görə, İsrail rəhbərliyi fələstinlilərin “könüllü miqrasiyasını” təşviq edərək, bölgəni Trampın “Orta Şərq Rivyerası” adlandırdığı layihə üçün boşaltmağa çalışır.

Xatırladaq ki, sentyabrın 16-da İsrail ordusu Qəzza şəhərinə genişmiqyaslı hərbi hücuma başlayıb. Şəhər həm aviasiya, həm də artilleriya zərbələrinə məruz qalıb. Əməliyyatın əsas məqsədi şəhərə tam nəzarət və “Həmas” hərəkatının tamamilə məhv edilməsi kimi təqdim olunur.

Hadisələrə beynəlxalq reaksiyalar da sərt olub. Avropa İttifaqı İsrailin hücumlarını pisləyib, maliyyə dəstəyini dayandırdığını açıqlayıb və Tel-Əvivə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını bəyan edib. BMT İnsan Haqları Şurasının yaratdığı xüsusi komissiya isə İsrail ordusunun Qəzzadakı hücumlarını soyqırım kimi qiymətləndirib.

Poliqon.info

Seçilən
22
poliqon.info

1Mənbələr