"Sükut yalnız qatillərin xeyrinə işləyir..."
Rusiya müxalifətinin rəmzi, Vladimir Putinin ən ardıcıl tənqidçisi Aleksey Navalnının ölümü ilə bağlı rezonans səngimir. İki xarici laboratoriya Alekseyin Navalnının ölüm səbəbini təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb.
Navalnının ölümü ətrafında yeni sübutlar
Mərhum müxalifət liderinin həyat yoldaşı Yuliya Navalnaya bəyan edib ki, Rusiyadan kənarda yerləşən iki müstəqil laboratoriya Alekseyin bioloji materiallarını araşdıraraq onun zəhərlənmədən öldüyünü təsdiqləyib.
O, bildirib ki, ərinin ölümündən dərhal sonra -16 fevral 2024-cü ildə Harp koloniyasında nümunələr gizli şəkildə ölkədən çıxarılaraq təhlükəsiz şəkildə xaricə ötürülüb. Araşdırmalar isə bir mənzərəni ortaya qoyub: Navalnı qətlə yetirilib.
"Putin ərimin ölümünə görə məsuliyyət daşıyır"
Yuliya Navalnaya açıq şəkildə Rusiya hakimiyyətini, şəxsən isə Vladimir Putini ittiham edir: "Mən iddia edirəm ki, ərim Aleksey Navalnını Vladimir Putin öldürüb. Mən Rusiya xüsusi xidmət orqanlarını qadağan olunmuş kimyəvi və bioloji silahların hazırlanmasında günahlandırıram", - o, yazıb.
Navalnaya laboratoriyaları və beynəlxalq ictimaiyyəti sükutu pozmağa çağırıb: "Siz Putini susaraq dayandıra bilməyəcəksiniz. Ola bilsin, indi də kimsə onun əmri ilə istifadə olunan həmin zəhərin qurbanına çevrilir - təkcə Rusiyada yox, dünyanın istənilən yerində. Biz artıq bunun nümunələrini gördük".
Son anların faciəli mənzərəsi
Navalnının ölüm günü barədə təfərrüatlar da tükürpədicidir. Məlumatlara görə, fevralın 16-da o, güclü ağrılardan, qıcolmalardan və qusmadan əziyyət çəkib. Koloniya əməkdaşları isə təcili tibbi yardım çağırmaqda qəsdən 40 dəqiqədən çox gecikiblər.
Rəsmi sənədlərdə yalnız "ürək ritminin pozulması" və "xəstəliklərin kəskinləşməsi" qeyd olunsa da, şahid ifadələri və bədənindəki qançırlar başqa mənzərə yaradır. Həkimlərin sözlərinə görə, qıcolmalar və kəllə nahiyəsindəki qanaxma güclü zəhərlənməyə işarə edir.
Koloniyada 63 nəzarət kamerası olsa da, onun ölüm günü çəkilən görüntülər "möcüzəvi şəkildə yoxa çıxıb". Navalnaya isə hesab edir ki, bu kadrlar rəsmi versiyanı tamamilə alt-üst edə bilərdi.
Əvvəlki izlər və yeni blokada
Navalnının 2020-ci ildə "Noviçok" maddəsi ilə zəhərlənməsi artıq dünya ictimaiyyətinə məlum idi. Bu dəfə də oxşar simptomlar müşahidə olunub. Lakin Rusiyanın İstintaq Komitəsi 2024-cü ildə cinayət işi açmaqdan imtina edib, məhkəmələr isə ailənin şikayətlərini qəbul etməyib.
Yuliya Navalnaya hesab edir ki, Qərb ölkələri də "siyasi səbəblərdən" laboratoriya nəticələrini tam açıqlamır. Onun sözlərinə görə, bu, "narahat həqiqətin" ortaya çıxmasının qarşısını almaq üçün edilir.
Mübarizə davam edir
Navalnının dəfnindən sonra da həyat yoldaşı onun işini davam etdirməyə and içib. İndi isə yeni laboratoriya sübutları ilə o, həm beynəlxalq ictimaiyyəti, həm də jurnalistləri səsləyir: nəticələri dərc edin, günahkarların adlarını açıq söyləyin. Çünki Navalnayanın sözləri ilə desək: "Sükut yalnız qatillərin xeyrinə işləyir".