Son zamanlar Rusiya-NATO qarşıdurma ehtimalı müzakirə olunur. Xüsusilə Rusiyanın “Şahed” PUA-larının Polşa hava məkanını pozmasından sonra bu ehtimallar daha çox gündəmə gəlib. Bir sıra ekspertlər NATO-ya üzv ölkələrin "Şərq keşikçisi" əməliyyatına başlamasını Rusiyaya mesaj kimi dəyərləndirirlər. Ümumiyyətlə proseslər necə inkişaf edə bilər?
“NATO tərəfindən ciddi reaksiya verilir”
Milli Məclisin deputatı Arzu Nağıyev qeyd edib ki, son vaxtlar Rusiyanın PUA-larının məhz Polşa hava məkanını pozması təsadüfi hal kimi qiymətləndirilmir: “Əsas məsələ ondan ibarətdir ki, hava məkanının dəfələrlə pozulmasına baxmayaraq bu gün artıq NATO tərəfindən çox ciddi reaksiya verilir, həm də Şərqi Avropa ölkələrinə bir növ psixoloji təsir edən məsələlərdən onlar nəticə çıxarmağa başlayıb. Polşa NATO-nun Rusiya ilə sərhədinə tərəf son cinahdır. Burada Belarusiyadan istifadə etmək kimi məsələlər gündəmdədir”.
“NATO hərbi hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirib”
A.Nağıyevin sözlərinə görə, maraqlı məsələ odur ki, artıq ABŞ-nin hərbi rəhbərliyi hətta Belarusiya ərazisində keçirilən təlimlərdə iştirak edib, bir neçə sual doğuran məsələlərə aydın gətirib: “İndi artıq “Şərq mühafizi” əməliyyatı təsadüfi deyil. Bu, NATO-nun reaksiyasıdır və Rusiya təhdidlərinə qarşı qabaqlayıcı addım kimi nəzərdə tutulur. Yəni bu gün artıq NATO istər özünün Hollandiyada, istər Almaniyada və digər istiqamətlərdə, həmçinin Polşanın özündə yerləşdirdiyi hərbi hava hücumundan müdafiə sistemlərini hazır vəziyyətə gətirib, Rusiyanın təzyiqlərinin qarşısını almaq üçün ictimai etimadı möhkəmləndirməyə çalışır”.
“Hərbi insident baş verə bilər”
Deputat qeyd edib ki, Moskva açıq qarşıdurmaya getmək istəməsə də müəyyən qədər Qərbə bir mesaj ötürür, yəni test xaraktei daşıyır. Eyni zamanda, xəbərdarlıq edir ki, ümumiyyətlə, bu işlərə qarışmasın: “Çünki çox ciddi problemlər yarana bilər və artıq NATO-nun ərazisində müharibə aparmaq məsələsi gündəmə gələ bilər. Rusiya NATO münasibətlərində gərginlik yüksəlir. Bu da təbii ki, riskdir. Hərbi insident baş verə bilər”.
“Rusiya Avropa İttifaqının və NATO-nun nəbzini yoxlayır”
Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, Rusiya Polşanın hava məkanını pozması kimi addımlarla həm Avropa İttifaqının, həm də NATO-nun nəbzini yoxlayır, eyni zamanda, psixoloji təzyiq də həyata keçirir: “Bu gün Rusiyanın ən əsas məqsədi budur. Yəni Avropa dövlətlərini, NATO-nu qorxudaraq Ukraynaya dəstəkdən çəkindirmək. Bu gün bir nömrəli əsas hədəf və məqsəd budur, Rusiya bunun üçün çalışır”.
“NATO dövlətləri dişli mövqe nümayiş etdirməlidir”
Deputat diqqətə çatdırıb ki, əgər Avropa dövlətləri bu məsələyə ciddi reaksiya verməsələr, ciddi bir addım atmasalar, Rusiya digər Avropa ölkələrinə də hücum həyata keçirərək onları qorxutmağa, onlara təzyiq etməyə çalışacaq: “Məsələnin ən təəssüf hissi doğuran tərəfi odur ki, bu günə kimi NATO dövlətlərinin reaksiyası, mövqeyi o qədər də güclü olmayıb və bu gündən sonra da güclü olması hələki gözlənilmir. Ona görə də bu baxımdan hesab edirəm ki, NATO dövlətləri də dişsiz yox, dişli mövqe nümayiş etdirməlidir. Qəti qərarlar qəbul etməli, qəti mövqe ortaya qoymalıdırlar. Biz hələki bu qəti mövqeyi və yanaşmanı görmürük. Bu qəti mövqe, yanaşma olmadıqca da Rusiyanın təzyiqləri, təxribatları artacaq və Rusiya öz məqsədinə nail olacaq. Burada məsələnin əsl mahiyyəti və əsas tərəfi bundan ibarətdir. NATO bunu nəzərə almalıdır və Rusiya tərəfinin bu təxribatlarının qarşını almaq üçün mütləq şəkildə real addımlar atmalıdır, atmadan qeyri-mümkündür”.
“Müharibənin gedişində yeni mərhələ yaşana bilər”
Siyasi şərhçi Taleh Əliyev söyləyib ki, Rusiyanın Ukraynaya hücuma başladığı vaxtdan indiyə qədər demək olar ki, NATO üzvü olan ölkələrin ərazisinə hər hansı bir formada Rusiya dronlarının və ya aviasiyasının müdaxiləsi kimi hallar baş verməyib: “Baxmayaraq ki, müharibənin elə ilk günlərindən NATO üzvü olan ölkələr, xüsusilə də Ukraynanın həmsərhəd ölkəsi olan Polşa, keçmiş sovet respublikaları olan Baltikyanı respublikalarının Ukrayna tərəfinə açıq və geniş dəstəkləri olub. Rusiya son hadisələrə qədər öz fəaliyyətini bu baxımdan ciddi kontrolda saxlaya bilmişdi. Lakin son hadisələr, xüsusilə də Polşa ərazisinə Ukrayna üzərindən Rusiya dronlarının keçməsi, eyni zamanda, oxşar hadisələrin Rumıniya ərazisinə də cəhdlərin olması onu göstərir ki, müharibənin gedişində yeni bir mərhələ yaşana bilər”.
“Əgər Rusiya tərəfindən növbəti belə təxribatlar baş verərsə...”
T.Əliyevin sözlərinə görə, bu hadisələrdən ciddi narahatlıq keçirən Avropa ölkələri, xüsusilə NATO üzvü olan ölkələr demək olar ki, baş verən hadisələrdən sonra NATO-nun şərq cinahında intensiv müşahidə missiyası və müdafiə xəttinin möhkəmləndirilməsi siyasətini həyata keçirir: “NATO Baş katibi Mark Ruttenin də açıqlamalarını, məncə, ciddiyə almaq lazımdır. Əgər Rusiya silahlı qüvvələrinə məxsus dronların və ya digər aviasiya vasitələrinin, raketlərin NATO üzvü olan ölkə ərazilərinə atılması halları müşahidə olunarsa, Rusiya bütövlükdə NATO-nun kollektiv reaksiyası ilə üz-üzə qala bilək”.r
“Rusiya daha ehtiyatlı və diqqətli olacaq”
Siyasi şərhçi əlavə edib ki, bundan sonra Rusiya tərəfi bu məsələlərdə daha ehtiyatlı və diqqətli olacaq: “Baxmayaraq ki, Rusiya bu günlərdə Belarusiya ilə birlikdə “Qərb 2025” adı altında hərbi təlimlər keçirir, amma çox güman ki, bu, psixoloji savaş elementi kimi önəmli olacaq. Bunun ardınca Rusiyanın yenidən NATO sərhədlərini keçməyə təşəbbüsü olmamalıdır. Əgər belə bir təşəbbüs olacaqsa, bu artıq rəsmi Moskvanın cəbhənin genişləndirilməsi istiqamətində yeni təşəbbüsü kimi qəbul olunacaq və qeyd etdiyim kimi Qərb tərəfindən də adekvat reaksiya ilə üzləşəcək”.
"Polşa raket zərbələrinə də məruz qala bilər”
Siyasi şərhçi Vəli Əlibəyov söyləyib ki, Rusiyanın Polşa ərazisinə müdaxiləsi daha çox Rusiyanın Şimali Atlantika Blokunun reaksiyasını öyrənmək üçün həyata keçirdiyi bir addım kimi qiymətləndirilməlidir: “Nəzərə alaq ki, bir müddət əvvəl Şimali Atlantika Blokunun baş katibi qeyd etmişdi ki, Rusiyanın nazı ilə çox oynamağa dəyməz, onu yerində oturtmağın vaxtı çoxdan çatıb. Bununla da Rusiya Polşaya hücum etməklə bir növ öyrənmək istəyib ki, Avropa və ya Şimali Atlantika Bloku öz hədələrində nə qədər uzağa gedə bilərlər. Yəni əsas məqsəd budur”.
V.Əlibəyovun bildirdiyinə görə, bundan sonra Rusiyanın Polşaya və ya digər Avropa ölkələrinə qarşı belə hücumlar edib-etməyəcəyi, yaxud NATO ilə hərbi toqquşmaının olub olmayacağı, Avropa, ABŞ və Şimali Atlantika Blokunun addımlarından asılı olacaq: “Əgər sanksiyaların genişləndirilməsi sərt olarsa, o zaman Rusiya bir müddət geri çəkiləcək və bu hadisənin həqiqətən də təsadüfən baş verdiyini qeyd edəcək. Yox, əgər Avropa ölkələri sərt bəyanatlardan kənara çıxmayacaqlarsa, ola bilsin ki, Ukraynada müharibə davam edə-edə artıq Polşa ərazisi də raket zərbələrinə məruz qalsın”.
Röya İsrafilova