AZ

Qlobal istiləşmə Atlantik okeanındakı mərcan riflərinin 70 faizini məhv edə bilər

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Beynəlxalq okeanoloq və iqlimşünaslar müəyyən ediblər ki, Yer kürəsində orta temperaturun artması davam edərsə, Atlantik okeanındakı mərcan riflərinin 70 faizdən çoxu artıq bu əsrin ortalarında sürətlə dağılmağa başlayacaq. Onların yox olması dəniz səviyyəsinin qalxmasının mənfi təsirlərini daha da gücləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunmuş məqalədə qeyd olunur.

“Biz Atlantik okeanının tropik bölgəsinin 400-dən çox ərazisində qədim mərcan qalıqlarını araşdıraraq riflərin böyümə xüsusiyyətlərinin və onlarla bağlı ekosistemlərin gələcəkdə necə dəyişəcəyini qiymətləndirdik. Analizlər göstərir ki, 2040-cı ilə qədər Atlantik okeanındakı riflərin 70 faizdən çox məhv olacaq. Qlobal istiləşmə 2 və ya daha çox dərəcə olarsa, bu proses 99 faizdən çox rifləri əhatə edəcək”, – deyə alimlər bildirirlər.

Tədqiqat, Böyük Britaniyanın Ekseter Universitetindən professor Kristofer Perrinin rəhbərliyi altında aparılıb. Alimlər iqlim dəyişikliyi və onunla bağlı dəniz səviyyəsinin qalxmasının Atlantik okeanının tropik bölgəsinin mərcan koloniyalarına təsirini araşdırıblar. Mərcan rifləri və onların yaratdığı ekosistemlər sahil xətlərini güclü dalğaların dağıdıcı təsirindən qoruyan təbii baryer rolunu oynayır.

Alimlər Floridanın, Panamanın, Meksikanın, Bonayr adasının və digər bölgələrin sahillərindən tapılan mərcan nümunələrini tədqiq edərək keçmişdə temperatur və dəniz səviyyəsinin dəyişikliklərinin riflərin böyüməsinə necə təsir etdiyini araşdırıblar. Nəticələr göstərib ki, hazırkı şəraitdə belə, Atlantik okeanının şimal tropik bölgələrindəki bir çox rif artıq dağılmaqdadır və 2040-cı ilə qədər temperaturun cüzi artımı belə bu prosesi 70 faizdən çox mərcan koloniyalarına yayacaq.

Qlobal istiləşməni 2 dərəcə Selsi həddində saxlamaq mümkün olmasa, Atlantik okeanının tropik bölgəsinin demək olar ki, bütün rifləri sürətlə məhv olacaq. Bu isə sahilyanı ərazilərin fırtına və dalğalara qarşı müdafiəsiz qalmasına səbəb olacaq.

Alimlərin sözlərinə görə, əsrin ortalarınadək dəniz səviyyəsinin 30–50 sm qalxması da riflərin məhv olmasını sürətləndirəcək və sahillərin təbii fəlakətlərə qarşı daha həssas olmasına gətirib çıxaracaq. Bu isə qlobal istiləşməyə qarşı mübarizənin və yeni strategiyaların hazırlanmasının zəruriliyini bir daha göstərir.

Tədqiqatçılar hesab edirlər ki, ümumilikdə dünya üzrə mərcan riflərinin və digər polip koloniyalarının təxminən 20 faizi, o cümlədən Avstraliyanın Böyük Sədd rifləri bu əsrdə tamamilə yox ola bilər. Oxşar proseslər artıq İsrail və qonşu ölkələrin Qırmızı dəniz sahillərində də müşahidə olunur. Burada mərcanların və dəniz kirpilərinin məhv olması həm suyun yüksək temperaturu, həm də yeni xəstəliklərin yayılması ilə əlaqədardır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
azertag.az

2Mənbələr