İspaniya katolik kilsəsi qurum daxilində baş verən uşaqlara qarşı cinsi istismar halları ilə bağlı gördüyü tədbirlər çərçivəsində son bir ildə 39 nəfərə təzminat ödəndiyini açıqlayıb.
Kilsənin məlumatına görə, bir il əvvəl yaradılan “İstismar Qurbanları üçün Hərtərəfli Təzminat Planı” (PRIVA) çərçivəsində indiyədək daxil olan 89 təzminat müraciətindən 39-u təmin edilib və həmin şəxslərə 3 min ilə 100 min avro arasında ödəniş olunub.
Katolik kilsəsi bildirib ki, PRIVA proqramı məhz keçmişdə cinsi zorakılığa məruz qalan, lakin müddət məhdudiyyəti və ya məhkəmə yollarının qapalı olması səbəbindən hüquqi iddia qaldıra bilməyənlər üçün həyata keçirilib. İndiyədək daxil olan müraciətlərin 32-si piskoposluqlar, 57-si isə dini icmalarla bağlı olub.
Kilsənin İspaniyadakı ən böyük qurumu olan İspaniya Piskoposlar Konfransının da təmsilçi göndərdiyi, 10 nəfərlik heyətdən ibarət PRIVA proqramı mənəvi zərərlərin maddi kompensasiyası, psixoloji və ya terapiya müalicəsinin hazırkı və gələcək xərclərinin qarşılanması, həmçinin Kilsə institutlarının qurbanlara dəstək mexanizmlərinin gücləndirilməsi üçün tövsiyələr təqdim etmək prinsipi ilə fəaliyyət göstərir.
Xüsusilə əvvəlki illərdə geniş müzakirələrə səbəb olan və üzə çıxan cinsi istismar faktlarına görə İspaniya katolik kilsəsi ictimaiyyət qarşısında üzr istəyib.
Siyasi, ictimai və media təzyiqləri fonunda kilsə 2023-cü ilin iyununda açıqlamışdı ki, 1940-cı illərdən bəri 728 din xadiminin, əsasən 1960–1980-ci illərdə olmaqla ümumilikdə 927 uşağa qarşı cinsi zorakılıq törətdiyi barədə şikayətlər daxil olub.
Kilsə daxilində uşaqlara qarşı cinsi zorakılıq hallarını araşdıran müstəqil komissiya isə 2023-cü ilin oktyabrında dərc etdiyi hesabatda ölkədə 1940-cı illərdən bəri 200 mindən çox uşağın cinsi istismara məruz qaldığının ehtimal edildiyini açıqlamışdı.